Novruz Məmmədov: Ermənistanın
belə məkrli təxribatları çox
olub
Xəbər verildiyi kimi, son günlər Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirir. Bundan məqsəd nədir?
Qafqazinfo bu sualla Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədova müraciət edib. AzərTAc N.Məmmədovun Qafqazinfo-nun sualına cavabını təqdim edir.
- Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə və məntiqinə yaxşı bələd olanlar bu hadisədən təəccüblənməzlər. Bildiyiniz kimi, münaqişənin həlli ilə bağlı son proseslərə nəzər salsaq, Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır və səylər göstərilir ki, münaqişə həll olunsun. Ermənistan prezidenti Sarkisyan, xarici işlər naziri Nalbandyan da bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar.
Amma ermənilərin belə
vəziyyətdə tez-tez təxribatlar
törətməsi, beynəlxalq aləmdə Azərbaycanla
bağlı qərəzli mövqe
formalaşdırması, görünür,
onlara çox
lazım idi. Özünüz
düşünün, belə bir vaxtda Azərbaycanın
işğal olunmuş
Ağdam rayonu ərazisində
40 minlik qoşunla
təlim keçirmək nəyə lazım idi?!
Özü də qoşunların təmas
xəttindən keçərək Azərbaycan tərəfdə
təxribat törətməkdə məqsəd nə idi?! Bax, Ermənistan rəhbərliyinin
məkrli siyasəti bu məqamda özünü daha
qabarıq göstərir. Guya danışıqlar prosesində irəliləyiş
olması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırdıqdan sonra
Ermənistan rəhbərləri diasporları, lobbiçiləri
və arxalarında dayanan digər qüvvələrin
vasitəsilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq üçün
bu cür hiyləgər
təxribatlara əl atmağa vərdiş
ediblər. Ermənilər belə bir fikir formalaşdırmağa
çalışırlar ki, guya Azərbaycan münaqişənin həllini
istəmir. Ermənistandan soruşan
lazımdır, 25 ildir ki,
Azərbaycanın işğal altında
saxladığın ərazilərində hərbi təlim
keçirməkdə məqsədin nədir?! Əlbəttə,
hamıya məlumdur ki, məqsəd birdir – Azərbaycanı qaralamaq,
öz tərəfdaşları vasitəsilə
Azərbaycan ilə bağlı mənfi fikir
formalaşdırmaq. Məqsəd budur. Belə
məkrli təxribatlar çox olub. Bu təxribatlar
hansı məqsədlərlə edilirsə edilsin,
ermənilər öz məqsədlərinə
nail olmayacaqlar. İşğal altındakı ərazilərini
azad etmək Azərbaycanın əsas hədəfidir.
Azərbaycan.
- 2014.- 13 noyabr.- S.5.