Daxili Qoşunlarla Türkiyənin Jandarm Qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub

 

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin baş komandanı ordu generalı Abdullah Atayın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 11-də ölkəmizə rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, noyabrın 12-də nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, böyük öndərin əziz xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş mərd mübarizlərin şərəfinə ucaldılmış “Əbədi məşəl” kompleksini, bu yolda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını, həmçinin türk əsgərlərinin məzarlarını ziyarət ediblər.

Həmin gün daxili işlər naziri general-polkovnik Ramil Usubov ordu generalı Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Ramil Usubov dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib, ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətlərini, onunBir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.

Dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dostqardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayan Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. O, ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdıran ordu generalı Abdullah Atay ölkəmizin dinamik inkişafından, gündən-günə gözəlləşməsindən məmnunluğunu bildirib.

Jandarm Qüvvələrinin baş komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını xatırladaraq Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.7.