Bakı Metropoliteni ən
yüksək standartların tətbiqi erasına keçir
8 noyabr Bakı Metropoliteni
işçilərinin peşə bayramı günüdür
Azərbaycan
iqtisadiyyatının özünəməxsus modelinin daha bir
nümunəsi 2014-cü il fevralın 27-də
ölkə başçısının sərəncamı
ilə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti"
Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə
səhmləri dövlətə məxsus "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması oldu. Elə həmin gün
növbəti sərəncamı ilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Zaur Mir
Tofiq oğlu Hüseynovu "Bakı Metropoliteni" QSC-nin sədri
təyin etdi.
Metropolitenin qapalı statuslu səhmdar cəmiyyətə
çevrilməsi zamanın tələbi idi. Çünki
təşkilatın bazar iqtisadiyyatının əsas tələblərinə
cavab verməyən əvvəlki formatının daha
çevik variantla əvəzlənməsinə ehtiyac
yaranmışdı. Eyni zamanda, 2011-ci ildə
imzalanmış sərəncamlarla başlayan böyük
inkişaf perspektivini əngəlləyə biləcək səbəblər
vaxtında aradan qaldırılmalı idi. Axı,
qarşıdakı 20 il ərzində nəzərdə
tutulmuş inkişaf planına əsasən, yeraltı dəmiryol
xətlərinin ümumi şəbəkəsinin 2 mövcud və
3 əlavə yeni xətdən ibarət olması müəyyənləşdirilib,
depoların sayı 5-ə, stansiyaların sayı 76-ya
çatdırılmalı, xətlərin ümumi uzunluğu
119 kilometr olmalıdır. Bir sözlə, 53 yeni stansiya, 4 yeni
depo və 84,3 kilometr metro xətləri
inşa edilməlidir. Buna görə inkişaf
sürətlə aparılmalı və ən müasir
standartlara uyğun texnologiyalar tətbiq edilməlidir. İndi metronun inkişafı ilə bağlı
bütün məsələləri vahid mərkəzdən
kompleks şəklində idarə etmək və yönəltmək,
eyni zamanda dünya təcrübəsinin ən yaxşı
nümunələrini birbaşa və maneəsiz tətbiq etmək,
sosialyönümlü qərarları rahatlıqla vermək
mümkün olacaq.
Yeni
infrastrukturun yaradılması ilə bağlı verilmiş qərardan
ötən 9 aya yaxın müddət bunu nümayiş etdirir. 9 ay böyük işləri həyata keçirmək
üçün çox qısa müddət olsa da, ölkə
başçısı İlham Əliyevin verdiyi konkret
tapşırıq və tövsiyələrə uyğun
olaraq, prinsipial mahiyyət yenilikləri edilərək, bu
gün metropolitenin sabit inkişafı üçün zəmin
yaradılıb. Bu xüsusda həm
iqtisadi, həm də sosial tədbirlərin həyata
keçirilməsi baxımından ötən 9 ay ərzində
metropolitenin fəaliyyətində iki vacib istiqamət
qabarıq şəkildə özünü büruzə
verir. Bunlardan birincisi, texnoloji innovativ yeniləşmənin
sürətləndirilməsi, ikincisi sosial əsaslı tədbirlərin
dərinləşdirilməsidir. Onların
hər birini xüsusi qeyd etmək lazımdır.
Metropolitenin inkişafı dedikdə, əlbəttə,
ilk növbədə metro tikintisindən də söz
açmaq lazımdır. "Bu gün yeni
texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda,
Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir.
Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm
işlərin daha da böyük səmərə ilə
görülməsinə xidmət göstərəcək, həm
də maksimum keyfiyyət təmin olunacaqdır" deyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən biri hazırda
metronun həm tikintisində, həm də istismarında ən
müasir və qabaqcıl texnologiyaların tətbiqidir.
Məlumdur ki, birinci Dövlət Proqramının icra
dövründə yeni Bənövşəyi xəttin ilk 5
stansiyası təhvil verilməlidir. Əvvəlcə, xəttin
ilk iki stansiyası - "Avtovağzal" və şərti adı
"Memar Əcəmi-2" olan stansiyaları, sonrakı
dövrdə isə digər 3 stansiyası istismara veriləcək.
