Niderlandlı nazir: Su ehtiyatlarının idarə olunması

 sahəsindəki fəaliyyətimiz müsbət nəticələrini verməkdədir

 

 

Azərbaycanın Fövqəladə Hallar, Niderlandın İnfrastruktur və Ətraf Mühit nazirlikləri arasında birgə fəaliyyətin təməli dörd il əvvəl - 2010-cu ildə Kür çayında baş verən daşqınların fəsadlarının aradan qaldırılması zamanı qoyulub. Konkret olaraq su ehtiyatlarının idarə olunması sahəsindəki fəaliyyətimiz müsbət nəticələrini verməkdədir. Bu, bizim əməkdaşlığımızın uğurla davam etməsinə səbəb olur. Bugünkü tədbir də fəaliyyətimizin daha bir uğurlu göstəricisidir.

AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Şults van Haegen-Maas Geesteranus Qəbələdə jurnalistlərə müsahibəsində deyib.

Qonaq hər iki nazirlik arasında əlaqələrin və müştərək layihələrin uğurla davam etməsindən məmnunluğunu bildirərək deyib: “Azərbaycan çox gözəl diyardır. Azərbaycana iki il əvvəlki və indiki səfərlərim məndə çox zəngin və heyrətamiz təəssüratlar oyatdı. Həqiqətən də sizin ölkənizdə iqtisadi inkişaf göz qabağındadır. İqtisadi inkişaf həm geniş imkanlar yaradır, həm də bəzi problemlərin həllini tələb edir. Azərbaycanda olduğu kimi, Niderlandda da su ehtiyatlarının düzgün idarə olunması, xüsusilə içməli su mənbələrinin təmin edilməsi, kənd təsərrüfatının su ilə təminatı vacib məsələdir. Əhalinin su ehtiyacının ödənilməsi və bu sahədəki bəzi problemlərin həlli baxımından əməkdaşlığımız mühüm əhəmiyyətə malikdir. Nazirliklərimiz arasında birgə fəaliyyətin daha da genişlənəcəyinə ümid edirəm”.

Niderlandlı xanım nazir ölkəsinin şirkətlərinin artıq dörd ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini bildirib. Bu şirkətlər dəniz limanı, eləcə də çay məcralarının, su hövzələrinin dibinin dərinləşdirilməsi və Bakı buxtasının təmizlənməsi istiqamətində fəaliyyət göstərir. Onlar həm şirkət, həm də elmi-tədqiqat mərkəzləridir.

 

Azərbaycan.-2014.- 7 noyabr.-  S.5.