Sumqayıtda əhalinin müraciətlərinə diqqətlə yanaşılır

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin akt zalında şəhərin idarə və müəssisələrində  vətəndaşların ərizə və şikayətlərinə baxılmasının mövcud  vəziyyəti ilə bağlı  müşavirə keçirilmişdir.

Müşavirədə çıxış edən Sumqayıt ŞİH-nin başçısı Eldar Əzizov  bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar ilk növbədə insanların sosial vəziyyətinin yaxşılaşmasına yönəlib: "Məmur məsuliyyətinin artırılması, şikayətlərin vaxtında cavablandırılması, problemlərin operativ həlli də məhz buna xidmət edir. Əhali ilə keçirilən görüşlər, açıq mikrofonların təşkili Sumqayıtda bu istiqamətdə görülən işlərin yalnız bir hissəsidir". E.Əzizov daha sonra vurğuladı  ki,   son illər Sumqayıtda aparılan tikinti - quruculuq işləri, əhəmiyyətli layihələrin icra edilməsi  nəticəsində əhalinin məşğulluq səviyyəsi artmış, həyat şəraiti yaxşılaşmışdır.

Hüquq - mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin iştirak etdiyi müşavirədə  sakinlərin istək və müraciətləri dinlənildi, qaldırılan problemlər müzakirə olundu. Sakinləri  narahat edən bu və digər məsələlər ətraflı cavablandırıldı, bəzi problemlərlə bağlı xüsusi qərar qəbul edildi.

Müşavirədə çıxış edən sakinlər təbii qaz, elektrik enerjisisu təchizatı,  təhsil, mədəniyyət, səhiyyə və digər  sosial məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Müraciətlər diqqətlə dinlənildi, onların həlli üçün əlaqədar təşkilatlara tapşırıqlar verildi.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.7.