Arye QUT: Xocalı qırğınını törədən hərbi cinayətkarlar mütləq beynəlxalq məhkəmə qarşısında durmalıdırlar

 

Avropa Məhkəməsinin Cənubi Qafqaz ölkələri ilə bağlı qərarlarının bəzən qərəzli xarakter daşımasına baxmayaraq, elə vəziyyət yaranıb ki, hətta Avropa hakimləri də daha Ermənistanda Serj Sarkisyanın başçılığı ilə cinayətkar Qarabağ klanının hərəkətlərini soyuqqanlı və etinasızlıqla müşahidə edə bilmir.

Bu fikri beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut Avropa İnsan Haqları Məhkəməsinin Ermənistan vətəndaşlarının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun ərazisində qanunsuz hərbi xidmət keçməsi barədə Ermənistan hökumətinə növbəti müraciətini şərh edərkən səsləndirib.

Ermənistan KİV-lərinin yazdığına görə, bu məsələ qeyri-döyüş şəraitində həlak olan əsgərlərin doğmaları tərəfindən Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə dəfələrlə Ermənistan hökuməti qarşısında qaldırılıb. Böhranların Aradan qaldırılması üzrə Beynəlxalq Qrup qeyri-hökumət təşkilatının hesablamalarına görə, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın hərbi iştirakını bu ölkənin 10 min vətəndaşı təmin edir. Belə bir məlumat da böyük əhəmiyyət kəsb edir ki, Ermənistandan olan çağırışçıların və kontrakt əsasında xidmət edən əsgərlərin çoxu işğal edilmiş ərazilərə Ermənistan tərəfinin iddia etdiyi kimi, könüllü şəkildə deyil, müddətli hərbi xidmət keçməyin ümumi əsaslarına əsasən məcburi qaydada göndərilir. İsrailli politoloqun fikrincə, Avropa Məhkəməsinin bu məsələdə bilavasitə iştirakı ona dəlalət edir ki, Avropa İttifaqı Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalarını pozan sərsəm və tamamilə qanunazidd fəaliyyətini  pisləyir.

Bununla bərabər, Ermənistan KİV-ləri qeyd edirlər ki, Yerevanın rəsmi hakimiyyət orqanları özlərinə bəraət qazandırmaq üçün guya Ermənistanın 1994-cü ildə separatçı rejim ilə imzaladığı hansısa mövcud olmayan sənədə istinad edirlər. Politoloq deyib: "Tamamilə aydındır ki, bu, Azərbaycana qarşı təcavüzkar və işğalçı fəaliyyətinə növbəti dəfə bəraət qazandırmaq istəyən erməni separatçılarının yeni yalanı və sayıqlamasıdır. Biz işğal edilmiş Dağlıq Qarabağı Avrasiya strukturlarına çəkib gətirməyə cəhd edən Sarkisyan rejiminin diplomatik iflasını yaxşı xatırlayırıq. Amma Qazaxıstandan sərt cavab alan Ermənistan Dağlıq Qarabağın separatçı  terrorçu rejimi ilə həmrəylik nümayiş etdirmək qərarına gəlib. Aydın məsələdir ki, indiki Ermənistanın rəhbərliyi atəşkəs zamanı yaranan  əvvəlki status-kvonu nəyin bahasına olursa-olsun saxlamağa çalışır. Amma regionda son hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq.  Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbir kasası dolub və beynəlxalq hüquq normalarına görə Bakının nəinki özünü müdafiə etmək, həm də Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərini azad etmək hüququ var".

Arye Qut eyni zamanda birmənalı şəkildə göstərib ki, Ermənistan Respublikası əsgərlərinin göndərilməsi və Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz hərbi xidmət zamanı erməni əsgərlərin döyülməsi faktları təkcə beynəlxalq-hüquq normalarını pozmur, həm də Ermənistan rəhbərliyinin  təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı  yönələn dövlət terrorizminin davamıdır. Erməni xalqı, əslində, onu unudanöz şəxsi hakimiyyətini və oliqarxiyasını möhkəmləndirmək ilə məşğul olan Sarkisyan rejiminin sərsəm hərəkətlərindən təngə gəlib. A.Qut bildirib: "Bu gün artıq sirr deyil ki, Sarkisyan rejimi öz ölkəsini bütünlüklə soyub-talamaq hesabına varlanır. Nəticədə Ermənistan Respublikası və erməni xalqı milli fəlakətə sürüklənib. Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Cənubi Qafqaz regionunda təcrid olunan Ermənistan Xəzər dənizinin neft-qaz ehtiyatları ilə bağlı əsas geosiyasigeoiqtisadi layihələrdən, demək olar, kənarda qalıb. Danılmaz faktdır ki, bu gün Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir. Son vaxtlar biz sosial-iqtisadi uğursuzluğu və rəhbərliyin siyasətinin tam iflasa uğramasını müşahidə edirik. Nəticədə Ermənistanın hakimiyyət orqanları tərəfindən ölkədə " soyqırımı" həyata keçirilir. Ermənistanın "Nusisapail Network" nəşrinin yazdığına görə, bu ölkənin əhalisi sürətlə azalır, mühacirət ildən-ilə daha fəlakətli miqyas alır, əhali kütləvi şəkildə ölkəni tərk edir. Rəsmi statistik məlumatlar da ürəkaçan deyil. Həmin məlumatlara görə, Ermənistanda mühacirətin göstəricisi dünyada ən yüksək göstəricilərdən biridir. Hər il daimi əhalinin 1-1,5 faizi ölkəni tərk edir. Demoqrafiyanın mənfi saldosu bundan sonra da davam edib, hər min nəfərə "mənfi 1,3" həddində olacaq və artıq 2020-ci il üçün Ermənistanda ölüm halları  əhalinin mənfi artımı ilə birlikdə doğumu üstələyəcək. Demoqrafiya və mühacirət amilləri ilə bərabər, biz müxalifət və hakim elita arasında ciddi qarşıdurma müşahidə edirik. Sarkisyanın son hərəkətləri bir daha sübut edir ki, o, Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfən çıxan tamamilə məsuliyyətsiz və uzağı görməyən siyasətçidir. O, bütün çıxışları və hərəkətləri ilə Ermənistanın təcavüzkar və işğalçı siyasətinə bəraət qazandırmağa çalışır. Əslində isə özünün siyasi mədəniyyət səviyyəsini bir daha ortaya qoyur. Sarkisyanın bu hərəkətləri Ermənistan rəhbərliyinin sağlam təfəkkürünü və idrakını o dərəcədə dumanlandırıb ki, o, hətta Avropanın ciddi hüquq strukturlarının tələblərinə də məhəl qoymur".

