«Çıraq»
yeni layihələrin yoluna
işıq saçır
1997-ci il noyabrın əvvəlində "Çıraq" platformasından neft hasilatına başlandı. Bu, "Əsrin müqaviləsi"nin ilkin nefti idi. Noyabrın 12-də bu münasibətlə platformada təntənəli mərasim keçirildi. Ulu öndər Heydər Əliyev mərasimdə iştirak edərək "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin əməliyyatçısı BP şirkətinin və onun konsorsiumdakı tərəfdaşlarının nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar, neftçilər qarşısında dərin məzmunlu nitq söylədi.
"Çıraq"ın işlənməsi və istismarı AÇG çərçivəsinə daxil olan İlkin Neft Layihəsinin (İNL) bir hissəsidir. Bu layihə mövcud "Çıraq-1" platformasının əsaslı təmirini, Xəzərin sahilində Səngəçal və Qara dənizin sahilində Supsa terminallarının yaradılmasını əhatə edirdi. Bundan əlavə, İNL-ə dənizdə hasil olunan nefti quruya çıxarmaq üçün sualtı xətlər, sonra da onu dünya bazarlarına nəql etmək üçün ixrac kəmərləri lazım idi.
"Çıraq-1"in modullarının təmir olunması və dəyişdirilməsi üçün indi ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı Dərin Özüllər Zavodu strateji tikinti sahəsi kimi seçildi. Burada qurğunun əvvəllər ARDNŞ tərəfindən inşa edilmiş və quraşdırılmış şəbəkə tipli dayaq bloku təmir edildi, genişləndirildi və beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz olundu. Modulun 1035 tonluq dayaq çərçivəsi inşa edildi və quraşdırıldı, 24 yarığı olan göyərtəsi tikildi. Beləliklə, "Çıraq" demək olar ki, təzədən yaradıldı. Qurğunun qaldırma gücü 8500 ton idi.
İlkin Neft Layihəsi eləcə də Səngəçal və Supsa terminallarının inşası işini reallaşdırdı.
Şimal və Qərb ixrac boru kəmərləri bərpa edildi, əslində, onlar da təzədən tikilərək istifadəyə verildi.
"Çıraq" platforması Xəzərdə, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından quyuların qazılmasına 1997-ci ilin avqustunda başlanıb. Həmin ilin noyabrından, yəni, ilk neftin əldə olunmasından bəri "Çıraq" təmir və profilaktika üçün ayrılmış qısa fasilələr nəzərə alınmasa, demək olar ki, tam ahəngdar işləyir.
Platformadan neft 24 düymlük sualtı kəmərlə Səngəçala nəql edilir. Bu xəttin uzunluğu 154 kilometrdir. Səngəçalda neft tərkibində gələn sudan təmizlənir və çənlərə vurulur, sonra isə dünya bazarlarına yola salınır.
Yataqdan çıxarılan səmt qazı uzunluğu 50 kilometr olan 16 düymlük sualtı kəmərlə Neft Daşlarındakı kompressor stansiyasına ötürülür.
BP Azərbaycan şirkətinin məlumatına görə, bu ilin birinci yarısında "Çıraq"da 18 quyu istismarda olub. Onlardan 13-ü hasilat, 5-i suvurma quyusudur. Həmin dövrdə platformadan gündə orta hesabla 66 min barelə yaxın neft hasil edilib. "Çıraq"da vaxtaşırı yeni quyular da qazılır.
17 il əvvəl ilkin neftin alınması üçün nəzərdə tutulan bütün işlərin hamısının belə qısa bir müddətdə görülüb başa çatdırılması "Əsrin müqaviləsi"nin ilk böyük qələbəsi idi. Bu, bütün dünyaya Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçiriləcəyindən, Xəzərdə gələcək işlərin rəvan gedəcəyindən və müvəffəqiyyət qazanacağından xəbər verdi.
"Çıraq"ın qədəmləri həqiqətən, uğurlu oldu. Belə ki, AÇG-də müqavilə sahəsində 2004-cü ildən indiyədək daha 7 platforma quraşdırılıb. Bu qurğuların tikintisində, işə salınmasında və istismarında "Çıraq"ın təcrübəsindən geniş istifadə edilib.
İllər keçdikcə "Çıraq"da çalışan xarici mütəxəssisləri tədricən yerli sakinlər əvəz edib. İndi işçilərin əksəriyyəti Azərbaycan vətəndaşıdır.
"Çıraq" yatağının ehtiyatları hələ boldur. İndi burada 17 yaşlı "Çıraq"la yanaşı "Qərbi Çıraq" da ucalır. Yeni platformadan quyular Fasilə və Balaxanı laylarına qazılacaq. Onun dayaqları əvvəlki "Çıraq"a nisbətən xeyli dərinlikdə yerləşir. Məqsəd daha çox neft hasil etməkdir. "Qərbi Çıraq"dan çıxarılacaq neft isə az deyil - 360 milyon bareldir.
Xəzər yeni platformaların yolunu gözləyir. Yaxın gələcəkdə təkcə "Şahdəniz" yatağında iki yeni ən müasir nəhəng platforma quraşdırılacaq. Xəzərin Azərbaycan sektorundakı çoxsaylı hasilat qurğularından dünyanın neft-qaz bazarına uzanan yollara ilk işıq "Çıraq"dan düşüb.
Flora SADIQLI
Azərbaycan.
- 2014.- 12 noyabr.- S. 6.