Çaylıda bir gün

 

Çaylı Qazax  rayonunda Daş Salahlıdan sonra ən böyük  kənd sayılır. Əhalisi vaxtilə Qıraq Kəsəməndən gəlib. Qəhrəman Ağa Kəsəmənli oğlanları  Məmməd ağaNadir bəylə birlikdə ona peşkəş olunan sahədə, coşqun çayın kənarındakı sucuq bir yerdə əkin-biçinə başladı. Bu yerlərin adı da Çaylı qoyuldu.

Gördülər ki,  təbiəti səfalı, torpağı münbit və abaddır. Qıraq Kəsəməndən binnətovlar, imamlılar, carçılar, hayranlılar axışıb gəldilər. Sonralar - 1928-1930-cu illərdə ictimai təsərrüfatlar təşkil olunarkən Çaylının hesabına yaxınlıqda Kommuna kəndi yarandı.

Bu yerlərdə  onlarca  görkəmli  partiyasovet işçisi, təsərrüfat bilicisi, ziyalı, ictimai xadim yetişib. "Türk əlifbası" kitabının və bir neçə digər dəyərli əsərin müəllifi Hacı Kərim Sanılı  müxtəlif işlərdə çalışıb, Qazax qəzasına rəhbərlik edib. Yazıçı-publisist Musa Qocayev bir müddət dövlət təhlükəsizlik sistemində işləyib, xeyli bədii əsərin müəllifidir.

Solmaz Kosayeva "Aşıq Pəri" məclisinin  yaradıcılarından biridir. Pambıqçı Bəxtiyar Allahverdiyev və qabaqcıl təsərrüfatçı Murtuz Carçıyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Kimya elmləri doktoru Yaqub Musayev ABŞ-da elmi işlərini davam etdirir.

Təkcə bir ailədən - Murğuzovların ocağında iki nəfər elmlər doktoru - Nəcəf və Mirəzli, neçə-neçə elmlər namizədi yetişib. Onlardan 21 nəfəri fizika-riyaziyyat elminə yiyələnib. Kənddə bu cür ziyalı nəsillər çoxdur. Bu yerlərdə adamlar  öncə xoş əməlləri, xeyirxah işləri ilə tanınır. Novruz oğlu Hacı hələ  yüz il  bundan əvvəl  məscid tikdirib. Sonra isə həmin məscid xeyriyyəçi Elxan Binnətov tərəfindən əsaslı təmir edilib. Aradan illər keçməsinə baxmayaraq, indi də hörmətlə deyirlər ki, kəndin mərkəzindəki çinarları Qəni Eyvazov əkib. Nuru Məmmədov  alman mütəxəssisi dəvət edərək onlarca kəhriz qazdırıb. İndi bu kəhrizlər kənd bələdiyyəsinin sədri Vəli Kosayevin təşəbbüsü ilə bərpa olunur. Cavanşir Carçıyev  kəndi su boruları ilə təmin edib. Kazım Musayev klubu təmir edib, ara yolları  sahmana salıb. Elmira Nəsibqızı öz vəsaiti hesabına  qəbiristanlığa yaxın ərazidə  artezian quyusu  qazdırıb.

Çaylı belə Çaylıdır!

Kəndin milli təəssüblü, mərd, mübariz insanları var. İkinci Dünya müharibəsinə üç yüz nəfər gedib, yarısı geri qayıtmayıb. Qarabağ savaşında 27 nəfər şəhid olub. Yaşıllıqlar qoynunda onlara xatirə xiyabanı yaradılıb. Mədəni-maarif ocaqlarında sərgilər, xatirə guşələri düzəldilib.

Belə bir milli qeyrətli, torpaq məhəbbətli kənddən xain, xəbis güllələri də yan keçməyib. Burada bir ara Hacı Kərim Sanılı da həbs edilmişdi. Uzun müddət Gəncənin, Şəmkirin, Qazaxın partiya-sovet təşkilatlarına rəhbərlik etmiş Rəhim Rəhimov, 77-ci Azərbaycan atıcı diviziyasının kapitanı Kəbi Sanıyev və başqaları əksinqilabi-millətçi təşkilatın üzvləri kimi repressiya qurbanı olmuş, erməni  nankorları Seyid Əhmədin gözlərini çıxarmışlar.

Kəndin tarixi yerlərini, mədəni-maarif ocaqlarını gəzərkən, müxtəlif peşə sahibi olan insanlarla söhbət edərkən bütün bunların şahidi olduq. Kəndin  yetirmələri barədə sərgiləri, fotoguşələri gördük. Bir-birindən maraqlı sözlər eşitdik.

