Seyidzadələr nəslinin iki qanadı

 

Xalqımızın fəxr etdiyi, adını uca tutduğumuz ziyalılardan biri də əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, milli kino sənətimizin inkişafında böyük xidmətləri olmuş, görkəmli ictimai xadim, diplomat, tərcümə məktəbinin banilərindən biri, xeyirxah əməllər sahibi Bağır Mirqasım oğlu Seyidzadədir.

B.Seyidzadə cəmiyyətə hər zaman nümunə olacaq bir ömür yaşamışdır. Tükənməz məhəbbət, unudulmaz xatirələr, saysız-hesabsız "sağ ollar" qazanmış, bütün varlığı ilə xalqına bağlı olmuş, mütərəqqi fikirləri, xeyirxah əməlləri, cəsarətli təşəbbüsləri ilə milyonların qəlbində unudulmaz izlər qoymuşdur. Müstəsna qayğıkeşlik, səmimiyyət, alicənablıq, nikbinlik onu ətrafdakılara doğmalaşdıran və sevdirən keyfiyyətlər olmuşdur.

Bağır Seyidzadə 1912-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda dünyaya gəlmişdir. Kiçik yaşlarından zəhmətə qatlaşan bu yeniyetmə 14 yaşında Bakıda toxuculuq fabrikində əmək fəaliyyətinə başlamışdır. Lakin oxumaq, savadlı olmaq fikri bu gənci bir an da olsun rahat buraxmamışdı. Ali təhsil almaq onun ən böyük arzusu idi. Elə bu həvəslə də Bağır Bakıda 1926-cı ildə axşam işçi fakültəsində (rabfak) oxumuş, gündüzlər isə fabrikdə işləmişdir. Dörd ildən sonra işçi fakültəsini müvəffəqiyyətlə bitirmiş və bir neçə ay "Kəndli" qəzetində korrektor işləmişdir. Kim bilir, bəlkə elə bu qəzet redaksiyasında çalışarkən onda jurnalistikaya, tərcüməçiliyə, yazıb-yaratmağa meyil yaranmışdı. Çünki o, sonralar müxtəlif təşkilatlarda işləsə də, son dayanacağı Azərbaycan Teleqraf Agentliyi olmuşdur.

...1930-cu ildə B.Seyidzadə Azərbaycan Sənaye İnstitutuna daxil olur, neft texnologiyası fakültəsində neft emalı sahəsində mühəndis-texnoloq ixtisası üzrə təhsil alır. İnstitutda oxuyarkən 1932-ci ildən "Gənc işçi" qəzetində tərcüməçi, buraxıcı, şöbə müdiri, məsul katib, redaktor müavini və redaktor işləyir.

1940-cı ildə Bağır Seyidzadə Azərbaycan Gənclər İttifaqı Komitəsinin üzvü, sonra təbliğat və təşviqat üzrə MK katibi və büro üzvü seçilir. 1943-1944-cü illərdə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin ikinci katibi olur. Həmin vəzifədə çalışarkən gənclərin tərbiyəsi, onların şəxsiyyət kimi formalaşması ilə bağlı böyük iş aparır.

İkinci Dünya müharibəsi başlanandan sonra B.Seyidzadə dəfələrlə döyüş bölgələrində olur, ədəbiyyat və incəsənət xadimlərinin əsgərlərlə görüşlərini təşkil edir. O, harada, hansı vəzifədə çalışırdısa, özünü bacarıqlı və prinsipial işçi, təcrübəli təşkilatçı kimi göstərirdi.

B.Seyidzadə uzun illər respublikada rəhbər vəzifələrdə olmuşdur. Moskvada ali diplomatiya kurslarını bitirdikdən sonra İranda (Cənubi Azərbaycanda), Makuda SSRİ-nin vitse-konsulu, sovet hərbi hissəsində komissar işləmiş, Təbriz şəhərində baş konsul vəzifəsini icra etmiş, bu çətin və mürəkkəb işin öhdəsindən bacarıqla gəlmişdir. Cənubi Azərbaycanda milli hökumətin qurulmasında böyük xidməti olmuşdur. Sonralar Bağır müəllim milli hökumətin ali mükafatı - "21 Azər" ordeni ilə təltif edilmişdir.

Təbrizdə konsulluq bağlandıqdan sonra B.Seyidzadə 1948-ci ilin dekabr ayında İrandan qayıdır. O, artıq Yaxın Şərq üzrə ixtisaslaşmış mütəxəssis kimi Türkiyəyə getməli idi. Lakin M.C.Bağırov belə qərara gəlir ki, Bağır Seyidzadə Azərbaycanda qalıb işləməlidir. Beləliklə, 1949-cu ilin fevral ayında o, Azərbaycan kinematoqrafiya naziri vəzifəsinə təyin olunur.

