Problemlər
aradan qaldırılır
Azərbaycanda həyata keçirilən regional inkişaf dövlət proqramları nəticəsində əldə olunan sürətli tərəqqini Qusar rayonunun timsalında da aydın görmək olar. Əsrarəngiz təbiəti və işgüzar insanları olan bu diyar son bir neçə il ərzində daha da gözəlləşib, burada xeyli yeni sosial obyekt istifadəyə verilib. Bunun da əsas səbəbi rayonun inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdır. Son illər rayonda inşa edilən müxtəlif təyinatlı obyektlər əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb.
Qusarın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edır. Ötən aylar rayonda bu sahənin inkişafının dəstəklənməsi məqsədilə fermer və sahibkarlara güzəştli şərtlərlə 825,8 ton mineral gübrə verilmiş, 2014-cü ilin məhsulu üçün əkilmiş buğda sahələrinə görə 5658 nəfər istehsalçıya 788 min, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə 1310,3 min manat subsidiya ödənilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin səviyyəsinin artırılması üçün isə rayon "Aqroservis" müəssisəsinə ilin əvvəlindən əlavə olaraq 5 taxılyığan və 1 qarğıdalıyığan kombayn gətirilmişdir. Onu da deyək ki, son illərin yığım və biçin dövrlərində texnika sarıdan heç bir çətinlik yaranmayıb. Ümumiyyətlə, rayonda fermer və sahibkarlara daim qayğı göstərilir. Bu məqsədlə RİH vaxtaşırı müxtəlif tədbirlər həyata keçirir.
Qusarlılar əkib-becərdikləri məhsulun bir hissəsini Bakıda keçirilən kənd təsərrüfatı yarmarkalarına göndərirlər. Əvvəlki illərdə bu sahə üzrə bir qədər çətinliklər meydana çıxsa da, hazırda işlər öz yoluna düşür. Təkcə bu ilin 9 ayı ərzində satış yarmarkalarına 35 sahibkar tərəfindən tonlarla kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Sahibkarlara istehsal etdikləri məhsulları bazarlara daşımaqda və satmaqda kömək göstərilir. Öncə bölgələrdə hansı məhsullara ehtiyac olduğu öyrənilir, daha sonra şənbə və bazar günləri satış təşkil edilir.
Rayonda turizmin inkişafı sahəsində də bir sıra əməli tədbirlər həyata keçirilir. Ötən 9 ayda da "Şahdağ" Qış-Yay Turizm Kompleksi ərazisində tikinti işləri davam etdirilmiş, turistlərin qəbulu üçün əlavə infrastruktur yaradılmışdır. Ümumiyyətlə, ölkə rəhbərinin qayğısı sayəsində Qusar turizm bölgəsi kimi sürətlə inkişaf edir. Ötən illər ərzində rayona gələn turistlərin sayında müşahidə edilən artım da bunu təsdiqləyir.
Rayonun turizm bölgəsi kimi inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə avqust ayında Qusar şəhəri ilə Fransanın Mejev şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanmışdır. Bu sənədə əsasən, adları çəkilən şəhərlər arasında mədəni, iqtisadi, o cümlədən qış turizmi sahələrində əməkdaşlıq yaranacaq. Müvafiq beynəlxalq qaydalara görə, eyni olan mətn üzrə xartiyanın imzalanması məqsədilə Mejev şəhərinin nümayəndə heyəti bu günlər Qusar şəhərinə səfər etmiş, rayon icra hakimiyyətində başda Mejev şəhərinin meri də daxil olmaqla nümayəndə heyəti ilə görüşlər keçirilmişdir.
Rayonda kommunal
xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində
də mühüm işlər görülür. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı
məqsədilə elektrik xətlərində
təmir işləri aparılır, yararsız dayaqlar və naqillər təzələnir.
Qusarda qış soyuq
keçdiyi üçün
əhali enerjidən daha çox
istifadə edir və bu
səbəbdən transformatorların tez-tez
sıradan çıxması
problemlər yaradır. Bunun
qarşısını almaq üçün transformator
yarımstansiyalarında təmir işlərinə sentyabrdan başlanılmışdır.
Artıq Cibir, Quxuroba,
Hil, Çətkün, Qullar kəndlərində transformatorlar təmir
edilmiş, bəzi yerlərdə daha
güclüləri ilə əvəzlənmişdir.
Əhalinin üzləşdiyi əsas problemlərdən biri də dirəklərarası xətlərin
qırılmasıdır. Artıq bu problem də demək olar ki, aradan
qaldırılmışdır.