Xəttin inşası zamanı metropolitendə ilk dəfə
müasir tunelqazma qurğularının tətbiq edilməsi məlumdur.
Məhz bunun sayəsində qarşıya
qoyulan vəzifənin sürətlə yerinə yetirilməsinə
xüsusi təkan verilib. Stansiya tikintisində
yeni metod və üsullar artıq özünü tam
doğrultmuş sayıla bilər. "Memar
Əcəmi-2" stansiyasında tətbiq edilən
"Qruntda divar" üsulu iqtisadi səmərəsi ilə
yanaşı, sosial mahiyyəti, texniki özəllikləri və
uyğunluqları ilə də seçilir, ekoloji
üstünlükləri ilə fərqlənir. Bu kimi tədbirlər və yeniliklər gələcəkdə,
yerindən və şəraitindən asılı olaraq, hər
bir stansiyada tətbiq olunacaq.
Artıq yeni düşüncə tərzinin, müasir
dünya standartlarının tələblərinə cavab verəcək,
bu gün üçün ən yüksək təhlükəsizlik
və sərnişin rahatlığı meyarlarının təmin
olunduğu stansiyaların istifadəyə verilməsinə
çox müddət qalmayıb. İstər
"Avtovağzal", istərsə də "Memar Əcəmi-2"
stansiyalarında tikintinin əsas mərhələsi yekunlaşıb,
quraşdırma və təchizat məsələləri
uğurla davam etdirilir. Stansiyalarda müasir
eskalator sistemləri ilə yanaşı,
"Avtovağzal"da ilk dəfə uzun dəhlizləri,
keçidlərdə hərəkəti asanlaşdıracaq
travolatorlar tətbiq ediləcək. Onların
quraşdırılması başa çatdırılıb.
Yeni xətlərdə sosial ədalət prinsiplərinin
təmin edilməsi nəzərə alınaraq, əlillər
və fiziki qüsurlu vətəndaşların istifadəsi
üçün nəzərdə tutulmuş liftlər
quraşdırılır. Bu təcrübəni
nəzərə almaqla, ölkə
başçısının tövsiyələrinə
uyğun olaraq, əlillərin mövcud stansiyalardan da rahat
istifadə etməsi üçün çıxış
yollarının araşdırılmasına
başlanılıb.
Yeni stansiyalarda təhlükəsizlik məsələləri
optimal səviyyədə həll ediləcək, sərnişin
rahatlığı mümkün qədər yüksək səviyyəyə
çatdırılacaq. Bu məqsədlə istər stansiyalarda,
istərsə vaqonlarda kondisionerləşdirmənin tətbiqi,
mikroiqlim sistemləri, havalandırmanın yeni metodlarından
istifadə olunması nəzərdə tutulub.
Metropoliten tarixində ilk dəfə müasir
yanğın təhlükəsizliyi sistemləri tətbiq ediləcək. Onlar texniki imkanları ilə
seçilməklə yanaşı, həm də yanğın
siqnalizasiyası rolunu oynayaraq, xəbərdaredici vasitə
kimi, məlumatlandırma, eyni zamanda, təxliyənin daha
sürətlə aparılması və s. kimi
üstünlükləri ilə seçiləcək.
Əlbəttə, ən vacib məsələlərdən
biri məhz sərnişinlərin metropolitendən rahat istifadə
etməsini təmin edən vasitələrin tətbiqidir. Bu mənada, hətta, ilk dəfə
metrodan istifadə edən sərnişinin səmti asanlıqla
müəyyən etməsini, bir sıra informasiyalarla
tanışlığını və s. nəzərdə
tutan vasitələrlə təchizatı mühüm yer tutur.
Bu və digər informasiya təyinatlı
elektron və digər vasitələrin tətbiqi geniş
miqyasda təmin ediləcək.
