Danimarka parlamentinin
deputatlarına Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlər
danışılıb
Danimarka parlamentinin deputatlarına
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətlər
danışılıb.
Danimarka deputatlarının ölkədəki siyasi partiyaların, diaspor təşkilatlarının və KİV-lərin nümayəndələri ilə görüşü olub.
Deputatlar Naddem Farooq, Pernilla Skipper və İda Auken görüş iştirakçılarına Danimarkanın qanunverici orqanının fəaliyyətindən ətraflı söz açıblar. Onlar Danimarkada fəaliyyət göstərən siyasi partiyalar və bu ölkənin mənafelərinə toxunan qlobal proseslər barədə də məlumat veriblər.
Görüşdə “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi də iştirak edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının hələ də davam etməsindən, bu durumun beynəlxalq hüququ kobud şəkildə pozmasından danışıb. Cəmiyyətin başçısı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsi barədə məlumat verərək deyib ki, Ermənistan həmin qətnamələrə məhəl qoymur. Bu səbəbdən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin salınan azərbaycanlıların hüquqları pozulur.
Rauf Əliyev
AzərTAc –ın xüsusi müxbiri
Stokholm
Azərbaycan.
- 2014.- 9 noyabr.- S.8.