Binəqədi məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin maarifləndirici tur-aksiyalarının ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Binəqədi rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, şagirdlər aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarındakı Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar.

Binəqədi Rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında keçirilən yola salma mərasimində əvvəl iştirakçılar Ümummilli Liderin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva şagirdlərə turun məqsədi barədə məlumat verib, Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi istiqamətində gördüyü işlərdən danışıb.

Mərasimdə tur-aksiyalar yeniyetmə və gənclərin bilik və savadının, dünya görüşünün artırılması istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşüblər.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.10.