Prezidentin səfəri Gəncədə
sosial siyasətin
uğurla reallaşmasına böyük töhfə verəcək
2014-cü ilin geridə qoyduğumuz dövrünün sosial-iqtisadi inkişafının yekunlarının təhlili göstərir ki, Azərbaycanın dinamik inkişafı dönməz xarakter alıb və ölkəmiz regionun iqtisadi güc mərkəzinə çevrilib. Bu uğurların kökündə dayanan əsas amil isə Prezident İlham Əliyevin ötən 11 ildə uğurla və inamla həyata keçirdiyi iqtisadi kursdur.
Bu kursun tərkib hissəsi olan iqtisadi islahatların, dövlət proqramlarının real nəticəsi kimi bu gün Azərbaycanın bütün bölgələri inkişaf edir, dünya standartlarına uyğun müasir infrastruktur formalaşır.
Bu gün ölkəmizin hər bir rayonunda, qəsəbə və kəndində bunların şahidi oluruq. Qədim Gəncədə gördüklərimiz isə bir başqadır. Bəli, qədim Nizami yurdu Gəncə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti sayəsində adına layiq şəkildə ucalır, inkişaf edir, tarixi şöhrətini və ənənələrini bərpa edir. Hələ 10 il öncə - 2004-cü ildə cənab Prezident Gəncəyə səfəri zamanı demişdi: "Gəncə bizim qədim şəhərimizdir, Azərbaycanın tarixidir. Müstəqil Azərbaycanın ikinci şəhəridir. Ona görə Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Abadlıq, quruculuq işlərini görəndə, yolların salınmasını, camaatın əhval-ruhiyyəsinin yüksəlməsini görəndə mən çox sevinirəm. Mən istəyirəm ki, bu şəhər daha da gözəlləşsin, abadlaşsın".
Həmin səfərdən sonra Gəncə həqiqətən də tanınmaz dərəcədə dəyişib, qədimliyini, tarixiliyini saxlamaqla modern bir şəhərə çevrilib. Ötən 10 ildə dövlət başçısı dəfələrlə Gəncədə olub və hər səfər şəhərin həyatında dərin iz buraxıb, inkişafında yeni səhifə açıb. Elə bu günlərdə Prezident İlham Əliyevin növbəti səfəri göstərdi ki, Gəncə sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf yalnız iqtisadi sfera ilə kifayətlənməyərək elm və təhsil sahələrini, Gəncənin mədəni həyatını, şəhər təsərrüfatını və s. əhatə edir.
Gəncənin inkişafında diqqət çəkən əsas məqamlardan biri də şəhər sakinlərinin sosial rifahının yüksəlməsidir. Təkcə bu ilin 9 ayında şəhərdə bir nəfərə düşən ümumi məhsulun həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 1894,7 manata çatması sənaye və istehsalatda çalışanların sosial rifahına müsbət təsir göstərib. Bu dövrdə 4329 yeni iş yerinin açılması da şəhərin əsas sosial-iqtisadi nailiyyətlərindən biridir.
Təbii ki, sosial sahədə əsas məsələlərdən biri vətəndaşların pensiya-sığorta təminatıdır. Gəncədə bu sahədə vəziyyət ürəkaçandır. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsində gördüklərimiz bunu təsdiq edir. Şöbə öz işini yüksək tələblər səviyyəsində qurmaqla dövlətin sosial siyasətinin şəhərdə uğurla həyata keçirilməsində yaxından iştirak edir.
Şöbə müdiri Arif Qəmbərov ilk olaraq məcburi dövlət sosial sığorta haqlarının yığımı barədə məlumat verdi. 2014-cü ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 4151,9 min manat proqnoza qarşı 3861,7 min manat vəsait toplanmaqla proqnoz tapşırıqları 93 faiz icra olunmuşdur. Büdcə təşkilatları üzrə 1245,8 min manata qarşı 999,4 min manat (80,2 faiz ), qeyri-büdcə təşkilatları üzrə 2906,1 min manata qarşı 2862,3 min manat (98,5 faiz) vəsait toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-büdcə təşkilatlarından toplanmış məcburi dövlət sosial sığorta haqları 877,9 min manat və ya 44,2 faiz, hüquqi şəxslərdən 801,8 min manat və ya 61,8 faiz, fiziki şəxslərdən isə 76,1 min manat və ya 11,1 faiz artıq məcburi dövlət sosial sığorta haqları toplanmışdır. Bunun da əsas səbəbi Gəncədə yeni istehsal sahələrinin yaradılması, hüquqi şəxslərin sayının artmasıdır. Hazırda şöbədə uçotda olan hüquqi şəxslərin sayı 1022, fiziki şəxslərin sayı isə 8953 nəfər təşkil edir. Bu ilin 9 ayı ərzində 20 hüquqi və 542 fiziki şəxs uçota alınmışdır.
Arif Qəmbərov onu da bildirdi ki, şöbə tərəfindən 24 min 185 nəfər pensiyaçıya xidmət göstərilir. Bunlardan 1733 nəfəri işləyən pensiyaçılardır. İşləməyən əmək pensiyaçılarından 14 min 71 nəfəri yaşa görə, 8 min 395 nəfəri əlilliyə görə, 1719 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 9 ay ərzində 1064 yeni təyinat aparılmışdır ki, bundan da 420 nəfəri yaşa görə, 570 nəfəri əlilliyə görə, 74 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinin bu ilin 9 ayı ərzində əhaliyə ödənişləri isə 36462,9 min manat təşkil etmişdir. Bundan 3106,1 min manatı işləyən əmək pensiyaçılarına, 32676,7 min manatı işləməyən əmək pensiyaçılarına, 411,1 min manatı dövlət qulluqçularına pensiyaların ödənilməsinə, 22,5 min manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 36,7 min manatı hamiləliyə və doğuşa görə ödəniş təşkil etmişdir. Həmçinin 15 min manat uşağın anadan olmasına görə birdəfəlik müavinət, 17 min manat 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət, 177,8 min manat isə dəfn üçün müavinət ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən 18 nəfər Böyük Vətən müharibəsi iştirakçısının hər birinə 700 manat, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 300 manat məbləğində birdəfəlik yardım ödənilmişdir.
DSMF Kəpəz rayon şöbəsində pensiyaçılarla söhbətləşmək imkanımız da oldu. Hüseyn Budaqov, Xoşqədəm Abdullayeva, Sima Mürşüdova, Simuzər Həsənova və digərləri dövlətin pensiyaçılara olan diqqətindən məmnun olduqlarını qeyd edərək hər il pensiyalara edilən artımları yüksək qiymətləndirdilər. Pensiyaçılar DSMF-nin yerli şöbəsində onların hər bir müraciətinə vaxtında münasibət bildirilməsindən də razılıq ifadə etdilər.
Kəpəz rayonunda sığorta-pensiya məsələləri ilə bağlı bu ilin arxada qalan dövrünün nəticələri göstərir ki, Gəncə şəhərində dövlətin sosial siyasətinin uğurla təmin edilməsi diqqət mərkəzindədir. Başlıca vəzifələr isə məcburi dövlət sosial sığorta haqlarının tam məbləğdə ödənilməsinin təmin edilməsi və pensiyaların vaxtlı-vaxtında əhaliyə çatdırılmasıdır ki, bu istiqamətdə də hər hansı geriləmə ola bilməz.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.-
7 noyabr.- S.9.