Birbaşa əlaqəsi olmadığından sərnişin
üçün bir qədər maraqlı görünməsə
də, əlbəttə, yeni xətlər və
stansiyaların idarəetməsi də çox vacibdir. Metropolitendə
qurulacaq SCADA sistemləri bu mənada son nailiyyətlərdən
sayılır və onun ən son modellərinin tətbiqi
üzərində işlərə başlanılıb.
Bununla əlaqədar məşhur
"Thales" şirkəti ilə müqavilə
imzalanıb. Bu sistemlər müasir proqramlaşdırma
imkanları ilə stansiyada bütün şəbəkənin
idarəetməsinin vahid mərkəzdə cəmlənməsinə
kömək edir. Bu isə həm də
işin təşkili və yönləndirilməsini
asanlaşdırır, sərnişinlərə xidmət səviyyəsini
artırmağa kömək edir, həmçinin
avadanlıqlara texniki xidməti yüksək standartlar səviyyəsinə
qaldırır.
İdarəetmə sistemlərindən söz
düşmüşkən, metropoliten üçün ən
vacib sahə olan qatarların hərəkətinin təşkili
və idarə olunmasını qeyd etmək lazımdır. Onlar da
mövcud sistemlərdən əsaslı şəkildə fərqlənəcək.
Qatarların hərəkətinin idarəetməsi
və ona nəzarət sistemləri müasir elmin ixtirası
olan radiokanal idarəetməsi ilə təşkil ediləcək.
CBTC adlanan bu sistemlər qatar hərəkətinin
təhlükəsizliyi ilə yanaşı, intervalın ən
optimal həddə çatdırılmasını, gələcəkdə
idarəetmə təhlükəsizliyinin ən yüksək həddi
sayılan maşinistsiz idarəetməni də təmin edəcək.
Bu sistemlərin quraşdırılmasını
da "Thales" şirkəti təmin edəcək.
Bu il mayın 12-də Fransa Prezidentinin Azərbaycana
rəsmi səfəri çərçivəsində
keçirilən Azərbaycan-Fransa biznes forumu "Bakı
Metropoliteni" QSC üçün də əlamətdar oldu.
Forum çərçivəsində metropoliten
Fransanın müxtəlif şirkətləri ilə 5
anlaşma memorandumu imzalayaraq, onlarla gələcək əməkdaşlığın
təməlini qoydu. Bu memorandumlar əsasında, "Thales"
şirkəti ilə metropolitendə müasir idarəetmə
sistemlərinin tətbiqi ilə bağlı əməkdaşlıq
yüksək səviyyədə təşkil edildi.
Vaqonlar
müasir standartlarla seçilməsə, metropolitenin yeni xətlərdə
həyata keçirdiyi
yeniliklər natamam olar. Xəttin yeni
tipli vaqonlarla təchizatını da Fransa şirkəti yerinə
yetirəcək. Artıq məşhur vaqon
istehsalçısı "Alstom"la müqavilə
imzalanıb. Qeyd edək ki, Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına əsasən,
yeni xətlərdə stansiyaların platformalarının
uzunluğu 7 vaqon üçün və ya 144 metr nəzərdə
tutulub. Yeni xətlərdə istismar olunacaq qatarlar ən
yüksək və təhlükəsiz idarəetmə tələblərinə
cavab verməsi ilə seçiləcək. Vaqonlarda müxtəlif
sosial qruplardan olan sərnişinlərin maraqlarını təmin
edəcək, müasir informasiya sistemləri ilə təchiz
edilməklə yanaşı, həm də əlil arabaları üçün
yerlər də ayrılacaq. Beləliklə,
metropolitendə əhalinin bu sosial qrupunun maraqları yeni xətlərin
stansiyalarına daxil olandan onları tərk edənə qədər
tam təmin edilmiş olacaq. Bundan savayı, bu vaqonlar
kondisionerləşdirilməsi, mikroiqlim təminatı,
havanın təmizlənməsi, germetikliyi və s.
üstünlükləri ilə seçiləcək.
Əlbəttə, təkcə yeni xətlər deyil,
dövlət proqramına uyğun olaraq, mövcud xətlərin
inkişafı da unudulmayıb. Proqramın icra
olunacağı müddətdə Yaşıl xəttin daha 3
stansiyasının inşası da planlaşdırılıb.