Bu elə bir dövr idi ki, hamı müharibənin törətdiyi fəsadları aradan qaldırmaqla, xalq təsərrüfatını bərpa etməklə məşğul idi. Təbii ki, ağır, çətin vəziyyət ölkədə kino işinin təşkilinə, kinolaşdırmanın yenidən qurulmasına öz mənfi təsirini göstərməyə bilməzdi. Respublikanın əksər kinoteatrlarında, xüsusilə rayon mərkəzlərində kino baxışlarının keyfiyyəti aşağı idi. Bir çox kənd və rayon kinoqurğularında ekran belə yox idi. Kinomexaniklər çatışmadığına, elektrik enerjisi olmadığına görə texnoloji avadanlıqlar işləmirdi. Kənd əhalisinə kino xidməti özbaşına buraxılmışdı. Kinematoqrafiya Nazirliyi yerlərdə kino şəbəkəsinin işindəki nöqsanları operativ olaraq aradan qaldıra bilmirdi.

Kinolent qıtlığı bütün ölkədə bədii filmlərin istehsalına imkan vermədiyi üçün Azərbaycanda əsasən sənədli filmlər çəkilirdi. İxtisaslı kadrlar çox az idi. Bədii filmlər üçün ssenarilər demək olar ki, yazılmırdı, yazılanlar da zəif olurdu. 1948-ci il martın 13-də "Sovetskoye iskusstvo" qəzeti (Moskva) respublikamızda istehsal olunan sənədli filmlərin keyfiyyətinin çox aşağı olması barədə "Bakı kinostudiyasında "yerli" və "ittifaq filmləri" başlıqlı tənqidi məqalə dərc etmişdi.

Belə bir vəziyyətdə respublikada kino işinə rəhbər təyin olunan B.Seyidzadənin əvvəlcədən bu sahəyə yaxından bələdliyi olmasa da, qısa vaxt ərzində nəinki kinematoqrafiya məsələlərini öyrənir, həm də problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir. O, ilk növbədə, əhaliyə kino xidmətini yaxşılaşdırmaq üçün şəhər və rayonlarda, hətta ən ucqar kəndlərdə belə kinolaşdırma işinə diqqəti artırır.

Azərbaycan K(b)P MK Bürosunun 1949-cu il aprelin 16-da keçirilən iclasında "Kinolaşdırmanın vəziyyəti və respublika əhalisinə kino xidmətinin yaxşılaşdırılması üzrə tədbirlər haqqında" məsələ müzakirə edilir, kinematoqrafiyaya yenicə nazır vəzifəsinə təyin olunmuş B.Seyidzadəyə tapşırılır ki, qısa müddətdə mövcud nöqsanları aradan qaldırmaq və respublikada kino işini yaxşılaşdırmaq üçün təcili tədbirlər görsün. Sonrakı illər göstərdi ki, kinematoqrafiya nazirinin səyi və bacarığı öz bəhrəsini verməyə başlamışdı: problemlər qısa müddətə yoluna qoyulmuş, işdə dönüş yaranmışdı.

Bağır Seyidzadənin kinoda işlədiyi dövrdə iş rejimi ağır idi. Amma başqa çarə yox idi. Çünki problemlər başdan aşırdı, onların öhdəsindən gəlmək lazım idi. Çətin də olsa, Bağır Seyidzadə bu işləri həvəslə görürdü.

Yeni nazirin üzərinə Bakı kinostudiyasında filmlərin istehsalında dönüş yaratmaq vəzifəsi də qoyulmuşdu. Bağır müəllim nazir olduğu dövrdə Bakı Kinostudiyasında Bakı neftçilərinin fəaliyyətindən bəhs edən "Bakının işıqları" bədii, müxtəlif mövzularda istehsal olunmuş "Böyük yol", "Hədiyyə xalçası", "Quba bağlarında", "Tərtərçay vadisində", "Mingəçevir", "Sovet Naxçıvanı", "Yeni həyat qurucuları", "Əməyə eşq olsun!", "Gədəbəyin sərvəti", "Abşeronun ocaqları", "Səhər nəğməsi", "Sovet Azərbaycanı", "Azərbaycanın müalicə ocaqları", "Elmlə dostluq şəraitində", "Arazın sahillərində", "Gözlərinizi qoruyun", "Xəzər neftçiləri haqqında dastan" və s. sənədli və elmi-kütləvi filmlər yaradılmışdır.

 "Sovet Azərbaycanı" sənədli filmini 1950-ci ildə rejissorlardan M.Dadaşov və F.Kiselyov lentə almışdılar. Bu kino-hekayəti respublikamızın iqtisadi-mədəni quruculuğundan bəhs edirdi. Filmdə zəngin tarixi keçmişimizin ayrı-ayrı səhifələri, tanınmış əmək adamlarının fədakarlığı öz əksini tapmışdır.

