Naxçıvan MR-də müasir yeyinti-sənaye kompleksi yaradılıb

 

Yeyinti sənayesi bütünlükdə ümumi sənayenin, başqa sözlə, sənaye istehsalının tərkib hissəsidir və xammalın daha yaxşı və keyfiyyətli emalı, yeyinti məhsulunun biolojienerjililik səviyyəsinin yüksəldilməsinin ən zəruri amillərindən biri olaraq əsasən yerli tələbatı ödəyir. Sənayenin bu növü həmçinin ölkənin ərzaq təminatının və ərzaq kompleksinin tərkib hissəsidir. Başqa sözlə desək, yeyinti sənayesi əhalini ərzaq və digər çoxnövlü yeyinti məhsulları ilə təmin edir.

Ölkəmizdə yeyinti sənayesinin inkişafı və onun səmərəliliyinin artmasına xüsusi qayğı göstərilir və bu sahə daim diqqət mərkəzindədir. Yeyinti sənayesinə Naxçıvan Muxtar Respublikasında da xüsusi fikir verilir, onun inkişafı, innovasiyası, genişləndirilməsi  ön plana çəkilir, bu sektorda işləyən sahibkarlara qayğı göstərilir. Həmçinin yeyinti sənayesi üzrə iqtisadi-texniki cəhətdən işlənib hazırlanmış yeni tədbirlər hazırlanır və onların  reallaşdırılması təmin edilir. Bütün bu işlər isə nəticəsiz qalmır. Bu gün ölkə əhalisinin əsas ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və hətta bu sahə üzrə ixracatın artması məhz həmin tədbirlərin nəticəsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə belə demişdir: "Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır... Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var. Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Biz əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq".

Naxçıvan Muxtar Respublikasında yeyinti sənayesi sahəsinin də əsası ümummilli lider Heydər Əliyev tərəfindən onun Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşinkişaf etdirilmişdir. 1970-1985-ci illərdə Naxçıvan MR-də yaradılmış sənaye müəssisələrinin 52 faizi yeyinti müəssisələri idi. Həmin dövrdə muxtar respublikada quşçuluq fabriki, şərabın ilkin emalı, pivə, süd, pendir zavodları, un kombinatı, mineral sular zavodları kimi iri müəssisələr tikilib istifadəyə verilmişdir. Onlar nəticə etibarilə muxtar respublikada yeyinti sənayesinin möhkəm bazasını təmin etmişdir. Regionda sənaye məhsulunun həcmində yeyinti sənayesinin payı 1955-ci ildə 36,3 faiz olduğu halda, 1985-ci ildə bu rəqəm 76,1 faizə çatmışdır. Yeyinti sənaye müəssisələri muxtar respublikanın bütün ərazisini əhatə etmişdir.

Naxçıvan MR-də bu günyeyinti sənayesi bütünlükdə emal sənayesində sanballı çəkiyə malikdir. Bu sırada isə yeyinti sənayesinin mühüm sahəsi olan çörək-bulka məmulatı istehsal müəssisələri çoxluq təşkil edir. Hazırda regionda iri un dəyirmanları, çörək zavodları, eləcə də şirniyyat sexləri fəaliyyət göstərir. Sözügedən sahənin yerli xammal hesabına işləməsini təmin etmək üçün Naxçıvan şəhərində tutumu 18 min ton olan taxıl bunkeri tikilib istifadəyə verilmişdir.

Əvvəllər olduğu kimi, müasir dövrdə də kartof ikinci çörək hesab olunur. Kartof gündəlik ərzaq istehlakının dörddə birini təşkil edir. Dünyanın müxtəlif ölkələrində kartofdan müxtəlif yeyinti məhsulları istehsal olunur. Faktlar göstərir ki, bütün dünya üzrə kartof istehsalının yarıdan çoxu yeməyə, üçdə bir hissəsi mal-qara yemi məqsədlərinə, onda bir hissəsi toxum və 25-də bir hissəsi nişasta istehsalına sərf edilir. Son illər dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Almaniya, Fransa, İngiltərə və Kanadada uzun müddət saxlanıla bilən kartof istehsalına xüsusi diqqət yetirilir. Naxçıvan MR-də də ilbəil kartof istehsalı artır. Hazırda muxtar respublika əhalisinin kartofa olan tələbatının əsasən yerli istehsal hesabına ödənilməsi də bu artımın nəticəsində mümkün olmuşdur.

2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi var idisə, 2013-də onların sayı təxminən 7 dəfə artaraq 438-ə çatmışdır ki, bunun da çoxu yeyinti  sənayesi müəssisələridir. 2013-cü ildə əvvəlki 10 ilə nisbətən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 16,4 dəfə artaraq 1milyard 37 milyon 748 min manata çatmışdır və onun əsas  hissəsi yeyinti sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Digər bir fakt: muxtar respublikada 2013-cü ildə 346 növdə  məhsul istehsal olunmuşdur ki, onun da əsas hissəsi yeyinti məhsullarının payına düşür. Bu gün Naxçıvan MR-də 100 növdən çox ərzağa olan tələbat yerli istehsal hesabına ödənilir. Hazırda regionda yeyinti sənayesi sektorunda fəaliyyət göstərən  müəssisələrin əksəriyyəti müasir avadanlıqlarla təchiz olunmuşdur. Onlar istehsalın həcmini və çeşidini tələbata uyğun tənzimləyirlər. Həmin müəssisələrdə çalışan işçilərin də sayı az deyil. Təkcə "Bərəkət" MMC-də bu gün 200 nəfər işləyir.

Naxçıvan MR-də yeyinti sənaye məhsulları kompleksinin formalaşması xarici  ölkələrdən belə məhsulların idxalının azalmasına səbəb olmuşdur. Üstəlik həmin müəssisələrin yerli xammalla işləməsi aqrar sektorda məhsul istehsalının artımı və bu məhsulların satış problemini də həll etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, regionda yeyinti sənayesinin əsas bazası olan kənd təsərrüfatı məhsullarının saxlanılması, tədarükü, emalı və reallaşdırılması üçün bütün lazımi və əsaslı tədbirlər görülür. Həmin tədbirlərin həyata keçirilməsinə dövlət tərəfindən hər cür, o cümlədən maddi dəstək verilir. Yalnız cari ilin keçən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə naxçıvanlı adamlarına 1 milyon 258 min manat güzəştli kredit verilmişdir.

Naxçıvan MR-də sosial-iqtisadi inkişafla bağlı qəbul edilən dövlət proqramları da başqa sahələrlə yanaşı, yeyinti sənayesinin əsaslı inkişafına müsbət təsir göstərir. 2013-cü ildə muxtar respublikada əvvəlki 10 ilə nisbətən sənaye, o cümlədən yeyinti sənaye  məhsulları istehsalının  dəfələrlə  artması bunun əyani təsdiqidir.

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.9.