Azərbaycan kompyuter oyunları üzrə dünya çempionatına böyük maraq göstərir

 

Azərbaycan digər ölkələrlə müqayisədə kompyuter oyunları üzrə dünya çempionatına çox böyük diqqət və maraq göstərir. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm, Bakıda keçiriləcək dünya çempionatı informasiya texnologiyaları sahəsinin inkişafında yeni addım olacaq.

AzərTAc xəbər verir ki, bu fikri ölkəmizdə səfərdə olan Beynəlxalq Elektron-İdman Federasiyasının prezidenti Byung Hun Jun noyabrın 12-də gənclər və idman naziri Azad Rəhimov ilə görüşdə deyib.

Görüşdə A.Rəhimov qonaqlara nazirliyin fəaliyyəti barədə məlumat verib, 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışıb, idman qurğularının təmir edildiyini, yenilərinin tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə sürətlə inkişaf edir. Bu qayğının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Azad Rəhimov Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumunkompyuter oyunları üzrə VI dünya çempionatının keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin sentyabrın 2-də Sərəncam imzaladığını vurğulayıb. Bildirib ki, oktyabrın 28-30-da keçirilən Gənclər siyasəti üzrə birinci qlobal forumda müxtəlif ölkələrdən olan gənclər yüksək fəallıq nümayiş etdiriblər.

A.Rəhimov Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini qonaqların diqqətinə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə “İşğal atında - Şuşa” və “İşğal altında – Ağdamkompyuter oyunları yaradılıb. Bu oyunlar ölkəmizin tarixini öyrənməyə imkan yaradır, gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.

Azərbaycanda gənclərin kompyuter oyunlarına böyük maraq göstərdiklərini diqqətə çatdıran nazir rəhbərlik etdiyi qurum tərəfindən bu sahədə hər il respublika üzrə yarışların keçirildiyini, Bakının BMT Təhlükəsizlik Şurasının Model Konfransına ev sahibliyi etdiyini bildirib. Kompyuter oyunları üzrə VI dünya çempionatından danışan A.Rəhimov bildirib ki, 2013-cü ildə təşkil olunmuş yarışda 2,5 mindən çox gənc iştirak etmişdi.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına görə təşəkkürünü bildirən Byunq Hun Jun ölkəmizdə idmanın hərtərəfli inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin Bakıya həvalə olunması Azərbaycanın idman ölkəsi kimi tanınmasının daha bir mühüm göstəricisidir.

Bildirilib ki, kompyuter oyunları üzrə dünya çempionatları özündə 48 üzv ölkəni birləşdirən Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) təşəbbüsü ilə 2009-cu ildən etibarən keçirilir. Altıncı dünya çempionatında dünyanın 33 ölkəsini təmsil edən 250-dən artıq nümayəndə iştirak edəcək.

Yarışın ümumi mükafat fondu 90 min manat təşkil edir. Bu, kompyuter oyunları üzrə dünya çempionatları tarixində ən böyük məbləğdir.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.10.