Dövlət
Bayrağı Günündə əsgərlərlə görüş keçirilib
Dövlət Bayrağı Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikanın tanınmış incəsənət xadimləri Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüblər. Əvvəlcə qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları çatdırmışlar.
Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən səbailli gənclərlə görüşmüş, onların xidməti və məişət şəraitləri ilə yaxından maraqlanmışlar. Qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər. Səbail RİH hərbi hissənin tələbatını nəzərə alaraq gətirdiyi müxtəlif tikinti materiallarını da hərbçilərimizə çatdırmışdır.
Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü ilə əlaqədar əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq bildirmişdir ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı Meydanı məhz Səbail rayonunda yerləşir və ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Asif Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. Ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına əmin olduğunu bildirmişdir.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibətilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır. Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri, polkovnik Qiyas Abbasov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermişdir. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Bayram münasibətilə
hərbi hissə komandirinin əmri ilə
xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə
mükafatlandırılmış və onlar
Səbail RİH-nin nümayəndələri
tərəfindən həmin gün evlərinə
buraxılmışlar.
Azərbaycan.
- 2014.- 12 noyabr.- S.11.