Trombinoskop”: Nə üçün Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır?

 

Fransada nəşr olunan “Trombinoskop” jurnalının oktyabr nömrəsində Milli Assambleyanın deputatları Jerom Lamber, Tyeri Maryani və Jan Lui Dümonun “Nə üçün Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır?” sərlövhəli məqaləsi dərc edilib. AzərTAc məqaləni qısa ixtisarla təqdim edir.

Məqalədə deyilir: “İqtisadiyyatını təşviq, sabitliyini və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqının qonşu ölkələrlə münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş Avropa Qonşuluq siyasətinə Azərbaycanın qoşulmasının 10 illiyini iyun ayında qeyd etdik. Avropa İttifaqı ilə bu ölkə arasında münasibətlər 1999-cu ildə tərəfdaşlıq və əməkdaşlığa dair sazişin qüvvəyə mindiyi vaxtdan başlayır.

Avropa İttifaqının Cənubi Qafqazın bu ölkəsi ilə münasibətlərini möhkəmləndirməsi əbəs deyil. Neftqaz nəhəngi olan Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsi prosesində əvəzsiz ölkədir.

Azərbaycan Avropa İttifaqının, həmçinin Fransanın strateji tərəfdaşıdır. Bu ölkənin enerji ehtiyatlarının 50 faizi Avropaya ixrac olunur və 2013-cü ildə 17,9 milyard avro civarında maliyyə axını ilə əsas ticarət tərəfdaşı olaraq qalır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını və insanların sərbəst gediş-gəlişi üçün 2014-cü ilin avqustunda imzalanmış viza rejiminin sadələşdirilməsi sazişini dəstəkləyən Avropa İttifaqı bu ölkə ilə modernləşmə tərəfdaşlığına dair yaxın vaxtlarda razılığa gələcək.

Hətta Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə də tənqidə məruz qalan Azərbaycan gənc demokratiya kimi keçid dövrünü yaşayır. Buna baxmayaraq, Avropa Parlamenti hüquq müdafiəçilərinin guya sıxışdırılmasını pisləyən təklifi müzakirəyə çıxarıb. 1991-ci ildə müstəqilliyini bərpa edən, gənc demokratik dövlət olan Azərbaycandan Avropa ölkələrinin əsrlərlə nail olduğu Qərb demokratiyasını tələb etmək ən azı ədalətsizlikdir.

Azərbaycanın daxilixarici siyasəti sürətli iqtisadi inkişafı və zəngin təbii ehtiyatları sayəsində getdikcə daha da genişlənir. Eyni zamanda, Azərbaycan ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ölkədir. SSRİ-nin süqutu ərəfəsində Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan sonralar elan olunmamış müharibəyə başlayaraq bu ölkənin Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonunu işğal edib. BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumlar bu işğalı pisləyib və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması barədə qətnamələr qəbul edib.

Enerjiiqtisadi ehtiyacları baxımından Avropa İttifaqı Qafqaz regionunda davamlı sabitliyin olmasında maraqlıdır. Buna görə də Cənubi Qafqazın problemlərinin həlli Avropa İttifaqı üçün prioritet məsələ olmalıdır. Biz Minsk qrupunun həmsədri olan Fransanı münaqişənin BMT-nin qətnamələrinə əsasən, ərazi bütövlüyü prinsipi çərçivəsində və yurd-yuvalarından didərgin düşmüş 875 min azərbaycanlı məcburi köçkünün öz doğma torpaqlarına qaytarılması şərti ilə qısa zamanda həlli üçün var qüvvəsi ilə səy göstərməyə çağırırıq. Məhz münaqişə öz həllini tapdıqdan sonra Qafqaz ölkələri tam sabitliyə qovuşar, regionda qarşılıqlı etimadaehtirama əsaslanan əlaqələr inkişaf edər.

Biz münaqişənin dinc yolla və ədalətli həllinə yönəlmiş bütün səyləri dəstəkləyirik”.

 

Azərbaycan. - 2014.- 6 noyabr.-  S.4.