“Bakı-2015” ilə Fransanın “L’Equipe 21” televiziya
kanalı arasında yayım
haqqında saziş imzalanıb
Noyabrın
4-də “Bakı-2015” ilk Avropa Oyunları ilə Fransanın
“L’Equipe 21” televiziya kanalı arasında yayım haqqında
saziş imzalanıb.
“Bakı-2015”dən
AzərTAc-a bildiriblər ki, sazişə əsasən, ilk
Avropa Oyunları “L’Equipe 21” kanalı, eyni zamanda, onun
veb-saytı və mobil platformaları vasitəsilə Fransada
birbaşa yayımlanacaq. Telekanal “Bakı-2015” Avropa
Oyunlarının açılış və
bağlanış mərasimlərinin birbaşa
yayımını həyata keçirəcək. Eyni zamanda,
yarışlardan hər gün 5 saatlıq birbaşa
nümayiş və gündəlik ən maraqlı məqamların
axşam yayımını təmin edəcək.
“Bakı-2015”
Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar
üzrə baş direktoru Saymon Kleq deyib: “Bu saziş qitənin
hər yerində azarkeşlərin öz ölkələrinin
idmançılarının
çıxışlarını izləyə bilmələrinə
imkan yaradacaq. Biz Avropanın ən böyük dövlətlərindən
biri olan Fransanın “Bakı-2015” Oyunlarına təqribən
250 idmançıdan ibarət güclü komanda göndərəcəyini
gözləyirik. Fransadakı idman azarkeşlərinin evlərində
oturub bütün yarışları izləyəcəklərini
bilmək çox xoşdur. “L’Equipe 21” idman kanalıdır.
Kanalın “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək
elit idmançıları, eləcə də
yarışları yüksək keyfiyyətlə
nümayiş etdirəcəyinə inanırıq”.
“L’Equipe
21” televiziya kanalının baş meneceri Xavyer Spender isə
sazişlə bağlı fikirlərini bölüşərkən
bildirib: “Bakı-2015” Avropa Oyunları beynəlxalq idman təqviminə
mühüm hadisə kimi yazılacaq. Bu baxımdan birinci
Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyət
daşıdığımız üçün çox
şadıq. Bir idman tədbiri kimi bu, Oyunlara dünyanın hər
yerində böyük maraq oyadacaq. Fəxr edirik ki,
Oyunların Fransadakı bütün tamaşaçılar
üçün canlı yayımlanmasına öz töhfəmizi
verə biləcəyik”.
“L’Equipe
21” kanalı, həmçinin “Bakı-2015” Avropa
Oyunlarının başlanmasına 100 gün qalması ilə
bağlı xüsusi proqram yayımlayacaq. Fransa Milli Olimpiya
Komitəsinin nəşri olan “Esprit Bleu” da Avropa Oyunlarına
hazırlaşan idmançılar barədə həftəlik
hesabat təqdim edəcək.
Fransa
Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya deyib: “2012-ci ildən
media tərəfdaşımız olan “L’Equipe 21” kanalı ilə
“Bakı-2015” arasında azarkeşlərimizin birinci Avropa
Oyunlarını birbaşa izləmələrinə imkan
yaradacaq sazişin imzalanmasından çox məmnunuq.
“Bakı-2015” Avropa Oyunlarında yarışmaq
üçün güclü komanda göndərəcəyik.
Komandanın göstərəcəyi cəhdləri və əldə
edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin
birbaşa izləyə bilməsi yaxşı haldır”.
Əsası
1998-ci ildə əsası qoyulan və Fransa Milli Olimpiya Komitəsinin
rəsmi yayım tərəfdaşı olan “L’Equipe 21”
kanalı bütün il boyu idman nümayişlərini
birbaşa yayımlayır.
Azərbaycan.-2014.- 5 noyabr.- S.3.