Həmin filmin siyasi əhəmiyyəti nəzərə alınaraq hazırlıq dövründən ekrana buraxılana kimi B.Seyidzadənin nəinki nəzarəti altında olmuş, həm də bütün təşkilati məsələlərin operativ həll olunmasında rejissorlara lazımi köməyi əsirgəməmişdir.

1951-ci ildə Fransanın Kann şəhərində keçirilən IV Beynəlxalq Kinofestivalında Azərbaycan kino tarixində ilk dəfə olaraq "Sovet Azərbaycanı" sənədli filminə elmi- kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin xüsusi mükafatı verilmişdir. Bu xəbərlə bağlı Bakı Kinostudiyasında keçirilən yığıncaqda filmin uğur qazanmasında B.Seyidzadənin əməyi xüsusi qeyd edilmişdir.

Uzun illər keçəndən sonra belə görkəmli rejissor Muxtar Dadaşov Bağır Seyidzadə haqqında, onun bacarıqlı rəhbər və gözəl insan olmasından maraqlı xatirələr söyləyirdi.

"Xəzər neftçiləri haqqında dastan" tammetrajlı sənədli-bədii film 1953-cü ilin istehsalı olsa da, onun çəkiliş üçün plana salınması və çəkilişin başlaması Bağır müəllimin nazir olduğu dövrə təsadüf etmişdir. Dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edən 6 hissəli film B.Seyidzadənin gündəlik nəzarəti altında olmuşdu. O, təşkilati məsələlərin həllində yaradıcı qrupa əlindən gələn köməyi etmişdir.

Filmin rejissor, operator və ssenaristi dünya şöhrətli sənətkar Roman Karmen idi. Azərbaycan tərəfdən filmin ərsəyə gəlməsində ssenarist İmran Qasımovun, operator Cavanşir Məmmədovun, bəstəkar Qara Qarayevin, səs operatoru Ağahüseyn Kərimovun, ikinci rejissor Məmməd Əlilinin, operator assistenti Kazım Həsənovun xidmətləri xüsusi qeyd olunmalıdır. Filmin mahnılarını isə  Rəşid Behbudov ifa etmişdir.

Bu sənədli-bədii film ekranlarda göstəriləndən sonra böyük uğur qazandı. Bundan ruhlanan yaradıcı qrup 1959-cu ildə Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kino-hekayə olan "Dənizi fəth edənlər" adlı irihəcmli film yaratdı.

1960-cı ildə "Xəzər neftçiləri haqqında dastan" və "Dənizi fəth edənlər" sənədli-bədii filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü Lenin mükafatına (sovet dövründə bu, ən yüksək mükafat hesab olunurdu) layiq görülmüşdür.

B.Seyidzadə harada işləməsindən asılı olmayaraq, həmişə prinsipial olmuş, özünü təcrübəli təşkilatçı kimi göstərmişdir. Azərbaycanda poliqrafiya-nəşriyyat işinin inkişafına böyük töhfələr vermiş, Poliqrafiya və Nəşriyyat İdarəsini yaradanlardan olmuş və bu idarəyə uzun illər başçılıq etmişdir. Sonralar həmin idarə Mədəniyyət Nazirliyinə tabe edildiyinə görə Bağır müəllim 1958-ci il iyunun 3-də mədəniyyət nazirinin müavini vəzifəsində işləmişdir. O vaxt mədəniyyət naziri Abdulla Bayramov, nazir müavini Məmməd Qurbanov idi. Məmməd müəllim teatrlarla, Bağır müəllim isə mətbuat və kino işi ilə məşğul idi.

Onu da xüsusi qeyd etmək lazımdır ki, "Xəzər neftçiləri haqqında dastan" kimi 1959-cu ildə istehsal olunmuş "Dənizi fəth edənlər" tammetrajlı sənədli-bədii filmi də Bağır Seyidzadənin adı ilə bağlıdır. Birinci film Bağır müəllim kinematoqrafiya naziri, ikinci film mədəniyyət nazirinin müavini olarkən çəkilmişdir.

Ötən əsrin 50-ci illərinin sonlarında B.Seyidzadə sovet kinosunun canlı əfsanəsi Roman Karmeni Bakıya dəvət edir və ona "Xəzər  neftçiləri haqqında dastan" filminin ardını çəkmək təklifi verilir. Təklif məmnuniyyətlə qəbul olunur və əvvəlki çəkiliş qrupu işə başlayır.

