Zədəli gündəlikdən sətirlər...
Milli qəhrəmanlarımız
Elgiz Kərimov Qarabağ torpağında dünyaya göz açıb - Bərdədə böyüyüb boya-başa çatıb. Amma nə yaşadı ki - 21 il! Əslində onun igidliyi, mərdliyi, lap cəngavərliyi bu yaşın çərçivəsinə, ölçü-biçisinə sığmır. Arzuları, istəkləri daha böyük idi. Orta məktəbi bitirəndən sonra hər şey yarımçıq qaldı - müharibə ümidlərini zədələdi, düşmən niyyətlərinə tikanlı çəpər çəkdi...
Cəmi 18 yaşında müharibəyə yollandı - özü də könüllülər sırasında. İlk döyüş yolu Əsgəran yaxınlığından başladı. Xatirələrində yazır ki, 1992-ci ildə Əsgəran ətrafında şiddətli döyüşlər gedirdi. O yerləri az-çox tanıyırdım. Ona görə də döyüş dostlarıma həm bələdçilik edirdim, həm də ön cəbhədə gedən döyüşlərdə snayper kimi vuruşurdum. Naxçivanik uğrunda gedən döyüşlərdə düşmənlə üz-üzə qalmışdıq. Sıralarımızda xeyli seyrəklik yaranmışdı. Vəziyyət gərginləşirdi. Düşmən mühasirə vəziyyəti yaratmağa cəhd edirdi. Onda döyüş dostlarımı xilas etmək üçün etibarlı mövqe seçə bildim. O günün hər dəqiqəsi, hər anı ölüm-itimlə nəticələnə bilərdi. Düşmən ən kiçik səhvlərimizdən istifadə edib mövqe üstünlüyü qazanmağa can atırdı. Nə qədər gərginlik yaransa da, döyüş dostlarımızı mühasirədən xilas edə bildik. Bəlkə də həmin günün döyüş məqamlarını heç vaxt unutmayacağam. Ona görə ki, az qala bir batalyonu təhlükədən xilas etmişdik...
Bu sətirlərin, xatirələrin həyəcanı heç vaxt, heç vədə unudulmayacaq. Cəmi 21 yaşında bu anları yaşayan Elgiz Kərimov məğlubiyyətlə barışmaq istəmirdi. Ən sərt əməliyyatlarda çeviklik göstərir, düşmənə sarsıdıcı zərbələr endirirdi. Onun döyüş qabiliyyətinə, bacarığına, snayper sərrastlığına inanırdılar. Ona görə də ən çətin əməliyyatların yerinə yetirilməsinə cəlb edirdilər. Naxçivanik uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərir, dəfələrlə mühasirə vəziyyətini yara bilir...
Elgiz xatirələrində yazır ki, bir günün həyəcanını ömrüm boyu unutmaram. Şuşa səmasında sərnişin vertolyotuna atəş açılmışdı. Batalyona xəbər yayılmışdı ki, 43 nəfər günahsız adam öldürülüb. Bu xəbərin ağrısı məni çox sarsıtmışdı. Səhəri gün ad günüm olmalı idi. Döyüş dostlarım hazırlaşmışdılar ki, 20 yaşımı qeyd etsinlər. Qətiyyən razılaşmadım. Dedim ki, düşməndən qisas almayınca məni heç nə ovundura bilməz. Ən böyük təsəllim itirdiyimiz kəndlərin - yurdumun-yuvamın qisasıdır. Nə yaxşı ki, əhatəmdə olanlar mənim fikirlərimi düzgün dəyərləndirdilər. Həmin gün - 1992-ci ilin yanvar ayının 5-də, mənim ad günümdə güclü hücuma keçdik. Yaxşı xatırlayıram, həmin döyüşdə üç nəfər əsir götürmüşdük - ikisi erməni, biri rus. Onda maraqlandım ki, ermənilərin düşmən olduğunu bilirik. Bəs bu rus oğlan - Sergey haradan peyda olub? Onu xeyli sorğu-suala tutdum: - Heç utanmırsan? - dedim. Cavab verdi ki, utanmaq nədir, lap ölüb yerə girirəm. Bir şeytan oyununa tuş gəlmişəm. Yenə sorğu-sualı davam etdirdim: - Bəlkə səni satın alıblar, muzdla döyüşürsən? Qəti cavab verdi ki, yox ey, belə şeylər yoxdur. Dedim axı: - Şeytan oyunudur, - vəssalam.
