Şirvan şəhərinin tarixinə yeni səhifələr yazılır

 

Əlverişli coğrafi mövqeyinə, qədim İpək yolunun üstündə yerləşməsinə görə Şirvan torpaqları yadellilərin xüsusi maraq dairəsində olmuşdur. Monqol yürüşlərinə, ərəb, farsrus istilalarına rəğmən xalqımız tarixi torpaqlarını qəhrəmanlıqla qorumuşdur. Tarixi mənbələrdə bu ərazidə Şirvan adlı Azərbaycan şəhərinin mövcud olduğu qeyd edilir. Orta əsrlərdə isə bu ərazi Şirvanşahların tabeçiliyində olmuşdur. Rusiya-İran müharibələrindən sonra Azərbaycanın Şimal hissəsi Rusiyaya birləşdirildi. Yeni inzibati-idarəetmə sistemi yaradıldı. 1930-cu ilə kimi bu ərazi Ərəbşahverdi, Zubovka, Papanin adlandırıldı.

Respublikamızın inzibati-ərazi vahidlərindən biri olan Şirvan 1930-cu ildən 1963-cü ilə qədər Əli Bayramlı rayonu adlandırılmış, tabeliyində 2 şəhər, 1 qəsəbə, 16 kənd sovetliyi, ümumilikdə 101 kənd və başqa yaşayış məntəqələri olan kənd təsərrüfatı rayonu olmuşdur. 28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Həmin gün bu inzibati ərazi Azərbaycan neftçilərinin zəfər salnaməsinə daxil oldu. Şirvanın sənaye şəhəri kimi formalaşmasının təməli qoyuldu. Bununla da Şirvan düzündə KürovdağMüşovdağ neft yataqları aşkar edildi. Qısa müddət ərzində həmin yataqlarda onlarca neft quyusu qazıldı.

1956-1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi. Neftenergetika sənayesinin inkişafı rayonun iqtisadi inkişafına, təsərrüfat həyatının dəyişməsinə səbəb oldu. Ərazidə sənaye infrastrukturları yaradıldı. 1963-cü ildə Azərbaycan Respublikası Ali Soveti rayonun təsərrüfat həyatında baş verən bu dəyişiklikləri nəzərə alaraq Əli Bayramlı rayonunun ləğv olunması və Əli Bayramlı şəhərinin respublika tabeliyinə keçməsi barədə qərar qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2008-ci il tarixli sərəncamı ilə Şirvan şəhəri adlandırıldı.

1963-cü ildə respublika tabeli şəhər statusu almasına baxmayaraq, Şirvanın şəhər kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişi ilə gənc sənaye şəhəri Şirvanın iqtisadi inkişafına güclü təkan verdi. Xüsusi diqqət və qayğı sayəsində yeni sənaye sahələri - Şimal və Cənub sənaye qovşaqları yaradıldı. Şəhərdə 101 yaşayış binası, onlarca sosial obyektlər, sənaye müəssisələri, uşaq bağçaları, orta məktəblər, mədəniyyət ocaqları, idman qurğuları, xəstəxana kompleksi tikilib istifadəyə verildi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şirvanda neft və energetikanın inkişafı ilə yanaşı, Mexaniki Təmir İstehsalat Birliyi, Süni dəri, Kərpic, Dəzgahqayırma, Şirə, Telemexanika, "Araz" zavodları, İxtisaslaşdırılmış hazırlıq müəssisəsi, Dəmir-beton evtikmə, Yeyinti Konsentrantları kombinatları yaradıldı. Görülən işlər nəticəsində XX əsrin 80-ci illərinin əvvəllərində şəhər respublikanın iri sənaye mərkəzlərindən birinə çevrildi.

Lakin müstəqilliyin bərpasından sonrakı ilk illərdə şəhərin iqtisadiyyatına ağır zərbələr endirildi. Biganəlik və qayğısızlıq nəticəsində sosial problemlərin həlli arxa plana çəkildi, şəhərdə siyasi durum ekstremal vəziyyətə düşdü, xaos yarandı.

