Binəqədi
və Nəsimi məktəbliləri ölkəmizin şimal qapısı sayılan Xaçmazda
Noyabrın 12-də Bakının
Binəqədi və Nəsimi rayonunun məktəblilərindən
ibarət qruplar “Ölkəmizi tanıyaq” devizi ilə təşkil
olunan maarifləndirici tur-aksiya çərçivəsində
Xaçmaz rayonunun görməli yerləri ilə tanış
olublar.
AzərTAc xəbər verir ki, iki qrupda birləşən 90 məktəblini Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarındandır. Xaçmaz şəhəri həm də müasir görünüşünə görə diqqəti cəlb edir. Turizm imkanları geniş olan rayona gələn minlərlə yerli və əcnəbi turistlər Xaçmazın gözəlliyinə heyran qalırlar.
Sonra qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində olublar. Burada tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Məktəblilər Xaçmaz şəhərində Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də olublar. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Məktəblilərin diqqətinə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır.
Binəqədi və Nəsimi
məktəbliləri dövlət rəsm qalereyası ilə
tanışlıqdan sonra Bayraq
Meydanı Kompleksinə gəliblər. Meydan
və Çənlibel parkında gəzintidən sonra məktəblilər Bakı şəhərinə
yola salınıblar.
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.10.