Azərbaycan Respublikasının 2008 - ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 157, ¹ 10, maddə 886; 2013, ¹ 7, maddə 792) ilə təsdiq edilmiş "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1-1-ci maddə əlavə edilsin:

"1-1. Xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş şəxsiyyət sənədi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi (tərtib olunmuş gəmi heyətinin siyahısından çıxarış) sərhəd nəzarətindən keçərkən təqdim etməlidir.".

2. 3-cü maddədə "daimi yaşama statusu" sözləri "daimi yaşamaq üçün icazə" sözləri ilə əvəz edilsin.

3. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"11. Şəxsin ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda, şəxsiyyət sənədini verən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dənizçiyə şəxsiyyət sənədinin verilməsindən imtina edilir.". 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 13 noyabr.- S. 3.