Milli mənəvi dəyərlərimiz: tarixilik, varislikmüasirlik

 

Noyabrın 8-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda gənclər üçün təlim işə başlayıb.

Komitədən AzərTAc-a verilən məlumata görə, DQDK-nın sədri Mübariz Qurbanlı bu təlimin əsas məqsədinin milli mənəvi dəyərlərimizin tarixi, bu günü haqqında gənclərlə fikir mübadiləsi aparmaq olduğunu bildirib. M.Qurbanlı deyib: “Bizim məqsədimiz müstəqil dövlətimizi inkişaf etdirmək, gücləndirmək, bununla yanaşı, milli mənəvi dəyərlərimizi, dinimilli kimliyimizi qoruyub saxlamaqdır. Azərbaycan İslam ölkəsi hesab edilir, İslam dininin rəmzi sayılan yaşıl rəng bizim bayrağımızda əks olunubİslam bizim mənəvi dəyərimizdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Dinimiz milli mənəvi sərvətimizdir”. Biz hər hansı xarici qüvvələrə milli mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik. İndi ideoloji mübarizə gedir. Bizim ideologiyamızın adı “Azərbaycançılıqdır”.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, bu cür görüşlərin keçirilməsi zamanın tələbidir, çünki hazırda dünyada milli-etnik münaqişələr mövcuddur. Biz İslamı elmi-maarifçilik nöqteyi-nəzərindən təbliğ etməliyik. İslam bərabərlik prinsipi əsasında və məzhəblərdən, təriqətçilikdən uzaq, Quranda göstərilən qaydada təbliğ olunmalıdır. İslamın elmlə, inkişafla, insan haqları ilə bağlı ehkamları tədqiq olunmalı və insanlara çatdırılmalıdır.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İslam dini Azərbaycanda yayıldıqdan sonra millidini kimlik məsələlərinin bir-biri ilə çulğaşaraq vahid ideologiyaya çevrildiyini və 1400 ildən çoxdur ki, xalqımızın milli mentalitetinin ayrılmaz hissəsi olduğunu deyib. O bildirib ki, istər dövlətçilik, istər mədəniyyət tariximizə nəzər salarkən İslamın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini görürük.

Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, gənclərin milli mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği işinə cəlb olunması baxımından bu cür tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Gənclər həm dövlətçilik tariximizi, həm də milli, dini dəyərlər sistemimizi dərindən bilməli və bu dəyərlərin təbliğ olunmasında xidmətlər göstərməlidirlər.

Siyasi İnnovasiyaTexnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu cəmiyyətdə dinin və dindarların rolu haqqında danışaraq bildirib ki, inancından asılı olmayaraq hər bir vətəndaş ilk növbədə, dövlətinin və xalqının milli mənəvi dəyərlərini bilməli və qorumalıdır.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov “Gənclər və sosial şəbəkələr” mövzusunda məruzəsində bu gün gənclərin sosial şəbəkələrdəki fəallığından danışıb, bu fəaliyyətin bilavasitə dövlətçiliyə və milli maraqlara xidmət etməli olduğunu söyləyib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov “İslam radikalizminin təhlükəli təzahürləri ilə mübarizədə mötədillik əsas prinsip kimimövzusunda məruzəsində qeyd edib ki, İslam mütərəqqi ruha, ülvi dəyərlərə, zəngin elmi-mədəni irsə malik dindir. Bu gün ictimaiyyət, xüsusən də gənclər arasında İslam dini məhz bu yöndən təbliğ olunmalı, radikal meyillərin qarşısının alınmasında maarifçilik prinsipi əsas götürülməlidir.

Təlimin birinci günü tələbə-gənclərin iştirakı ilə maraqlı diskussiyalarla başa çatıb.

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.8.