«Vətən sənə oğul dedi»

 

Ölkəmizin müstəqilliyinin və qorunub saxlanılmasında xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Əsgər Ələkbər oğlu Əliyevin ad günü qeyd olunmuşdur. Bu münasibətlə Lənkəranda qəhrəmanın xatirəsi dərin ehtiramla yad edilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və Milli Qəhrəmanın doğmaları Əsgər Əliyevin adını daşıyan "Dostluq" mədəniyyət və istirahət parkına gələrək onun büstünün önünə təzə-tər qərənfil dəstələri düzüblər.

Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. O, 1982-1992-ci illərdə Ləj kənd və Haftoni qəsəbə orta məktəblərində təhsil almış, daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul  edilmişdir. 1995-ci ilin 14-17 mart tarixlərində Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev milli ordunun sıralarında hərbi əməliyyatlarda iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Lənkəran şəhərinin "Dostluq" mədəniyyət və istirahət parkına onun adı verilmiş, büstü qoyulmuşdur. 

Bu günlərdə Lənkəran şəhərindəki "Qala" hotelində Əsgər Əliyevin 40 illik yubileyinə həsr edilmiş "Vətən sənə oğul dedi" adlı tematik gecə keçirilib.

Milli Qəhrəmanın və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Əsgər Əliyev çox az, lakin mənalı, şərəfli ömür yaşadı. 1995-ci ildə dövlətçiliyimizin əleyhinə çıxan qaragüruhçu qüvvələr xaricdəki əlaltıları ilə birləşərək hakimiyyəti devirməyə can atırdılar. Lakin onlar mənfur niyyətlərinə nail ola bilmədilər. Çünki Əsgər Əliyev kimi vətənpərvər oğullarımız birləşərək müstəqilliyimizi məhv olmaqdan qorudular, bunun üçün canlarından keçdilər. Əsgər Əliyev milli ruhda böyüyüb tərbiyə almışdı. Ona görə də o, Vətən və el sevgisini hər şeydən üstün tutdu. Bəli, heç kəs unudulmur, heçyaddan çıxmır. Əsgər də mərdliyi ilə ölümsüzlüyə, əbədiyyətə qovuşdu. Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Əsgər Əliyev kimi qəhrəmanlara, bütün şəhidlərimizə, onların ailə üzvlərinə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Hazırda bu siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. İnanırıq ki, düşmən tapdağı altında olan torpaqlarımız tezliklə geri qaytarılacaq, şəhidlərimizin ruhu sevinəcəkdir. Əsgər Əliyev kimi mərd, cəsur oğulların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

Sonra Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev oğlunun şərəfli ömür yolu haqqında danışıb, onunbütün şəhidlərimizin xatirəsini daim əziz tutduqları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ailə üzvləri adından dərin minnətdarlığını bildirib.

Bədii qiraətçi Elvin Abdullazadə qəhrəmanlıq haqqında şeir söyləyib.

Filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı Əsgər Əliyevə həsr etdiyi şeirini oxuyub.

Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, şəhər 6 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Akif Xalıqov və Qarabağ Əlilləri İctimai Birliyi Lənkəran şöbəsinin sədri Əbülfət Əliyev çıxış edərək qəhrəman barəsində ürək sözlərini söyləyiblər.

 

İltifat ƏHMƏDOV

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.11.