Alıcıların rəğbətini qazanan «Ləzzət broyler» istehsalı artırır

 

Azad sahibkarlığın inkişafı ümummilli lider Heyder Əliyevin daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, ulu öndər ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Elə ümummilli lider tərəfindən ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və etibarlı müdafiəsi üçün çox mühüm proqramların qəbul edilməsi, fərman və sərəncamların imzalanması bu gün də özəl sektorun inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələr kimi, bu sahə də ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu diqqət və qayğı muxtar respublikada da azad sahibkarlığın inkişafında özünü göstərir.

Bunun nəticəsidir ki, təkcə 2014-cü ilin ilk 9 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlara banklarkredit təşkilatları tərəfindən 41 milyon manatdan çox kredit verilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faiz təşkil etmişdir. Özəl bölmənin inkişafı ayrı-ayrı sahələrdə olduğu kimi, əhalinin tələbatının yerli istehsal hesabına yüksək keyfiyyətli məhsullarla təmin olunmasına da şərait yaratmışdır. Belə ki, hazırda muxtar respublikada yeni yaradılmış və ya fəaliyyəti bərpa olunmuş müəssisələrdə 116 növdə ərzaq, 234 növdə qeyri-ərzaq olmaqla ümumilikdə 350 növdə məhsul istehsal olunmaqdadır. Yaradılmış müəssisələrdə 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla ümumilikdə 336 növ mallara olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

Bu baxımdan Ali Məclis Sədrinin 17 sentyabr 2007-ci il tarixdə imzaladığı sərəncamla təsdiq olunan "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı  təminatına dair Dövlət Proqramı" da mühüm rol oynayır.

Daxili bazarı yüksək keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də 2011-ci ilin noyabr ayında yaradılan "Ləzzət broyler" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılmışdır.

Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün 5 sex inşa olunmuşdur ki, onlardan biri 30 min, qalan dördünün isə hər biri 20 min baş quş tutumuna malikdir. Həmin sexlərdə Türkiyənin "Tavsan" firmasının istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmış, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilmiş, isitmə və soyutma sistemi yaradılmışdır. Quşların bəslənməsi üçün qarışıq yem "Gəmiqaya Holdinq" Şirkətlər İttifaqının qarışıq yem istehsalı müəssisəsindən, inkubator cücələri isə "Araz-3" MMC-dən alınır.

Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət olunur. Quşların kəsimi və paketlənməsi üçün də lazımi şərait yaradılmışdır. Hacıvar kəndində ayrılmış ərazidə istehsal sahələri, müxtəlif temperatura malik ayrı-ayrı soyuducu anbarlar, otaqları və yeməkxana tikilib istifadəyə verilmiş, Türkiyə Respublikasının "Alberk" makina firmasından alınmış, istehsal gücü saatda 1500 baş quş olan tam avtomatlaşdırılmış istehsal xətti istifadəyə verilmişdir. Kərimbəyli kəndindəki quşçuluq təsərrüfatının tikintisinə 569 min 883 manat, avadanlıqların alınmasına 174 min 861 manat, Hacıvar kəndində fəaliyyət göstərən kəsim və paketləmə istehsalı sahəsinin tikintisinə 543 min 568 manat, avadanlıqların alınmasına 675 min manat vəsait sərf olunmuşdur. Ümumilikdə müəssisənin tikintisinə və texnoloji avadanlıqların alınmasına 1 milyon 963 min 333 manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 50 min manatı Sahibkarlığa Kömək Milli Fondundan, 913 min 333 manatı isə daxili imkanlar hesabına ödənilmişdir.

Sanitar-gigiyenik qaydalaratexnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət olunur. Quşların kəsilməsi əl ilə aparılır, 6 mərhələdə təmizləmədən sonra quş əti çeşidlənərək 8 çeşiddə "Ləzzət broyler" əmtəə nişanı vurulmuş xüsusi paketlərə yığılır. Hər bir paketin üzərində toyuq ətinin çəkisi, istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir. Sonrakı mərhələdə isə məhsul hər birinin tutumu 5 ton olan 2 ədəd xüsusi soyuducuda 8 saat müddətində mənfi 35 dərəcə temperaturda dondurulur və hər birinin tutumu 40 ton olan 3 ədəd soyuducuda saxlanılır. Buradan isə sifarişə uyğun ayrı-ayrı ticarət obyektlərinə yola salınır. Satışa çıxarılan toyuq əti alıcılar tərəfindən rəğbətlə qarşılanır. Ayrı-ayrı ticarət şirkətlərindən alınan sifarişlər dadı-tamı ilə seçilən bu yerli məhsula tələbatın çox olduğunu göstərir.

"Ləzzət broyler" MMC-nin fəaliyyətə başlaması daxili bazarı yüksək keyfiyyətli quş əti ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamışdır. Müəssisədə normal şəraiti yaradılmış, işçilər xüsusi geyim formaları, yüksək əməkhaqqı və servis xidməti ilə təmin olunmuşlar. Muxtar respublikada daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, həyata vəsiqə alan yeni müəssisələrdən biri - "Ləzzət broyler" Məhdud Məsuliyyətli Cəmiyyəti az vaxtda öz məhsulları ilə alıcıların rəğbətini qazanmışdır.

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 6 noyabr.- S. 7.