“Haaretz” qəzeti: Ermənilər Azərbaycanın
Xocalı şəhərində kütləvi etnik
qırğınlar törədiblər
İsrailin tanınmış
“Haaretz” qəzetində dərc olunmuş “Azərbaycan
İsrail üçün çox vacib ölkədir” sərlövhəli
məqalədə ölkələrimiz arasında ikitərəfli
əlaqələrlə yanaşı, ermənilərin zamanla
azərbaycanlılara qarşı törətdikləri
soyqırımı aktlarından, etnik təmizləmə siyasətindən
də bəhs edilib.
AzərTAc xəbər verir ki, məqalənin müəllifləri - Hayfa Universitetinin Cənubi Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut və israilli tarixçi Emil Abramov erməni daşnaklarının hələ 1918-ci ilin mart ayında Bakıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiklərini qeyd ediblər. Bildiriblər ki, 20 il bundan əvvəl Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq azərbaycanlı min illərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb.
Məqalədə oxucuların diqqəti xüsusilə Xocalı soyqırımına cəlb edilib. Bildirilib ki, Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 günahsız insan qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil.
Məqalədə Ermənistanda yaşamış yüz minlərlə azərbaycanlının da öz dədə-baba torpaqlarından didərgin salındıqları diqqətə çatdırılıb.
Müəlliflər bildiriblər ki, 22 il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda, ölkə rəhbərliyi vətəndaşların ümumi rifahını yaxşılaşdırmaq məqsədilə lazım olan bütün tədbirləri görür. Ermənistan isə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid olunmuş vəziyyətdədir, həyata keçirilən layihələrdən tamamilə kənarda qalıb.
Qeyd edilib ki, bu gün Azərbaycanda neft, qaz, kənd təsərrüfatı, müdafiə, turizm, tibb sahələrində onlarla xarici, o cümlədən İsrail şirkətlərinin sabit və rahat çalışması üçün hər cür şərait var. Ermənistanda isə xarici investisiyaların yatırımı demək olar ki, yoxdur. Yoxsulluq səbəbindən Ermənistan əhalisi ölkəni tərk edib xaricə qaçır.
Məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarının, münaqişə ilə bağlı hazırkı status-kvonun dəyişdirilməsinin zəruriliyi vurğulanır.
Müəlliflər Azərbaycanda heç zaman antisemitizmin olmadığını, iki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzinin inşa edildiyini diqqətə çatdırıblar. Yazıda Azərbaycanda multikulturalizmin həyat tərzi olduğu, dini etiqad azadlığının tam sərbəst həyata keçirildiyi vurğulanır. Müəlliflər yazırlar: “Azərbaycanda yaşayan 20 min yəhudi fəxr edir ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?”.
Məqalədə, həmçinin
Azərbaycanın İsrailin Cənubi Qafqaz regionunda mühüm tərəfdaşı, bu ölkənin əsas neft
və qaz təchizatçılarından biri olduğu qeyd edilib.
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.11.