Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı başa çatıb

 

Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 6-da işini başa çatdırıb.

AzərTAc xəbər verir ki, konfransın sonuncu günü plenar iclaslara Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, teatr tənqidçisi, “Peterburq teatr jurnalı”nın baş redaktoru Marina Dmitrevskaya, teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau moderatorluq ediblər.

Gün ərzində “İran ənənəvi teatrı: təziyələrdə rəng və hərəkətin rəmzi rolu”, “Multikulturalizm-universal dəyərlər sistemində teatrın yeri”, “XXI əsrin teatrında söz əməl kimi”, “Qloballaşmış dünyada teatr”, “Multikulturalizm İtaliyada” və digər mövzularda məruzələr dinlənilib.

Vurğulanıb ki, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusu fundamental bir məsələni gündəmə gətirib.

Teatr mədəniyyət çarxını fırladan millərdən biridir. Mədəniyyət özü isə siyasi nəzəriyyə və təcrübədən təcrid oluna bilməz. Beləliklə, mədəniyyət çarxının müxtəlif milləri, o cümlədən dillər, memarlıq, musiqi, rəngkarlıq, folklor tarixi və s. mövcuddur. Bütün bu millər çarxı irəli apararkən bəşəriyyətin ən önəmli xüsusiyyətlərini multikulturalist dəyərlərə qovuşdurur.

Qeyd olunub ki, XXI əsrdə ortaya çıxan yeni reallığa bəzən üçüncü reallıq da deyirlər. Bu, bir növ teatr dilinə rəqəmsal tərcümə imkanları olan kiber dünyadır. Bu reallıq özü ilə teatr dünyasına multimedia, rəqəmsal instalyasiya gətirib. Müasir teatr zamanın diktə etdiyi mövzulara müraciət edir. Bu sıraya müharibələr, qeyri-sabit həyat, təhtəlşüurda saxlanılan niyyətlər, arzular, gizli əməllər və eyiblər, gender bərabərliyi və digər mövzular aiddir.

Hər hansı ölkənin özünəməxsusluğunu itirmədən qloballaşma prosesinə qoşula bilməsinə imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə hopdurmaq və özündə olanı digərlərinə göstərməyə, verməyə hazır olmaq, hamıya münasibətdə açıq olmaq, hər kəsə anlaşıqlı ola biləcək ortaq və qlobal məsələləri tapmaq və onu ifadə etmək bacarığı vacib şərtlərdəndir.

Üçüncü Bakı Beynəlxalq Teatr Konfransına yekun vuran mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində aparılan müzakirələrin əhəmiyyətindən, eləcə də Azərbaycan teatrının inkişaf yolundan söz açıb. Bildirib ki, Azərbaycan xalq teatrı peşəkar səviyyədə 1873-cü ildə yaradılıb. Lakin əsl intibah isə 2006-cı ildən başlanıb. Həmin ildə postsovet məkanında ilk dəfə “Teatrteatr fəaliyyəti haqqında” qanun qəbul olunub. Sonrakı illərdə isə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Bu səkkiz il müddətində Azərbaycan teatrı beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur, bu təşkilatların Bakıda illik toplantıları keçirilir.

Vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələr ölkə mədəniyyətinin inkişafına və dünyada təbliğinə əvəzsiz töhfələr verməkdədir.

Nazir müavini onu da qeyd edib ki, teatrın yaxşı olması üçün bu sənətə böyük sevgi olmalıdır. Bu sevgi insanın daxilindən gəlməlidir. Bu zalda oturan, eləcə də mədəniyyətə xidmət edən minlərlə insan yer üzündə sülhün, bərabərliyin, əmin-amanlığın elçiləridir. Gəlin birlikdə dilimizdən, dinimizdən asılı olmayaraq bu missiyanı böyük sevgi ilə yerinə yetirək.

Hər birinizi 2016-cı ildə keçiriləcək, növbəti, Dördüncü Bakı Beynəlxalq Teatr Konfransına dəvət edirəm.

 

Azərbaycan.-2014.- 7 noyabr.-  S.5.