Hazırda şərti adı "Həzi
Aslanov-2" olan stansiyanın, eləcə də Köhnə
və Yeni Günəşli qəsəbələri istiqamətindəki
tunellərin qazıntısı aparılır. Bir sözlə, qarşıdakı illərdə iki
xətt üzrə, ən azı 8 stansiya istismara veriləcək.
15 oktyabr
2014-cü il tarixində "BOUYGUES TRAVAUX
PUBLİCS, LLS" ilə "Bakı Metropoliteni" QSC
arasında "28 May" stansiyasında yeni tunelin tikintisi
(Qırmızı və Yaşıl xətlərin
ayrılması) işlərinin görülməsi ilə
bağlı müqavilə imzalanıb. Qeyd edək ki,
Qırmızı xətlə ("Həzi Aslanov" -
"İçərişəhər" stansiyaları
arası) Yaşıl xətt ("Dərnəgül" -
"Xətai" stansiyalaı arası) "28 May"
stansiyasında kəsişir və bu da öz növbəsində
qatarların hərəkət təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni
zamanda qatarlar arası intervalın azaldılmasına xidmət
edəcək. Nəzərə alaq ki, "Həzi
Aslanov" stansiyasından hərəkət edən qatarlardan
biri "İçərişəhər", digəri isə
"Dərnəgül" istiqamətinə hərəkət
edir. Bu baxımdan "Həzi
Aslanov" - "28 May" stansiyaları arasında hərəkət
intervalı 2 dəqiqə olsa da, bu özünü "28
May" - "Dərnəgül" stansiyaları arasında
4 dəqiqə olaraq göstərir. Xətlərin
ayrılmasından sonra isə "28 May" - "Dərnəgül"
mənzilində hərəkət intervalını 2 dəfə
azaltmaq imkanı yaranacaq.
Xətlərin ayrılması ilə yanaşı, sovet
dövründən metropolitenin həllini gözləyən
problemlərin aradan qaldırılması istiqamətində əsaslı
layihələrin həyata keçirilməsi də nəzərdə
tutulur. Bu mənada dərin özüllü stansiyaların
ikinci giriş-çıxışlarının istifadəyə
verilməsi xüsusi əhəmiyyətə malikdir. 2009-cu ildə ölkə
başçısının iştirakı ilə
açılmış "28 May" stansiyasının ikinci
giriş-çıxışından sonra daha birinin də
istismara verilməsi istiqamətində fəal işlər
aparılır. Sərnişin
sıxlığı baxımından seçilən "Elmlər
Akademiyası" stansiyasının ikinci-giriş
çıxışı fərqli inşaat üsulunun tətbiqi
ilə aparılır. Burada əsas
yeraltı inşaat işləri demək olar ki, tamamlanıb.
Qalan mərhələdə vestibülün və
giriş-çıxışların inşası və təchizat
işləri görüləcək.
Tikinti mövzusunun davamında metropolitençilər
üçün böyük əhəmiyyət kəsb edən
yeni texnoloji korpusun istismara verilməsi xüsusi qeyd edilməlidir. Bu korpus
metropolitenin müxtəlif xidmət və sahələrinin
işini vahid mərkəz prinsipi ilə qurmağa şərait
yaradıb. O, xətlərin fəaliyyətinin təmin
edilməsi ilə bağlı bütün sistemlərin, o
cümlədən hərəkətin təşkilini və
digər funksional sahələrin mərkəzləşmiş
qaydada idarə olunmasını, fərqli dispetçer mərkəzləşməsini
tətbiq etməyə imkan verəcək. Mövcud,
inşa olunan və gələcəkdə tikintisi nəzərdə
tutulmuş xətlərin hər birinin müstəqil idarə
olunması üçün bütün lazım olan şərait
indidən qurulur. Dövlət
başçısının tapşırığına əsasən,
burada dünyada mövcud olan ən müasir sistemlər tətbiq
olunacaq. Artıq enerji, eskalator və sanitar
sahələrin dispetçer mərkəzlərinin işi
buradan idarə olunur. Hərəkətin təşkili
üzrə dispetçer mərkəzində sınaqlar və
yoxlama işləri davam etdirilir.
