Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət var

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsində olublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Alban-Udi xristian dini icmasının rəhbəri Robert Mobili qonaqlara icmanın fəaliyyəti, gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, udilərin kompakt yaşadıqları Nic qəsəbəsində mütəmadi olaraq abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi dövlət tərəfindən udilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Qeyd edilib ki, Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı var. Alban-Udi kilsəsinin bərpa edilməsi də bu diqqətin bariz nümunəsidir. Çünki bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Son illər udilər öz mədəniyyətini, dilinidinini qoruyub saxlamaq üçün mühüm işlər görür. Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyev bu işlərə dəstək verir. R.Mobili bu dəstəyə görə dövlət başçısına udilər adından təşəkkür edib.

Mübariz Qurbanlı dövlətin dinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də komitə tərəfindən lazımi dəstək göstəriləcək.

 

Azərbaycan. - 2014.- 13 noyabr.- S.7.