Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planı imzalanıb

 

Noyabrın 5-də Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planı imzalanıb.

AzərTAc xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə ölkəmizdə rəsmi səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə fəaliyyət planının əhəmiyyəti yüksək qiymətləndirilib. Bu sənədin idman sahəsində əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

A.Rəhimov qonaqlara nazirliyin fəaliyyəti barədə məlumat verib. Nazir 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışıb, idman qurğularının təmir edildiyini, yenilərinin tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə sürətlə inkişaf edir. Bu qayğının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Nazir Azərbaycanda 41 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini vurğulayaraq bu obyektlərin ölkəmizdə gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam böyümələrinə xidmət etdiyini bildirib.

Azad Rəhimov oktyabrın 28-30-da Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumda braziliyalı gənclərin də yüksək fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıb.

Aldo Rebelon ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın 2016-cı ildə Dünya Şahmat Olimpiadası kimi mötəbər yarışa uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib. Qonaq qeyd edib ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin Bakıya həvalə olunması Azərbaycanın idman ölkəsi kimi tanınmasının daha bir mühüm göstəricisidir.

Görüşdə Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar da iştirak edib.

 

Azərbaycan. - 2014.- 6 noyabr.-  S.4.