«Ümumrespublika yaşıllaşdırma» marafonu Lənkəranda da start götürdü
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də "Ümumrespublika yaşıllaşdırma" marafonuna start verilmişdir. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu - aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa çatdırılması planlaşdırılır.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma" marafonuna Lənkəranda da start verildi. Marafon çərçivəsində noyabrın 8-də Lənkəran şəhərində kütləvi ağacəkmə aksiyası keçirildi.
Aksiya zamanı şəhərin park və bağlarında, xiyabanlarda, magistral avtomobil yollarının kənarında gün ərzində 4 min ədəd dəmirağacı, palıd, fısdıq, küknar, tua, palma və digər müxtəlif növ ağaclar əkildi.
Aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Ağacəkmə aksiyası əhali arasında böyük razılıq hissi ilə qarşılanmışdır.
Barat Məhərrəmov, Aşağı Nüvədi qəsəbə sakini, əmək veteranı: - Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası bizi ürəkdən sevindirir. Yaşımın 80-i ötməsinə baxmayaraq, mən də bu xeyirxah təşəbbüsə qoşulmuşam. Bakı-Astara magistral yolunun Gərmətük qəsəbə tam orta məktəbinin yerləşdiyi ərazidə bir neçə ağac əkdim. Yaşıllaşdırma ekologiyamızın qorunmasında mühüm əhəmiyyət kəsb edir. Mən bundan sonra da belə aksiyalarda fəal iştirak edəcəyəm.
Rüstəm Cəfərov, Lənkəran ŞİH başçısının Günəhir inzibati ərazi dairəsi üzrə nümayəndəsi: - Bugünkü ağacəkmə aksiyasında nümayəndəliyimizin və yerli bələdiyyənin üzvləri ruh yüksəkliyi ilə iştirak edirlər. Biz Bakı-Astara magistral yolunun Gərmətük qəsəbəsi ərazisində xeyli miqdarda müxtəlif növ ağaclar əkdik. Bu xeyirxah təşəbbüsün - ağacəkmənin, yaşıllıqların əhəmiyyəti barədə, xüsusilə məktəblərdə maarifləndirmə xarakterli təbliğatların aparılması olduqca vacibdir. Biz bu istiqamətdə ərazimizdə lazımi təbliğat işlərini genişləndirəcəyik.
Şükür
Günəşov, Dövlət Maşın Sınaq Stansiyasının
əməkdaşı: - Məhz
yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin
qarşısını almaq, insanları ağac əkilməsinə təşviq etmək
və ətraf mühitin mühafizəsini
daha yüksək səviyyədə təşkil
etmək məqsədilə Leyla xanım
Əliyevanın təşəbbüsü
ilə başlayan ağacəkmə
aksiyası hamı kimi kollektivimizin
üzvləri tərəfindən də böyük
sevinclə qarşılandı. Bütün
rayon sakinləri kimi
stansiyamızın əməkdaşları da
bu aksiyada fəallıq
göstərərək Hirkan Milli Parkının yerləşdiyi magistral yolun ərazisində
çoxlu sayda ağac əkmişlər. Yaşıllıq
təmiz hava, ekoloji durumun saflığı deməkdir. Bu mühüm amili hamılıqla mühafizə etmək, dəyərləndirmək
lazımdır. Hərəyə bir ağac əksək, ətraf gülüstana
çevrilər.
Azərbaycan.
- 2014.- 12 noyabr.- S.12.