Yaşıl marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

 

Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib. Artıq ölkə miqyasında xeyli ağacgül kolları əkilib. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan Səbail rayonunun ictimaiyyət nümayəndələri tərəfindən Ümumrespublika Yaşıllaşdırma marafonu layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirmişdir. Rayonun idarə və təşkilatlarının, aliorta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin - ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunmuşdur.

İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, üzərinə mineral gübrələr səpilmişdir. Əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilmişdir. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədilə yerli ağac növləri ilə yanaşı, bir sıra xarici ölkələrdən müxtəlif gülağac kolları gətirilmişdir.

Yaşıl marafon layihəsinin ilk həftəsində keçirilən aksiya zamanı 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilmiş, hazırlanmış sahəyə 3500 kvadratmetr qazon otu döşənmiş, əvvəl əkilmiş 2000 ağaca qulluq göstərilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə maraqlanmışdır. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur.

RİH tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə cari ilin əvvəlindən irimiqyaslı yaşıllaşdırma işləri aparılmış, böyük sayda ağacgül kolları əkilmişdir. Hazırda onlara qulluq göstərilməsi işləri aparılır. Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

 

Azərbaycan. - 2014.- 13 noyabr.-  S.7.