“Şahdağ” Turizm Kompleksi Binəqədi və Nəsimi məktəblilərinin
sevimli məkanına çevrildi
Noyabrın 10-da Bakının Binəqədi
və Nəsimi rayonlarının məktəblilərindən
ibarət qruplar “Ölkəmizi tanıyaq” devizi ilə təşkil
olunan maarifləndirici tur-aksiya çərçivəsində
Qusar rayonunun görməli yerləri ilə tanış olublar.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları günün birinci yarısında Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını artırır. Hazırda kompleksdə növbəti qış turizm mövsümünə hazırlıq işləri görülür.
Məktəblilər kompleksdə kanat yolları ilə səyahət edərək gözəl dağ mənzərələrini seyr ediblər. Ekskursiyada iştirak edən şagirdlər “Şahdağ” Qış-Yay Turizm Kompleksinin onların sevimli məkanına çevrildiyini bildiriblər.
Sonra tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında məlumat verilib. Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar.
Tur-aksiyanın iştirakçıları yüksək ərazidə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr etdikdən sonra Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.
Noyabrın 11-də Binəqədi
və Nəsimi məktəblilərindən ibarət qruplar Quba rayonunun
görməli yerləri ilə tanış olacaqlar.
Azərbaycan.
- 2014.- 12 noyabr.- S.11.