Səfir İrfan Siddiq: Azərbaycan ilə Britaniya
arasında
əməkdaşlıq gələcəkdə
daha da inkişaf edəcək
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkəniz zəngin mədəni irsə malikdir. Təyinat məsələm həll olunarkən Bakıda işləyəcəyimi və yaşayacağımı, Azərbaycan xalqı ilə tanış olacağımı səbirsizliklə gözləyirdim. Artıq bir ildir ki, Azərbaycandayam. Bu müddətdə ölkənizin sürətli inkişafının şahidiyəm.
İkitərəfli münasibətlərə gəlincə, deməliyəm ki, Azərbaycanın Böyük Britaniya ilə əlaqələri yüksək səviyyədədir. Bu münasibətlər illər boyu mövcud olan səmərəli əməkdaşlıq sayəsində daha da inkişaf edib. İki ölkə arasında iqtisadiyyat, ticarət sahələrində güclü əməkdaşlıq mövcuddur. Azərbaycandan Birləşmiş Krallığa məhsulların ixracı artır. Ümid edirəm ki, bp və Azərbaycanda fəaliyyət göstərən digər Britaniya şirkətləri hələ uzun müddət hər iki tərəf üçün faydalı işlər görə biləcək. Təbii ki, Azərbaycanda ən iri sərmayə yatıran ölkələrdən biri olmaq Birləşmiş Krallıq üçün çox xoşdur. Böyük Britaniyanın Azərbaycan ilə dərin köklərə əsaslanın sıx tərəfdaşlığı var. Bir çox sahələrdə birgə maraqları paylaşan ölkələrimizin əməkdaşlığı gələcəkdə yeni istiqamətlərdə də davam edəcək.
- Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
- Ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq var. Bu əməkdaşlıq ticarət, təhsil və digər sahələrdə də əlaqələrimizin inkişafına müsbət təsir göstərib. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və bu, strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resurslarını Avropaya ixrac etməsi regionda davamlı inkişafa şərait yaradır. İqtisadi münasibətlər siyasi əməkdaşlıqla paralel olaraq daha da genişlənir. Lakin biz digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsində maraqlıyıq. Azərbaycanda infrastruktur, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları sahələri sürətlə inkişaf edir. Bu sahələrdə Birləşmiş Krallığın böyük təcrübəsi var. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu ilin əvvəllərində Londonda səfərdə oldu. Təbii ki, belə səfərlər tərəfdaşlıq üçün əlverişli zəmin yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan-Böyük Britaniya təhsil sərgisi keçirildi. Birləşmiş Krallığın 50-dən çox universitetinin nümayəndələri hər iki ölkə arasında mövcud olan əməkdaşlığı daha da inkişaf etdirmək üçün bu sərgidə iştirak etdi. Lakin biz metro, tikinti, kənd təsərrüfatı, su texnologiyaları sahələrində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Azərbaycan iqtisadiyyatının daha da inkişafı baxımından Britaniya şirkətlərinin ölkənizə cəlb olunması ilə bağlı danışıqlar aparılır. Əminəm ki, qarşılıqlı səfərlərin təşkili, fikir mübadiləsinin aparılması siyasi əməkdaşlığın inkişafına töhfələrini verəcək.
Azərbaycan qlobal enerji siyasətinin dəstəklənməsi, enerji təhlükəsizliyinin təmin olunması və şaxələndirilməsi baxımından zəngin təcrübəyə malikdir. Birləşmiş Krallıq bunu yüksək dəyərləndirir.
Mən Trans-Adriatik (TAP) boru kəməri layihəsinin əhəmiyyətini xüsusi qeyd etməliyəm. Avropa İttifaqına üzv ölkələr üçün vacib olan “Cənub” qaz dəhlizi layihəsi enerji təchizatının şaxələndirilməsi, ölkələrin enerji resurslarına tələbatının ödənilməsi istiqamətində töhfələrini verəcək. İnanıram ki, “Şahdəniz-2” və digər layihələr Britaniya şirkətlərini Azərbaycana daha çox sərmayə yatırmağa cəlb edəcək və bununla ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqda davam edəcək.
