Kiyevdə görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın əsərləri toplusu nəşr olunub

 

Ukrayna paytaxtında Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas, professor Mir Cəlalın əsərləri Ukrayna dilində “Yakiy obrati şlyax?” (“Yolumuz hayanadır?”) adlı kitab şəklində nəşr edilib.

Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə “İzdatelskiy dom Dmitriya Buraqo” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və redaktoru Azərbaycanın Ukraynadakı səfiri, dosent Eynulla Mədətlidir. Əsərləri Ukrayna dilinə İnna Sosnovçik tərcümə edib.

Yüksək poliqrafik səviyyədə çap olunmuş kitaba Mir Cəlalın “Yolumuz hayanadır?” romanı, “Bir gəncin manifesti” povestindən bir parça, “Salam, ana!”, “Sizə xoşbəxtlik arzu edirəm!” və başqa hekayələri, “Yetim”, “Əllər”, “Allah bilir” və başqa lirik miniatürlər daxil edilib. Kitabda müəllifin tərcümeyi-halı ilə bağlı məlumatlar da verilib.

Nəşrə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin yazdığı “Böyük ədəbiyyata gedən yol” sərlövhəli ön sözdə deyilir: “Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayev öz böyük istedadı və daimi yaradıcılıq axtarışları sayəsində milli nəsrin inkişafında yeni imkanlar kəşf edə bilib”.

Akademik vurğulayır ki, istedadlı yazıçı və ictimai xadim Mir Cəlal Paşayev (1908-1978) çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə fərqlənirdi. Bədii nəsrin, publisistikanın, ədəbiyyatşünaslıq elminin inkişafında onun böyük xidmətləri olub. Milli mətbuat tarixində Mir Cəlal publisistikasının özünəməxsusluğu ilk növbədə məzmunun anlaşıqlı və aydın, bədii palitranın geniş, dilinüslubun cəlbedici olmasıdır. Mir Cəlal publisistikasının bəzi nümunələri öz ifadə məziyyətlərinə görə bədii hekayələr kimi qəbul edilirdi.

Tanınmış alimimiz qeyd edir ki, Mir Cəlal Paşayev novator elmi araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirib.

Akademik İsa Həbibbəyli fikirlərini belə yekunlaşdırır: “Bütövlükdə deyə bilərik ki, Mir Cəlalın bədii əsərlərində (hələ sovet ideologiyasının hakim olduğu illərdə) Azərbaycan obrazı Vətən və xalq anlayışları güzgüsündə olduqca təbii şəkildə təcəssüm etdirilir. Oxucular Mir Cəlalın əsərləri ilə tanışlıq sayəsində onun Vətəni və xalqı haqqında kifayət qədər geniş təsəvvür əldə edə biləcəklər”.

Şübhəsiz, bu nəşr ukraynalı oxucunun da marağına səbəb olacaq.

Azərbaycanın Ukraynadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, bu günlərdə Kiyevdə “Yolumuz hayanadır?” kitabının Ukrayna dilində nəşrinin təqdimatı olacaq.

 

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.10.