Tatyana Anodina: Azərbaycan
dünyada aviasiya
infrastrukturu çox inkişaf
etmiş ölkə kimi tanınır
“Azərbaycan
Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından
İstifadə üzrə səlahiyyətli nümayəndələrin
Dövlətlərarası Şurası arasında onun Azərbaycan
Respublikasının ərazisində yerləşməsinin
şərtləri haqqında” Sazişin imzalanması
böyük hadisədir”.
AzərTAc
xəbər verir ki, Beynəlxalq Aviasiya Komitəsinin (BAK)
prezidenti və Aviasiya və Hava Məkanından İstifadə
üzrə səlahiyyətli nümayəndələrin
Dövlətlərarası Şurasının prezidenti Tatyana
Anodina bu gün həmin Sazişin imazalanmasının əhəmiyyətini
bu cür qiymətləndirib.
T.Anadona
deyib: “Qərargahın Bakıda yerləşməsi
haqqında Sazişin imzalanması təsadüfi deyil. Bu, təkcə
mənim bu gözəl və qonaqpərvər ölkəyə
şəxsi məhəbbətimin və ehtiramımın,
inteqrasiya fəaliyyətimizin təməlində dayanan Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev barədə
nurlu xatirələrimin və ona şəxsi minnətdarlığımın,
ulu öndər Heydər Əliyevin işlərinin
davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevə
ehtiramımın əlaməti deyildir. Azərbaycan iqtisadi
baxımdan dinamik inkişaf edən ölkələrdən biridir.
O, dünyada aviasiya infrastrukturu çox inkişaf etmiş
ölkə kimi tanınır.
Biz
ölkələrimizin prezidentlərinin, hökumətlərinin,
xarici işlər nazirliklərinin, qanunvericilik hakimiyyəti
orqanlarının yardımı və dəstəyi olmadan
heç vaxt dünyanın ən səmərəli peşə
təşkilatlarından biri kimi ad-san qazanmazdıq. Bu gün
imzalanan Saziş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
bəyənilib. Şuranın qərargahının günəşli
və gözəl Azərbaycanda yerləşməsi, fəaliyyət
göstərməsi üçün çox gözəl
şərait yaradılıb. Biz təkcə sülh və
uçuşların təhlükəsizliyi üçün
çox əhəmiyyətli olan peşə fəaliyyəti
ilə məşğul olmaq niyyətində deyilik, həm də
bütün dünyanın heyran qaldığı, qeyri-adi və
unikal qadın olan Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın başçılıq etdiyi Heydər
Əliyev Fondunun fəaliyyətinə və onun həyata
keçirdiyi sosial proqramların inkişafına töhfə
vermək istəyirik”.
Xatırladaq
ki, bu gün Bakıda “Azərbaycan Respublikası Hökuməti
ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə
səlahiyyətli nümayəndələrin Dövlətlərarası
Şurası arasında onun Azərbaycan Respublikasının ərazisində
yerləşməsinin şərtləri haqqında Saziş”
imzalanıb. Sənədi Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Xələf Xələfov,
Aviasiya və Hava Məkanından İstifadə üzrə səlahiyyətli
nümayəndələrin Dövlətlərarası
Şurası tərəfindən Beynəlxalq Aviasiya Komitəsinin
(BAK) prezidenti və Aviasiya və Hava Məkanından
İstifadə üzrə səlahiyyətli nümayəndələrin
Dövlətlərarası Şurasının prezidenti Tatyana
Anodina imzalayıblar.
Azərbaycan.-2014.- 7 noyabr.- S.4.