"Metro tikintisi çox çətin məsələdir,
çox böyük texniki imkanlar, peşəkarlıq və
maliyyə resursları tələb edir. Biz isə bu
işi görməklə şəhər sakinlərinin
rahatlığını təmin etmək istəyirik. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər
ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək
olar, geri qayıtmır. Birincisi, ona görə
ki, metro tarifləri, yəni gediş haqları çox
aşağıdır. Dünyada ən
ucuz tariflər bizdədir. Digər tərəfdən,
ona görə ki, metro tikintisi, demək olar, həmişə
daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti
illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait
insanların rahatlığı üçündür" -
deyən ölkə başçısının tövsiyələrinə
uyğun olaraq, ötən 9 ay ərzində müəssisənin
fəaliyyətinin təmin edilməsi baxımından
metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində əhəmiyyətli yeniliklər edilib.
Böyük problemləri aşkarlanmış "Nərimanov"
elektrik deposunda ehtiyat hissələrin tədarükündə,
detal, maşın və mexanizmlərlə təchizatında
köklü dəyişikliklər edilərək,
günün tələblərinə uyğun iş norması
və prinsiplərinin qurulmasına başlanılıb. Bunun nəticəsində qatarların nasazlıq səbəbilə
xətdən çıxarılması halları kəskin surətdə
azalıb.
Ən mühüm işlər sırasında vaqon
parkının müasir standartlar səviyyəsinə
qaldırılmasıdır. Uzun müddət
istismar olunan vaqonların əsaslı təmir vaxtının
yetişməsi barədə qəbul edilmiş qərara əsasən
onların modernləşdirilməsi də aparılır.
Bu xüsusda 4 qatarı təşkil edən
20 vaqon Tbilisi elektrik qatarlarının təmiri zavodunda yeniləşdirilib.
Onların əsas elektrik və mexaniki hissələri
mümkün olan müasir standartlara uyğun tərzdə ən
yeniləri ilə əvəzlənib və beləcə,
istismar, qulluq və cari təmirlə bağlı əsas
problemləri aradan qaldırılıb.
Təhlükəsizliyin təminatında əhəmiyyətli
rol oynayan metroloji ölçü vasitələrinin yenilənməsi
istiqamətində önəmli addımlar atılıb. Bu mənada
yeraltı polad magistralımızın tarixi üçün ən
əhəmiyyətli tədbirlərdən biri metropoliten
infrastrukturunun diaqnostikası kompleksinin qurulması olacaq.
Artıq bununla bağlı Rusiyanın
"Tvema" şirkəti ilə müqavilə imzalanıb
və işə başlanılıb. Müasir dünya
metropelitenləri üçün də nadir yenilik olan bu
kompleks 1935-ci ildə istehsal olunmuş və öncə Moskva
metropolitenində istismar edildikdən sonra Bakı metrosuna verilmiş və mənəvi
cəhətdən ömrünü başa vurmuş
yolölçən vaqon anlayışını gündəlikdən
çıxaracaq, yol təsərrüfatı əsas olmaqla,
daha bir neçə aparıcı sahədə yoxlamaların
aparılaraq təhlükəsizliyin təminatında həlledici
vasitəyə çevriləcək.
Metropoliten xətlərində ən müasir sistemlərlə
təchiz edilmiş daha bir motovozu istismara verilməklə bu
sahədə maddi-texniki bazanın əhəmiyyətli dərəcədə
yenilənməsi ilə bağlı mühüm addım
atılmış oldu. Həm də gündən-günə edilən
yeniliklər sayəsində metropolitenin rəvan və təhlükəsiz
fəaliyyətini təmin edən gecə növbəsində
çalışanların əmək şəraitinə,
tunellərə material və avadanlıqların
daşınmasına daha bir töhfə verilmiş oldu.
Sürətlə
müasirləşən, ən yeni texnologiyaların geniş
tətbiq edildiyi məkana çevrilmiş metropolitendə
kadrların hazırlığı da aktuallıq kəsb edir.