- Azərbaycanın Avropa institutları ilə əlaqələri barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Hesab edirəm ki, hər bir ölkə əməkdaşlığı inkişaf etdirmək üçün regiondakı tərəfdaşlarından faydalanmalıdır. Avropa qurumları ilə əməkdaşlıq qarşılıqlı hörmətə və bərabərliyə əsaslanır. Biz XX əsrin əvvəllərinə nəzər salsaq görərik ki, Avropa ölkələri bir-biriləri ilə münaqişədə olub. Bu, bir həqiqətdir ki, Avropada son dövrdə iqtisadi inkişaf, miqrasiya sahələrində ciddi problemlər müşahidə olunur. Lakin Avropa münaqişələri qitədən uzaqlaşdırmaqla ortaq dəyərləri və maraqları təmin edə bilir. Avropa İttifaqı daxilində müvəqqəti çətinliklər olmasına baxmayaraq, bu qurumun qəbul etdiyi inkişaf modeli Azərbaycan və ya digər ölkələrin bir-biriləri ilə tərəfdaşlığına şərait yaradır. Təbii ki, bu gün biz Azərbaycanın Avropanın bir çox ölkələri, eləcə də Avropa institutları ilə uğurlu əməkdaşlıq etdiyini görürük. Hazırda Azərbaycan öz yolu ilə uğurla irəliləyir. Avropa İttifaqı əməkdaşlığı inkişaf etdirmək üçün Şərq tərəfdaşlığında olan ölkələrə qonşuluq siyasətini təklif edir. Bu, Azərbaycana yeni imkanlar açır.
- Cənab səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Təbii ki, bu, çox ağrılı məsələdir. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Mən bu münaqişənin necə çətinliklər yaratdığını yaxşı başa düşürəm. Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllində irəliləyişlər görmək istəyir. Hesab edirəm ki, bu problem sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Regionda sülh, sabitlik təmin olunmalı və qorunub saxlanmalıdır.
- Azərbaycan haqqında təəssüratlarınızı öyrənmək istərdik.
- Azərbaycana gəlməmişdən əvvəl ölkəniz haqqında çoxlu məlumatlar oxumağa başlamışdım. Azərbaycanın zəngin və qədim tarixə malik ölkə olması haqqında xeyli məlumat əldə etdim. Ölkəniz həm də beynəlxalq tədbirlərin keçirildiyi məkandır. 2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. “Formula 1” avtomobil yarışı Bakıda keçiriləcək. Azərbaycan dünyada zəngin mədəni irsi, ədəbiyyatı ilə öz yerini tapıb. Müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda yaranıb, qadınlara seçib-seçilmək hüququ məhz burada verilib. Şərqdə ilk opera, teatr Azərbaycanda yaranıb. Bütün bunlar Azərbaycanın tarixinin nə qədər zəngin, potensialının nə dərəcədə güclü olduğunu göstərir. Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdi və ölkəniz haqqında geniş təsəvvürlər yarandı. Azərbaycan tolerant ölkədir. Ölkənizin təbiətinin gözəlliyini, iqlimin müxtəlifliyini xüsusi qeyd etmək istərdim.
- Bakıda asudə vaxtınızı necə keçirirsiniz?
- Əfsuslar olsun ki, işlərimin çoxluğu ilə əlaqədar Bakıdan kənara çox çıxa bilmirəm. Mən Naxçıvanda, Qubada, Qusarda olmuşam. Digər gəzməli-görməli yerlərə də səfər etmək niyyətindəyəm. Asudə vaxtımın çoxunu ailəmlə keçirirəm. Dənizkənarı Milli Park, ətrafdakı binalar çox gözəldir. Əminliklə deyə bilərəm ki, ölkənizin zəngin mədəniyyəti, tarixi və təbiəti Azərbaycanda çalışan hər bir əcnəbinin yaddaşında silinməz izlər qoyur.
Anar Rzayev
AzərTAc-ın müxbiri
Azərbaycan.-2014.- 5 noyabr.- S.6.