İstanbulda keçirilən kitab sərgi-yarmarkasında Azərbaycan bölməsi maraqla ziyarət olunur

 

Türkiyə Yayımçılar Birliyinin təşkilatçılığı ilə İstanbul şəhərindəki “TÜYAP” Sərgi Mərkəzində 33-cü Beynəlxalq kitab sərgi-yarmarkasının açılışı olub.

İyirmidən artıq ölkənin iştirakı ilə keçirilən sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, “Hədəf” nəşrlər evinin, “Qələm” və “Altun kitab” nəşriyyatlarının əməkdaşlarından ibarət heyət təmsil edir.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə qurulmuş bölmədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitabjurnallar, üçrəngli bayrağımız və digər dövlət atributlarımız nümayiş olunur. Ziyarətçilər, həmçinin qədim və müasir dövlətçilik tariximizi əks etdirən, Qarabağ həqiqətlərinə, ölkəmizin sosial - iqtisadi inkişafına, mədəniyyətimizə dair Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində kitablar, turizm haqqında müxtəlif bukletlər, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə bağlı nəşrlərlə tanış olurlar.

Sərgidə Azərbaycan bölməsinin ziyarətçilərinə ölkəmizin tarixininmüasir inkişafının, ilk Avropa Oyunları haqqında dolğun informasiyaların əks olunduğu broşürlər və bukletlər paylanır.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.16.