İsrailli analitik Ermənistan silahlı qüvvələrinin generalı Manvel Qriqoryanın müharibə illərində Qarabağda yetkinlik yaşına çatmayan azərbaycanlını uzun illər faktiki olaraq kölə kimi saxlamasını etiraf etməsi faktını şərh edərək bildirib ki, Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi  cinayətlər, o cümlədən general Qriqoryanla bağlı fakt üzrə hərbi tribunal yaratmaq lazımdır. O deyib: "Xatırlatmaq yerinə düşər ki, general Qriqoryan  Ermənistan prezidenti Serj Sarkisyanın dostudur. Atalar məsəlində əbəs yerə deyilmir ki, "Mənə dostunu göstər, deyim sən kimsən".

Mən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "Justice for Khojaly" beynəlxalq kampaniyası çərçivəsində tez-tez İsrail cəmiyyəti qarşısında, eləcə də beynəlxalq forumlarda çıxış edərək dəfələrlə təkrar etmişəm və yenə də təkrar edirəm ki, bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Oqanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları  Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistanın indiki prezidenti Sarkisyanın bir səmimi etirafını xatırlamaq yetərlidir. Onun sözlərinə görə, "biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmaması haqqında stereotipi məhz Xocalıda qırdıq". Yaxud Z.Balayanın etirafını götürək. O, 1996-cı ildə nəşr olunan "Ruhumuzun canlanması" əsərində  Xocalı soyqırımına haqq qazandırır. Terrorçu Balayan Xocalıda ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımı, təhqir və həqarətləri öz kitabında fəxrlə sadalayır. Bu cinayətkar və azğın şovinist  utanıb-qızarmadan  bəyan edir ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin qəsdən məhv edilməsi onları yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq məqsədi daşıyıb. Beynəlxalq məhkəmə qarşısında məhz bu insanlar -  Xocalıda əmr verənlər durmalıdırlar.

Bu gün sirr deyil ki, Azərbaycanın xüsusi xidmət orqanlarının məlumatlarına görə, 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca hazırda itkin düşmüş sayılır. A.Qutun fikrincə, bu insanların əsir götürülməsi faktını Ermənistan tərəfinin  tamamilə inkar etməsinə baxmayaraq, Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bu siyahıda olanların bəzilərinə əsirlikdə baş çəkiblər. A.Qut deyib: "Onların erməni əsirliyində saxlanması faktı beynəlxalq hüquq müdafiəçiləri qrupu tərəfindən təsdiqlənib. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəliklərdən vəfat edib, bir qismi qətlə yetirilib, bəzilərindən  isə hələ də ən ağır işlərdə kölə kimi istifadə edirlər. Ermənistanda və işğal edilmiş ərazilərdə azərbaycanlı əsir və girovlar ilə amansız rəftar edilməsini, onların qətlə yetirilməsini, işgəncələrə məruz qalmasını, şikəst edilməsini təsdiq edən çoxsaylı məlumat və ifadələr var. Azərbaycanın Xocalı şəhərində qanlı qırğına görə tam məsuliyyəti Ermənistanın indiki Qarabağ klanı daşıyır. Bu heyvərə erməni hərbçisi və Ermənistan dövlətinin başçısının şəxsi dostu isə o qədər həyasızlaşıb ki, hətta XXI əsrdə azərbaycanlı uşağı kölə saxladığını etiraf etməkdən çəkinmir. Bu vəhşilərin nə vicdanı, nə də mərhəmət hissi var. Məhz buna görə də bu gün Ermənistan Respublikasında hakimiyyətdə olan bütün terrorçular və hərbi cinayətkarlar  mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında durmalıdırlar.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 13 noyabr.- S.9.