"Dənizi fəth edənlər" adlanan 6 hissəli ikinci sənədli-bədii film açıq dənizdə, çətinliklərə mərdliklə sinə gərən neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından - ilk  kəşfiyyatçılardan əmək estafetini qəbul edən  neftçilərin yeni nəsli haqqında bəhs edir.

Film 1959-cu ildə ekranlara buraxılandan sonra həmin il I Moskva kinofestivalında filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş medal verilmişdir.

Bu filmin çəkilişi ilə bağlı maraqlı və bir qədər də qəribə bir faktı xatırlamaq yerinə düşərdi. Yaradıcı qrup Neft Daşlarında çəkilişə hazırlaşarkən neftçilər xəbər verirlər ki, anbaan fırtına başlaya bilər. Çəkiliş aparmaq çox təhlükəlidir. Amma nə fırtına, nə də dəniz təlatümü dünyanın od-alovundan çıxmış R.Karmeni işindən çəkindirə bilməzdi. Roman Lazareviç həmkarlarına müraciətlə: "Çəkirik, uşaqlar?" - səsləndiyi an arxadan kimsə ucadan dedi: "Əlbəttə, çəkirik!". Hamı arxaya çevriləndə qarşılarında mədəniyyət nazirinin müavini Bağır Seyidzadəni görür. Bu gözlənilməz hadisədən kino işçiləri əvvəlcə çaşbaş qalırlar. Belə bir havada nazir müavini bura necə gəlib çıxıb? - deyə heyrətlənirlər. Amma hamı onun gəlişinə sevinir.

Çətinliklə də olsa çəkiliş aparıldı. Hər şey yaradıcı qrupun ürəyincə oldu. Bu hadisənin iştirakçısı olan Məmməd Əlili sonralar deyirdi ki, həmin çəklişdə hamımızdan çox sevinən Bağır müəllim idi.

B.Seyidzadənin ixtisası neft emalı üzrə texnoloq olsa da, yazıları göstərirdi ki, o, həm də gözəl jurnalistdir. Hələ tələbə ikən jurnalistikada ilk addımlarını atmışdı. Sonralar bu sahə B.Seyidzadənin həyat amalına çevrilmişdi. İstedadlı jurnalist olaraq o, qısa vaxt ərzində respublikamızda qəzet-nəşriyyat işinin bilicisi kimi tanınmışdı. Sonra tale onu Azərbaycan radiosuna gətirib çıxarmışdı, bir müddət burada işləmişdi.

Bağır Seyidzadə ömrünün son illərində, 1963-cü ildən beş il ərzində Azərbaycan Teleqraf Agentliyində (indiki AzərTAc) sədr müavini vəzifəsində çalışdı, eyni həvəslə jurnalist və tərcüməçilik fəaliyyətini davam etdirdi. Yüksək səviyyəli, peşəkar tərcüməçi idi. AzərTAc-ın sədri Qurviç B.Seyidzadəni sərrast tərcüməçi adlandırırdı. Çünki o, materialları sinxron tərcümə edirdi. Bir çox xarici dil, o cümlədən fransız dilini bilirdi. B.Seyidzadə "Görkəmli adamların həyatı" silsiləsindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə etmişdi.

O, mədəniyyət sahəsindəki xidmətlərinə görə "Azərbaycanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, bir sıra medallarla təltif edilmişdir. Bağır müəllim yaradıcılığının ən məhsuldar dövründə, 56 yaşında vəfat etmiş və Bakıda Fəxri xiyabanda torpağa tapşırılmışdir.

Ensiklopedik biliyə malik olan Bağır Seyidzadə gözəl insani kefiyyətləri, yüksək ziyalılığı, dostluğa sədaqəti ilə hamının dərin hörmətini qazanmışdır. O, 56 il yaşasa da, bu ömür yolu böyük bir epoxanı əhatə etmişdir. XX əsrin əvvəllərinin təlatümləri, deportasiyalar, 1937-ci ilin repressiyaları, haqsız təqiblər, həmçinin qazanılan böyük uğurlar məhz bu illərdə baş vermişdir. Elə buna görə də 56 illik jurnalist, diplomat, nazir, tərcüməçi ömrü bir əsrin çərçivəsinə sığmayan bu olayların içərisində olmuş, ağrı-acısını yaşamışdır. O zaman sərt rejim altında işləmək, hansısa bir sahəyə rəhbərlik etmək, həm də uğur qazanmaq heç də asan məsələ deyildi. Bu, böyük bir məsuliyyət, cavabdehlik tələb edirdi. Bağır Seyidzadə bunların hamısının öhdəsindən bacarıqla gəlmişdir. Onu tanıyanlar bu gözəl insanı daim hörmət və ehtiramla, dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

 

Aydın KAZIMZADƏ

 

Azərbaycan. - 2014.- 6 noyabr.- S. 6.