Buna görə də metropolitendə Təlim-Tədris
Mərkəzi yaradılıb. Artıq mərkəzdə
"Thales" şirkətinin təlimləri başlayıb.
Onu da əlavə edək ki, bu mərkəz ölkənin
aparıcı elm və tədris ocaqları ilə sıx əməkdaşlıq
qurmaqla, həm də kadr probleminin geniş miqyasda və
öncədən həllinə nail olmağa kömək edəcək,
metropolitendə tətbiqi mümkün olan elmi-texniki, texnoloji
innovasiyaların mərkəzinə çevirməklə alimlərin,
ixtiraçıların, səmərələşdiricilərin
də marağına səbəb olaraq, onların həvəsləndirilməsinə
və çeşidli əməkdaşlığa yol açılmasına
gətirib çıxaracaq. Bununla da metropoliten
ölkə elmi və təhsili qarşısında əhəmiyyətli
xidmət göstərmiş olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırıq və tövsiyələrini
özünə rəhbər tutan QSC rəhbərliyi ilk
günlərdən sərnişin rahatlığının təmin
edilməsi ilə bağlı xüsusi addımlar atıb. Bu mənada əksər
sərnişinlərin də qeyd etdiyi kimi, metropolitendə
ticarətin ləğv edilməsi xüsusi qeyd
olunmalıdır. Həm sərnişinlərin,
həm də metropolitençi mütəxəssislərin qeyd
etdiyi kimi, məhz ticarət köşklərinin
yığışdırılması ilə stansiyalarda hava
sirkulyasiyasının normal təmin edilməsi mikroiqlim şərtlərini
dəyişdirdi, havalandırmanın keyfiyyətinə əhəmiyyətli
təsir göstərdi. Həmçinin ən
vacib sahələrdə ventilyatorların yenilənməsi və
modernləşdirilməsi işləri davam etdirilir.
Metropolitenin estetik görkəminə, həm də sərnişinlərin
psixoloji ovqatına mənfi təsir göstərən rəngbərəng
və məzmunsuz reklam lövhələrinin ləğvi də
xususi qeyd oluna bilər. İndi metropolitenin stansiyaları istismara
verildiyi illərdəki görkəminə qaytarılaraq, sənət
əsəri kimi diqqəti çəkməyə
başlayıb.
Ötən
müddət ərzində işçilərin əmək
şəraitinin yaxşılaşdırılması
baxımından əhəmiyyətli dəyişikliklərə
nail olunub. İlk günlərdən "Nərimanov"
elektrik deposu ərazisində yerləşən yeməkxana əsaslı
təmir edilərək, ən müasir məişət
avadanlığı ilə təmin edilib, dizayn tərtibatında
erqonomik təsirlərə xüsusi diqqət yetirilib.
Lakin bu zahiri yeniləşmə ilə iş bitmir. Metropoliten İşçiləri Həmkarlar
İttifaqı Birliyi ilə əldə olunmuş ümumi
razılığa əsasən, naharın qiymətlərində
əsaslı güzəştlər tətbiq edilib. Pulsuz yemək talonları təqdim edilən
xüsusi ağır sahələrdə
çalışanların sayı artırılıb. Eyni qayda yeni texnoloji korpusun yeməkxanalarında da tətbiq
edilib.
Ümumiyyətlə, metropolitenin göz bəbəyi
adlandırılan elektrik deposu simasını
büsbütün dəyişib. Buradakı səliqəsiz
çəpərlənmiş bağların yerində əsaslı
yenidənqurma və abadlıq işləri aparılaraq
gözəl istirahət parkı salınıb. Parkın mərkəzi hissəsində ümummilli
lider Heydər Əliyevin büstü qoyulub, ətrafında
memarlıq və dekorativ işlər yerinə yetirilib. Quraşdırılmış fəvvarə fasilə
vaxtı burada dincələnlərin zövqünü
oxşayır.