Çaylı çox mühüm strateji mövqedə yerləşir. Əskipara bölgəsinin qabağında dağ kimi dayanıb. Ən ağır günlərdə heç  kəs ata-baba  yurdunu tərk etməyib. Əksinə, , çörək dalınca gedənlər də bir-bir qayıdırlar. Çaylıda keçən bir  gün bizə kəndin tarixindən, taleyindən, elin adət-ənənəsindən, ən ağır günlərdə sarsılmayan inamından, etiqadından, etibarından xəbər verdi.

Canıyananlıq, təəssübkeşlik, torpağa məhəbbət, vətən sevgisi bu kəndin ruhundan gəlir. İcra nümayəndəsi  Mehman Eyvazov deyir ki, bu yerlərdə doqquz minə yaxın əhali yaşayır. Hamının evi-eşiyi də, bağ-bağatı da, işi-gücü, pal-paltarı, yemək-içməyi də var. Lakin neçə vaxtdır nadan qonşuların bəd əməlləri hamının qəlbini göynədir. O gün kəndin ağsaqqallarının toplantısında da bu barədə geniş söhbət getdi. Erməni quldurları yeddi kəndimizi yerlə-yeksan ediblər. Neçə-neçə cənnətməkan guşəni təhlükə altında saxlayırlar. Quşçu Ayrım, Məzəm, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Fərəhli, Xanlıqlar, Cəfərli, Bala Cəfərli kəndləri ön atəş  nöqtəsində yerləşir.

Doğrudur, ölkə rəhbərinin qayğısı və köməyi ilə mövcud  problemlər imkan daxilində həll olunur. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov yerlərdə səyyar qəbullar keçirir, insanların arzu və ehtiyaclarını öyrənir, onların icrası üçün tədbirlər görür. Hamını narahat edən kəndlərdən biri Kəmərlidir. Prezident İlham Əliyevin sərəncamı ilə Yuxarı Salahlı-Kəmərli yolu inşa edilib. Kəndin özünə 9 kilometr uzunluğunda asfalt yol çəkilib. Köhnə körpü əsaslı təmir edilib. İcra nümayəndəliyi və kənd məktəbi üçün binalar tikilib. Kəndə su çəkilib. Uşaq bağçası, kitabxana istifadəyə  verilib.

Aslanbəyli, Fərəhli, Abbasbəyli, Xanlıqlar, Cəfərli kəndlərində də problemlər ardıcıl surətdə həll olunur. Xanlıqlar kəndində müasir tipli məktəb binası tikilib. Bir  neçə artezian quyusu qazılıb. Fərdi evlər və sosial obyektlər inşa olunub.

Qazaxın ən narahat  kəndlərindən biri də Aşağı Ayrımdır. Hər  gün namərd düşmənin  mənfur hərəkətləri ilə üzləşən bu kəndin vəziyyəti necədir? Bölgənin icra nümayəndəsi Elman Nəsibovla əlaqə saxladıq.

- Rayonun hər yerində olduğu kimi, Aşağı Ayrım və Məzəm kəndlərində də  abadlıq-quruculuq işləri gedir. Son vaxtlar burada poçt, kitabxana, klub binaları əsaslı təmir olunub. Quşçu-Ayrımda yeni həkim məntəqəsi inşa edilib. İstər Quşçu-Ayrım istərsə Məzəm kəndlərində müasir məktəb binaları istifadəyə verilib.

E.Nəsibov kənd sakinlərinin fikrini ifadə edərək dedi ki, düşmənin təmas xəttinin yaxınlığında yerləşən kəndləri rayon mərkəzi ilə birləşdirən avtomobil yolu  dövlət başçısı İlham Əliyevin sərəncamı ilə əsaslı şəkildə bərpa olunub. Bu abad yaraşıqlı yoldan təkcə Quşçu-Ayrım  Məzəm kəndləri  deyil, həmin istiqamətdə yerləşən on  yaşayış məntəqəsinin əhalisi istifadə edir.

Kənd ağsaqqallarından biri dedi ki, təmas bölgəsində yaşayan kəndlərin sakinləri dövlətin qayğı  diqqətini həmişə hiss edir. Əhval-ruhiyyə yüksəkdir. Adamlar əkin-biçinlə məşğuldurlar. Yerlərdə işlər ahəngdar gedir. Xüsusən son vaxtlarda sərhəd bölgələrində təhlükəsizlik məsələlərinin daha da gücləndirilməsi haqqında Prezident İlham Əliyevin tapşırığı ilə sistemli surətdə görülən işlər bizdə tam inam yaradır ki, çox keçməz, müqəddəs torpaqlarımız  erməni işğalından azad olunacaq müstəqil respublikamızın digər yerlərində olduğu kimi, burada da genişmiqyaslı abadlıq-quruculuq işləri görüləcək.

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S. 7.