Samir Şərifov: Asiya
İnkişaf Bankının Rəhbərlər
Şurasının İllik
Toplantısına hazırlıq yüksək səviyyədə
gedir
Maliyyə
naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan
üzrə müdiri Samir Şərifov noyabrın 4-də
Bakıda səfərdə olan AİB-in prezidenti Takehiko Nakao
ilə görüşüb.
Maliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan Respublikası ilə
AİB arasında tərəfdaşlığın mövcud
vəziyyəti və daha da genişləndirilməsi,
Bankın Rəhbərlər Şurasının 2015-ci ilin may
ayında Bakıda keçiriləcək İllik
Toplantısına hazırlıq məsələləri
müzakirə olunub.
Samir
Şərifov AİB-in İllik Toplantısına
hazırlıq prosesinin yüksək səviyyədə
getdiyini və Azərbaycanın ev sahibi kimi üzərinə
düşən bütün vəzifələri uğurla
yerinə yetirəcəyini bildirib. Nazir qeyd edib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə son illərdə
ölkəmizin nail olduğu sürətli sosial-iqtisadi
inkişaf, mötəbər beynəlxalq tədbirlərə,
sammitlərə, konfranslara ev sahibliyi edən
respublikamızın bu sahədəki təcrübəsi, həmçinin
Bakı şəhərində yaradılmış müasir
infrastruktur bu cür mötəbər tədbirləri yüksək
səviyyədə keçirməyə imkan verir. S.Şərifov,
eyni zamanda, Azərbaycanın tranzit və logistika sahəsində
əlverişli imkanlara malik olmasının və
paytaxtdakı mövcud otellərin say və tutumunun da təşkilatçı
ölkə kimi iştirakçıları yüksək səviyyədə
qarşılamağa imkan yaratdığını
vurğulayıb.
Takehiko
Nakao tədbirə ev sahibliyi etməklə bağlı Azərbaycan
hökumətinin dəstəyini yüksək qiymətləndirdiyini
və Bankın Rəhbərlər Şurasının
Bakıda keçiriləcək 48-ci İllik
Toplantısının uğurlu olacağına əminliyini
ifadə edib. Qeyd olunub ki, toplantıya 3000-dən çox
iştirakçının, o cümlədən nazirlər və
digər hökumət rəsmilərinin, inkişaf tərəfdaşlarının,
özəl sektor nümayəndələrinin, alimlərin, vətəndaş
cəmiyyəti təşkilatlarının, gənclər və
media təmsilçilərinin qatılacağı gözlənilir.
Görüş
zamanı Azərbaycanın güclü inkişafı,
makroiqtisadi sabitlik, qeyri-neft sektorundakı dinamik artımı,
həmçinin səhiyyə, təhsil və su təchizatı
sektorlarında əldə olunan nailiyyətlər təqdir
olunub, dayanıqlı və əhatəli iqtisadi inkişafa
AİB-in necə dəstək verə biləcəyi barədə
fikir mübadiləsi aparılıb.
T.Nakao
bildirib ki, AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər
üzrə Ölkə Tərəfdaşlıq Strategiyası
respublikaya öz iqtisadiyyatını daha da şaxələndirməkdə
kömək edəcək.
1966-cı
ildə yaradılan AİB-in baş qərargahı Filippinin
paytaxtı Manila şəhərində yerləşir.
Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə
1999-cu il dekabrın 22-də üzv qəbul olunub.
Azərbaycan.-2014.- 5 noyabr.- S.4.