Metropolitençilər Vətən uğrunda
canını fəda etmiş həmkar-qəhrəmanlarını
da heç vaxt unutmur. QSC sədrinin
təklifi ilə depo qarşısındakı ikinci parkda
metropolitençi şəhidlərin xatirəsini əbədiləşdirən
lövhənin yeni məzmunda tərtib edilməsi onların əziz
xatirəsinə yüksək ehtiramın əlamətinə
çevrilib.
Deponun girişində salınmış geniş, səliqə-sahmanlı
avtomobil parklama sahəsi metropolitençilərin daha bir
qayğısını aradan qaldırıb. Bütün
bu addımlar yeni rəhbərliyin işə və
işçiyə münasibətinin təzahürü kimi rəğbətlə
qarşılanıb.
Sosial rifah, mədəni istirahət dedikdə,
metropolitençilər üçün, ilk növbədə,
Bilgəhdəki sanatoriya-profilaktoriyada və istirahət
zonasında yaradılan şərait daha maraqlıdır. İldən-ilə
simasını dəyişən sanatoriyada bu il
inqilabi yeniliklərə əl atıldı. Müalicəvi
və tibbi avadanlıqlar təftiş edilərək
onların yeni mövsümdən daha müasir səviyyəyə
qaldırılması qərara alınıb. Kotteclərin,
ardıcıl qaydada, əsaslı təmir olunaraq yenidən
qurulması prosesi bu il bir qədər fərqli
olacaq. Gələn mövsüm istirahət
zonasında yenidən qurulmamış kottec qalmayacaq. Bu isə işçilərə istirahət
üçün daha yeni imkanlar açacaq. Ümumiyyətlə, həyata keçirilən
sosial tədbirlər nəticəsində işçilərin
sanatoriyadan istifadə müddəti xeyli artırılıb.
Metropoliten tarixində ilk dəfə istirahət
müddəti 6 aydan 8 aya qədər uzadılıb.
İstirahətdən söz düşmüşkən,
daha bir yenilik də xüsusi qeyd olunmalıdır. Metropoliten rəhbərliyinin
həmkarlar təşkilatı ilə birgə qərarına əsasən,
yayda müstəqillik tarixində ilk dəfə
metrpolitençilər qrup şəklində ölkə
xaricinə turist səyahətinə göndərildilər.
Gürcüstanın Kobuleti şəhərinə
376 nəfər turist səyahətinə göndərildi.
Ölkə daxilində isə 468 nəfər
Nabranda 3 günlük həftəsonu istirahəti imkanı
qazandı. Bilgəhdə yerləşən
istirahət mərkəzindəki evlərdə 1000-dən
artıq işçi istirahət edib. Sanatoriya-profilaktoriyada
dincəlmək üçün 800-ə yaxın
işçiyə yollayış verilib.
Əlbəttə, sosial rifahın
yaxşılaşdırılmasından danışarkən, əməkhaqlarının
artırılmasını da unutmaq olmaz. Metropolitendə
aparılmış struktur islahatları nəticəsində
işçilərin əməkhaqlarında hiss olunacaq dəyişikliklər
də nəzərə çarpmağa başlayıb. Bu artım qarşıdakı müddətdə də
davam etdiriləcək. Metropoliten rəhbərliyinin
əlamətdar günlərdə işçiləri
mükafatlandırması təqdirəlayiq ənənələrin
davamıdır.
Ümumiyyətlə, əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və onun layiqli
davamçısı cənab İlham Əliyev tərəfindən
uğurla irəli aparılan iqtisadi-siyasi inkişaf kursunun təməlini
məhz hər şeyin insanların, Azərbaycan
xalqının rifahı və rahatlığı
üçün olması təşkil edir.
Bütün bunlar ölkə
başçısının qarşıya qoyduğu əsas
vəzifələrin icrasında hələ ilk
addımlardır. Qarşıda metropolitençiləri
böyük işlər gözləyir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yeraltı
magistralın inkişafı üzrə qarşıya
qoyduğu vəzifələr metropolitençilər
üçün hər zaman yüksək ruh və
etibarlılıq rəmzidir.
Azərbaycan.-2014.-
7 noyabr.- S.7.