Unudulmaz səs sahibi

 

"Sənət hünər meydanıdır. Xanəndə öz bacarığını daim təkmilləşdirməsə, bu meydanda çox duruş gətirə bilməz. Ona görə mən də həmişə ustalığımı təkmilləşdirməyi lazım bilirəm. Bundan sonra da ifa etdiyim mahnılarla ürəklərə yol tapmağa çalışacağam..."

Bu, mərhum xanəndə Kərim Həsənovdan otuz beş il əvvəl eşitdiyim sözlərdir. O, klassik muğamları yüksək səviyyədə ifa edirdi. Muğamın şöbə və guşələrindən yaxşı baş çıxarırdı. Xalq mahnıları onun ilıq nəfəsində, zəngulələrində gözəl səslənirdi. Kərimi bu sənətə möhkəm tellərlə bağlayansa Seyid Şuşinski ilə görüşü olmuşdu.

Seyid Şuşinskini Masallı rayonunun Şıxlar kəndinə toya dəvət edirlər. Axşam toyda ondan xahiş ediblər ki, Kərimin səsinə qulaq assın. Seyid əmi Kərimə üzünü tutub nə oxuyacağı ilə maraqlanıb. Kərim "Çahargah"  deyib. Onun cəsarətli cavabı Seyid Şuşinskiyə xoş gəlib. Təbəssümlə gənci süzüb və səsinə qulaq asandan sonra deyib: "Gələcəkdə səndən gözəl sənətkar çıxacaq!" S.Şuşinskinin bu sözləri Kərimin həyat yolunu müəyyənləşdirir.

Beləcə, o, Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Z.Adıgözəlovun, X.Şuşinskinin sinfində oxuyub. Atasının İkinci Dünya müharibəsində həlak olması  Kərimin axıradək təhsil almaq arzusunu ürəyində qoyub. Ailəsinə kömək etmək üçün rayona qayıdıb. Amma paytaxtla əlaqəni kəsməyib, ara-sıra şöhrətli müğənnilərlə görüşürdü. 1956-cı ildə K.Həsənov Azərbaycan gənclərinin birinci festivalında uğur qazanıb. Fəxri fərman və festivalın döş nişanı ilə təltif olunub.

1969-cu ildə Azərbaycan Dövlət Filormaniyasında keçirilən müsabiqədə K.Həsənov da iştirak edib. Münsiflər heyətinin üzvləri  - Xan Şuşinski, Şövkət Ələkbərova, Sürəyya Qaçaq, rejissor Əsəd Cəfərov Kərimin ifaçılıq bacarığını "Bayatı-Qaçar" təsnifi ilə imtahan ediblər. O, bu sınaqdan da uğurla çıxıb, Şövkət Ələkbərovanın təşəbbüsü ilə filormaniyaya solist qəbul olunub. Həmin ildən Əbülfət Əliyev, Sara Qədimova, Əlibaba Məmmədov və başqa sənətkarlarla respubilkanın rayonlarına qastrol səfərlərinə çıxıb. İfası alqışlarla, gül dəstələri ilə qarşılanıb, lent yazıları radio dalğalarında səsləndirilib, televiziya ekranlarında göstərilib. Onun oxuduğu muğamlardan bir neçəsi indi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

 

Əlihüseyn ŞÜKÜROV,

Masallı

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.14.