«Aqrar-Sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər» mövzusunda tədbir keçirilmişdir

 

Noyabrın 13-də Bərdədə "Aqrar-Sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Aran iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olmuşlar.

Sonra tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə dinamik inkişafın təmin edildiyini, əlverişli biznesinvestisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini  vurğulamışdır. O qeyd etmişdir ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması, ölkənin idxal-ixrac imkanlarının genişləndirilməsi Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləridir. Bu gün yerli məhsullar ənənəvi bazarlarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac edilir. Bu sahədə ölkəmiz geniş potensiala malikdir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dövlət başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafına verilən dəstək nəticəsində digər rayonlar kimi, Bərdədə aqrar sektorun sürətlə inkişaf etdiyini, bu sahədə müxtəlif istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu istiqamətdə sahibkarların rolunun daha da artdığını bildirmişdir.

Azərbaycan İnvestisiya Şirkətinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və AZPROMO-nun nümayəndələri ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, güzəştli maliyyə vəsaitlərinin çıxış imkanları, regionların inkişafına dəstək, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları və bu imkanlardan istifadə edilməsi istiqamətində görülən işlər barədə məlumat vermişlər.

Tədbirdə sahibkarların sualları cavablandırılmış, onları maraqlandıran məsələlər dinlənilmiş, xarici bazarlara çıxış imkanları müzakirə edilmiş və həmin məsələlərin həlli istiqamətində məlumat verilmişdir.

Sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmiş, yaradılmış əlverişli biznes mühitindən istifadə edərək məhsul istehsalının və ixracıın artırılması istiqamətində görüləcək işlərdən söz açmışlar.

Müzakirələrdən sonra Aran iqtisadi rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələri olan "Azqida" MMC, "Yevlax İstixana" firması və Qarabağ Sənaye Kompleksinin Bərdə ət kəsimi fabrikisoyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S. 7.