“Liderlik və idarəetmə” təlimi
başlanıb
Bakıda Təhsil Nazirliyi, “Allianz
Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin birgə layihəsi olan “Liderlik və idarəetmə”
təlimi başlanıb.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
İlk peşə-ixtisas təhsili
müəssisələrinin direktorları və gələcəkdə
bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün
keçirilən təlimin iştirakçıları
müsabiqə əsasında müəyyənləşdirilib.
İlkin mərhələdə təlimlər
yalnız Bakı şəhərində fəaliyyət
göstərən ilk peşə-ixtisas
təhsili müəssisələrini əhatə edəcək.
Təlimlər iki qrup olmaqla bir
nəfər beynəlxalq və bir nəfər
yerli ekspert tərəfindən
idarə olunacaq. Üç
ay davam edəcək təlimlərdən
sonra iştirakçılar Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanlarda iştirak edəcəklər. İmtahanlarda
qənaətbəxş nəticə göstərənlərə
“Uğur sertifikatı” təqdim olunacaq. “Uğur
sertifikatı” əldə etmiş və
hazırda ilk peşə-ixtisas təhsili
müəssisəsinin direktoru vəzifəsində
çalışan şəxslərin işlərində səmərəliliyin
artırılması üçün
müəyyən həvəsləndirmələr tətbiq
ediləcək. Hazırda direktor vəzifəsində
çalışmayan şəxslər isə direktor
vəzifəsi üzrə vakant yerlərə
təyin olunmaq üçün
ehtiyat kimi qeydə
alınacaqlar.
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.10.