Sakinlərin təbii qazla təminatının yaxşılaşdırılması üçün də tədbirlər həyata keçirilir. Hazırda Kufoba və Qullar kəndlərində qazlaşdırma işləri başa çatmaq üzrədir. Ümumilikdə həmin yaşayış məntəqələrində 72 kilometr uzunluğunda yeni qaz xətləri çəkilmişdir. Qeyd olunanlardan əlavə 9 ayda Qusar şəhərində və rayonun Köhnə Xudat, Balaqusar, Bədişqala, Gedəzeyxur, Bədirqala, Çiləgir və Həsənqala kəndlərinə qaz xətləri çəkilmişdir. Bunlarla yanaşı, kəndlərə gedən qaz xətləri əlaqədar təşkilatın əməkdaşları tərəfindən vaxtaşırı yoxlanılır. Yerli mütəxəssislərin verdiyi rəyə görə, rayonda qış aylarında qazla bağlı problem olmayacaq.
Qusarda görülən işlərdə bir sıra xarici şirkətlər də iştirak edirlər. Məsələn, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar şəhərinin və ətraf 7 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayda suqəbuledici qurğu və yeni su anbarları tikilir. Layihə çərçivəsində növbəti ildə şəhər daxilində su və kanalizasiya xətlərinin çəkilməsinə başlanılacaq.
Rayonda yolların abadlığına
da xüsusi fikir verilir. Vaxtaşırı Bakı-Quba-Rusiya Federasiyası
ilə dövlət sərhədi, Qusar-Həzrə
və Qusar-Ləzə
avtomobil yollarında təmir işləri aparılır. Çınqıl örtüklü Həzrə-Sudur,
Qusar-Avaran, Qusar-İmamqulukənd-Suduroba,
Aşağı İmamqulukənd-Yasaboba
və Xuray-Suvacal yollarında da təmir-hamarlama işləri
görülmüşdür.
Başqa bir misal. Qusar-İmamqulukənd-Quxuroba yolunun yenidən
tikintisi ilə bağlı Prezident tərəfindən bu ilin iyulunda sərəncam
imzalanmışdır. Sərəncam 12 min nəfər əhalinin gündəlik qarşılaşdığı yol probleminin həllinə imkan verəcək. Artıq adıçəkilən
həmin yolun layihə-smeta sənədləri
hazırlanmış və
yolda tikinti işlərinə başlanılmışdır.
Hazırda yolun genişləndirilməsi,
yağış sularının
ötürülməsi üçün
iri diametrli boruların quraşdırılması,
yolun genişləndirilməsinə
maneçilik törədən
təpələrin kəsilməsi,
qaz, rabitə və elektrik xətlərinin köçürülməsi
işləri görülür.
Bunlardan savayı, rayon mərkəzində
bir sıra küçələrin asfaltı
təzələnmiş, səkilər,
piyada keçidləri
sahmana salınmış,
bir çox yerlərdə divarlar dekorativ daşla üzlənmiş, elektrik
və rabitə dirəkləri dəyişdirilmiş,
digər təmir işləri görülmüşdür.
Bu günlər
yağan qar qarşıdan gələn
qışın sərt
keçəcəyindən xəbər verir. Odur ki, bu məqsədlə
RİH tərəfindən xüsusi proqram tərtib olunmuş və işlər icra strukturları tərəfindən ciddi nəzarətə götürülmüşdür.
Müəssisə və
təşkilatların oduna
olan tələbatının
ödənilməsi üçün
ayrıca fond yaradılmış,
meşələrin qanunsuz
qırılmasının qarşısını
almaq üçün
əlaqədar təşkilatlara
göstərişlər verilmiş,
bu sahədə çalışanlar oktyabr
ayından xüsusi iş rejiminə keçmişlər. Qış mövsümünə
hazırlıqla əlaqədar
birləşmiş qazanxanalar
və istilik şəbəkəsi sahəsində
də hazırlıq işləri başa çatdırılmışdır. Eyni zamanda yol-istismar
idarəsi avtomobil yollarında maşınların
hərəkətinin təhlükəsizliyini
təmin etmək üçün yol kənarlarına qum
daşımış, yollara
səpiləcək duz
ehtiyatı görmüşdür. Qarlı-çovğunlu günlərdə rayon mərkəzi ilə uzaq dağ kəndləri
arasında əlaqələrin
kəsilməməsi üçün
rabitə vasitələrinin
işini fasiləsiz təmin etmək üçün komissiya yaradılmışdır.
Akif ƏLİYEV
Azərbaycan.
- 2014.- 12 noyabr.- S. 7.