1993-cü ildə ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə ölkə iqtisadiyyatını dağıdanlara qarşı sipər çəkdi. Həyata keçirdiyi tədbirlər nəticəsində respublikanın hər yerində olduğu kimi, Şirvan şəhərində də ictimai-siyasi sabitlik təmin edildi, sənaye istehsalı tədricən artdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin inkişafına, xalqımızın sosial rifah halının yaxşılaşmasına xidmət edən siyasi kursu bu günPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təkcə 2005-ci ildən bəri Prezident 5 dəfə Şirvan şəhərində olmuşdur. Onun hər bir səfəri Şirvan şəhərinin sosial-iqtisadi inkişafına böyük töhfələr verən tarixi günə çevrilmiş, hər bir şirvanlıda bayram ovqatı yaratmışdır. Prezidentin şəhər ictimaiyyəti qarşısında çıxışı, tövsiyələri şirvanlıların fəaliyyət proqramına çevrilmişdir. Son 10 ildə şəhərdə 1000 yerlik 4 məktəb binası, eləcə də 1 saylı lisey-məktəb üçün 640, 5 saylı məktəb üçün 320, 4 saylı orta məktəb üçün 680, 3 saylı orta məktəb üçün 480 yerlik əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, 12 və 16 saylı tam orta məktəblər əsaslı təmir olunmuşdur. Hazırda şəhərdə Heydər Əliyev Fondunun hesabına 100 çarpayılıq körpələr evi-uşaq bağçası tikilir, 13 və 20 saylı tam orta məktəblərdə əsaslı təmir işləri aparılır.

Ölkə rəhbərinin 27 avqust 2009-cu il tarixli sərəncamı ilə şəhərin ərazisi 30 kvadratkilometrdən, 72,7 kvadratkilometrə qədər genişləndirilmişdir. Son 10 ildə şəhərdə Heydər Əliyev Meydanı, Heydər Əliyev Parkı salınmış, Heydər Əliyev Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, 1500 yerlik Ticarət Mərkəzi, Olimpiya İdman Kompleksi, 328 mənzilli 9 yaşayış binası tikilmiş, illik istehsal gücü 1 milyon 200 min ədəd kərpic olan Şirvan Sənaye Kombinatı - 2 ASC, illik istehsal gücü 25 min ton mahlıc olan "CTS AGRO" MMC-nin Şirvan Pambıq Emalı zavodu, illik istehsal gücü 9 min ton külçə metal olan "Retro İnşaat" MMC-nin Metaləritmə zavodu, illik istehsal gücü 126 min ton olan "Retro-İnşaat" MMC-nin Sement zavodu, illik istehsal gücü 50 min ton pambıq yağı olan "MKT İK" MMC-nin Şirvan Yağ-Piy filialı, illik istehsal gücü 780 MVT olan "Cənub Elektrik Stansiyası" istifadəyə verilmişdir. Bunlardan əlavə, "Telemexanika", "Araz" zavodlarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni istehsal sahələri yaradılmışdır. Şəhərin giriş hissəsində ümumi sahəsi 1,3 hektar, hündürlüyü 76 metr olan Bayraq meydanı, seyrangah yaradılmışdır.

Həmçinin mədəniyyət evi, mərkəzi xəstəxana, doğum evi əsaslı şəkildə təmir olunmuş, N.Nərimanov parkı yenidən qurulmuş, Heydər Əliyev prospektində yerləşən binaların fasad hissələrində təmir və yenidənqurma işləri aparılmış, binaların qarşısında nümunəvi məhəllələr salınmışdır. Son 10 ildə yaradılan 25 nümunəvi məhəllədə xeyir-şər mərasimləri keçirmək üçün lazımi şəraiti, ləvazimatı olan binalar tikilmiş, sakinlərin istirahəti üçün idman qurğuları, uşaqlar üçün əyləncə qurğuları istifadəyə verilmişdir. Habelə Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrinin mərkəzi və daxili küçələrinə asfalt vurulmuş, Bayramlı qəsəbəsində hər biri 12 mənzilli 2 yeni yaşayış binası tikilmişdir. Qəsəbə icra nümayəndəliyinin inzibati binası, kitabxana da əsaslı təmir olunmuşdur. Şirvan şəhərində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində əhalinin su, qaz və işıqla təminatı xeyli yaxşılaşmışdır. Şəhərin mərkəzi küçələrində yeni, müsair tipli işıq dirəkləri quraşdırılmışdır.

Özəl sektorun, sahibkarlığın inkişafına qayğı da artırılmışdır. Şirvan şəhərinin sosial-iqtisadi inkişafında əldə olunan uğurların nəticəsidir ki, ümumi məhsul buraxılışının həcmi 2014-cü ilin 9 ayında 311 milyon manat həcmində olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Şəhərdə cari ilin ötən ayları ərzində 308 min tondan çox neft, 11,6 milyon kubmetr qaz, 4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir.

Bir sözlə, şirvanlılar "Sənaye ili"ni uğurla yola salmaq üçün şəhərin tarixinə yeni səhifələr yazırlar.

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 7 noyabr.- S.10.