Dənizdən
güclü...
Dəniz onun qoynunda işləməyə gələnləri çox sınayıb bərkdən-boşdan çıxarır. Bu, öz yerində. Amma Xəzər neftçilərinin özləri də çox tələbkar və məsuliyyətlidirlər. Sıralarına qoşulan gənc həmkarlarını qayğı ilə əhatə etməklə yanaşı, həm də imtahana çəkirlər. İşə təzə gələn ali məktəbi əla qiymətlərlə bitirmiş olsa belə...
Diplomlu gənc mühəndis öz karyerasına adətən operatorluqdan başlayır. Özünü doğrultduqca ona başqa, bir-birindən daha məsuliyyətli vəzifələr etibar edilir.
İlqar Ağayev də gənc mühəndis kimi dənizə Azərbaycan Dövlət Neft Akademiyasının diplomu ilə gəlmişdi. Onu operator vəzifəsinə qəbul etdilər. Məyus olmadı, əksinə, sevib-seçdiyi sahəyə gəldiyindən, mərd neftçilər ordusunun sıralarına qoşulduğundan məmnunluq duyub həvəslə işə başladı.
Həmin gündən 30 ildən çox keçir. Amma o vaxtkı qara saçlara qar ələyən təkcə illər olmayıb. Bu "iş"də Xəzərin dəli-dolu dalğalarının da "əli var". Axı, İlqar Ağayev dəniz küləyinin cövlan etdiyi estakadalarda, fırtınalarla əlbəyaxa olan özüllərdə çox təhlükələrlə üz-üzə dayanıb. Bu zaman sənətinə sevgisi, daxilindəki mərdlik, qeyrət, təmkin və dözüm qalib gəlib. Xəzərin dalğaları şahə qalxıb ətrafı lərzəyə gətirəndə ölümün gözünün içinə dik baxdığı dəqiqələr də az olmayıb. Hətta bir dəfə küləklər onu birbaşa coşan dalğaların ağuşuna atıb. Amma Azərbaycan neftçisi dənizdən də güclü imiş...
2008-ci ilədək neft və qazçıxarma sənayesi sahəsində operator, mədən müdirinin müavini, mədən müdiri, Mərkəzləşdirilmiş Mühəndis-Texniki Xidmətin növbə rəisi vəzifələrində çalışıb. Keçdiyi yol peşə kamilliyinə və vəzifə kürsüsünə zəhmətlə, pillə-pillə qalxdığını göstərir.
Amma dənizdə "vəzifə", "kabinet" sözləri nisbi xarakter daşıyır. Çünki müdirin, rəisin də iş otağı elə Xəzərin qasırğalı qoynudur. Odur ki, 2008-ci ildən başlayaraq bir il "Neft Daşları" NQÇİ-nin 1-ci neft və qazçıxarma sahəsinin rəis müavini, sonra həmin sahənin rəisi vəzifəsində çalışan İlqar Ağayevi onun üçün ayrılmış kabinetdə tapmaq müşkül məsələdir. O gah meydançalardadır, gah da özüllərdə. Rəhbərlik etdiyi sahə isə 4 estakadayanı meydança və bir-birindən aralıda yerləşən 7 dəniz özülündən ibarətdir. Sahədə 76 quyu istismar olunur. Bu quyulardan hər gün üçün nəzərdə tutulan 720 ton nefti və 50 min kubmetr qazı hasil etmək təcrübəli neftçinin və onun rəhbərlik etdiyi sahənin əməkçilərinin hünəridir.
Onunla Neft Daşlarının şimal-şərq qanadındakı estakadayanı meydançaların birində söhbət edirik. Sözarası deyir ki, taleyini neft sənayesi ilə bağladığı 32 il ərzində heç vaxt qəzetə müsahibə verməli olmayıb, nədənsə müxbirlər bu tərəflərə gəlməyiblər. Görünür, bunun səbəbi onun iş yerinin ən uzaq estakada və özüllərdə yerləşməsindədir... İşi-gücü, başçılıq etdiyi neftçilər dəstəsinin fədakar əməyi barədə deməyə kifayət qədər sözü olsa da, İlqar Ağayev çox təvazökardır. Qasırğalarla bu qədər "döyüşmüş" insanın üzündən mülayimlik, sadəlik və mehribanlıq yağır.
Mənim düşündüklərimi baxışları uzaqlara, dənizlə səmanın birləşdiyi nöqtəyə zillənmiş müsahibim sözlə tamamlayır:
- Dənizdən başqa heç yerdə
işləməmişəm. Qəribə taleyi olur dəniz
neftçisinin. Ömrünün
yarıdan çoxunu dənizdə keçirir...
Dənizə bəxş
etdiyi ayların, illərin müqabilində
qazandıqları da az olmur.
Bu, ilk növbədə paxıllıq, xəbislik
hissinin nə olduğunu heç vaxt yaşamaması - dənizin ona bağışladığı saflıq, paklıqdır.
Flora SADIQLI
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.12.