Elgiz Kərimovun zədəli gündəliyini vərəqlədikcə çox mətləblərdən xəbərdar oluruq. O gündəlikdə qan izləri də var, qanlı xatirələr də... əcnəbilərin də cəlb olunduğu döyüşü əsl mübarizə yox, şeytan oyunu adlandırırdılar. Əsir düşəndə özləri deyirdilər ki, beynimizi zəhərləyiblər, yolumuzu azdırıblar, bizi şeytan oyununa qoşublar. Amma kim nə deyir desin, bu ədalətsiz müharibədə biz bu günə qədər cilidli şeytanla mübarizə aparırıq. Bizi sülh danışıqlarına cəlb etsələr də, bəzən şeytan cildinə girir, ikili standartlarla davranırlar. Bu davranış qaydaları, beynəlxalq prinsiplərin kobudcasına pozulması davam etsə də, hələ də sülh danışıqlarına ümidlə baxır, sonuncu inamımız tam öləziməyib. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktik baxımdan həll olunmayıb. Onun həlli beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə, onlar 20 ildən çoxdur ki, kağız üzərində qalır". Təbii ki, bütün bunlar yalnız ikili standartların nəticəsidir.
Elgiz Kərimov yaşadığı günlərin, apardığı mübarizənin, bir də ədalətli mübarizəsinin sabahına inanırdı. İnanırdı ki, bu itkiləri geri almaq üçün sonuncu gücümüzü, taqətimizi sərf edəcəyik. O ağır döyüşlərdə dəfələrlə yaralanmışdı, amma geri dönməmişdi. Deyirdi ki, mən Bərdəyə yalnız torpaqlarımızı işğaldan azad edən əsgər kimi qayıdacağam. Hər dəfə doğma kəndlərinə - anasına, atasına yazdığı məktublarda eyni ruhda - mübariz əhvalda olurdu. Amma düşmənə qarşı hər an amansız idi. Cəmilli uğrunda gedən ağır döyüşlərdə Elgiz yaralanmışdı. Döyüş dostları nə qədər çətin olsa da, onu nisbətən təhlükəsiz yerə apara bildilər. Yenə inadından dönmədi. Dedi ki, axıra qədər sizin sıralarınızdan ayrıla bilmərəm. Belə də oldu. Cəmi üç ay müalicə alandan sonra yenidən cəbhəyə qayıtdı, ən ağır döyüş əməliyyatlarında iştirak etdi.
Elgizin zədəli gündəliyindən sətirlər: "Yaxşı bilirdim ki, qarşı tərəfdə düşmənin güclü döyüş texnikası, əlavə qüvvələri var. Amma belə şeylərin xofu bizim döyüş ruhumuzu zərrə qədər də azaltmırdı. Ona görə ki, bir tərəfdən bizim halal haqqımız, doğma torpaqlarımız vardı, digər tərəfdən üzərində dayandığımız torpaq bizə güc-qüvvət verirdi. Bilirdik ki, öz halal haqqımızı qoruyuruq..."
Elgizin zədəli gündəliyini oxuduqca mərd oğullarımızın qeyrəti qarşısında baş əyir, onların ucalığı, yenilməzliyi ilə qürur duyuruq. Elgiz boy-buxunlu, cüssəli gövdəsi ilə seçilməsə də, əməlləri, əqidəsi və vüqarı ilə hamıdan uca görünürdü...
1992-ci il - sonuncu döyüş. Xankəndi ilə Əsgəran arasında başlayan bu döyüşdə Elgizin zərbələri düşmənə xeyli itki verir. Amma bu ağır mübarizənin sonunda özü də yaralanır. Amma bu dəfə heç bir yardım onun köməyinə çatmır. Dostları Elgizin sonuncu kəlməsini eşidirlər: "Məni ata ocağında - Bərdədə dəfn edin". Bunu deyəndən sonra gözlərini əbədi yumur...
Milli Qəhrəman Elgiz Kərimovun sonuncu vəsiyyətinə layiqincə əməl olundu. Oxuduğu məktəbə, yaşadığı küçəyə onun adını verdilər. Bu ad neçə-neçə nəslin yaddaşında əbədi yaşayacaq, torpaqlarımız düşmən tapdağından azad olanda Elgizin narahat ruhu şad olacaq. Gec də olsa arzularına, istəklərinə qovuşacaq. O, bu torpağı, el-obanı canından-qanından üstün tuturdu, böyük bir vətəndaş sevgisi ilə yaşayırdı. Elə qısa ömrünü bu əqidə, məslək yolunda fəda verdi. Özü də zərrə qədər tərəddüd etmədi. Əksinə, fəxr edirdi ki, ona həyan olan, övlad kimi ərsəyə gətirən adamları, el-obanı qoruyur. Bütün bunlar onun həyat kredosuna çevrilmişdi. Onun oxuduğu məktəbdə bir əmanət də qorunur. Elgizin ömür yolundan fraqmentləri əks etdirən zədəli gündəlik hələ çox oxunacaq. Ona görə ki, o sətirlərdə öyrənilməli, nəticə çıxarmalı çox mətləblər var. O, özü də inanırdı ki, həyatla vidalaşsa da, yarımçıq qalan arzuları, ümidləri mütləq göyərəcək. Bugünün sorağı gələcək nəsillərin mübarizəsindən, əməllərindən, niyyətlərindən çox asılıdır! Özü də lap çox!
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 5 noyabr.- S.7.