Əsrin
«şəkər» bəlası
Şəkərli diabet endokrin sisteminin pozulması nəticəsində əmələ gələn ciddi xəstəlikdir. O, insulin çatışmazlığı zamanı meydana çıxır və qanda qlükozanın miqdarı artır. Bu xəstəlik artıq neçə illərdir ki, qlobal problem kimi dünyanı düşündürür. 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünya diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Həmin gün milyonlarla insanın həyatını xilas edən, insulin preparatını kəşf edən tibb elmləri doktoru, professor, tədqiqatçı alim, Nobel mükafatı laureatı Frederik Bantinqin doğum tarixidir. O, 1921-ci ildə tələbəsi Çarl Best ilə birlikdə insulinin kəşfinə gətirib çıxaran ideyanın müəllifi olmuşdur. O zaman bununla bağlı ciddi fikir mübadiləsi aparılmış, dünya miqyasında geniş müzakirələr keçirilmişdir.
Nəhayət, həmin tarix rəsmi şəkildə təsdiq olunduqdan sonra diabetin ağır xroniki xəstəlik kimi səciyyələndirilməsi həmin günə ilbəil daha çox populyarlıq qazandırmışdır. Noyabrın 14-də Ümundünya Diabet Günü 160-dan çox ölkə, Beynəlxalq Diabet Federasiyasının 200 üzvü, milyonlarla insan, sağlamlığın keşiyində duran mütəxəssislər, nüfuzlu şirkətlər, təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən yüksək səviyyədə qeyd olunur. Hər il bu tarixlə bağlı diabetə dair mühüm mövzularda beynəlxalq miqyaslı müzakirələr, humanitar tədbirlər keçirilir.
Diabet və insan hüquqları, diabet və həyat tərzi, diabetə sərf edilən xərclər və digər aspektlərdə aparılan diskussiyalar mütəxəssislərin daim diqqət mərkəzində olur. 2004-cü ildə diabet və piylənmə, 2005-ci ildə diabet və pəncəyə qulluq, 2006-cı ildə diabet kasıblar və əlillər arasında, 2007-2008-ci illərdə uşaqlarda və yeniyetmələrdə diabet mövzularında maarifləndirici işlər, konfrans və simpoziumlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Bir faktı da qeyd edək ki, hələ 2006-cı ildə xəstəliklə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusi bəyannamə qəbul etmiş və həmin sənəddə şəkərli diabet ağır xroniki xəstəlik kimi səciyyələndirilmişdir. Sonrakı illərdə Ümumdünya Diabet Günü "Heç bir uşaq diabetdən həlak olmamalıdır" şüarı altında keçirilmişdir. 2009-2013-cü illər üçün isə Ümumdünya Diabet Gününün beş illik kampaniyasının mövzusu "Diabetin təlimi və onun qarşısının alınması" olmuşdur. Bu kampaniya dörd mühüm məqsədə yönəldilmişdir: hər bir dövlət şəkərli diabetin qarşısının alınmasına və idarə olunmasına dair strategiya və siyasət həyata keçirməlidir; diabetə düçar olan hər insan diabeti daha yaxşı idarə etməkdən ötrü təlim almalıdır; hər bir insan diabetin xəbərdaredici əlamətləri, onun fəsadlarının qarşısının alınması haqqında məlumata malik olmalıdır; Dünya Diabet Günü hər ölkədə qeyd olunmalıdır.
2014-2018-ci illərdə isə diabetə qarşı mübarizə tədbirlərinin "Sağlam həyat tərzi" şüarı altında keçirilməsi nəzərdə tutulmuşdur. Şəkərli diabet xroniki, üzücü, böyük xərc tələb edən, ağır fəsadlarla müşayiət edilən xəstəlikdir. Ailəyə, dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.
Dünya
təcrübəsində xroniki qeyri-infeksion xəstəliklərin biotibbi, psixoloji və sosial-iqtisadi aspektlərinə kompleks
yanaşılması prosesində şəkərli diabet model kimi
götürülmüşdür. Xəstəliyin
geniş miqyasda
artımı isə əhalinin sağlamlığının ümumi səviyyəsinin azalmasına səbəb
olmuşdur. Məhz buna
görə də ÜST 1992-ci ilə qədər şəkərli
diabeti qeyri-infeksion epidemiya kimi qiymətləndirmişdir.
ÜST-nin məlumatına görə,
1985-ci ildə dünyada 30 milyon
şəkərli diabet xəstəsi olduğu halda, hazırda
onların sayı 400 milyona
çatmışdır. Hesablamalara
görə, 2025-ci ildən sonra şəkərli
diabet xəstələrinin sayının
500 milyonu ötəcəyi gözlənilir.
Ona görə də diabet ÜST-nin qarşısında duran bir nömrəli
problemdir. Xəstəliyin gecikmiş ağırlaşmaları
nəticəsində ölüm
faizinin yüksək olduğu mütəxəssisləri
daha çox narahat edir. Alimlər tərəfindən müəyyən
edilib ki, şəkərli diabet nəinki endokrin, həm də ürək qan-damar sistemini zədələyən
xəstəlikdir. Ötən
illərin statistikasına
görə, şəkərli
diabeti olanlar arasında ürək qan-damar çatışmazlığından
ölüm halları
5-7 dəfə, korluq halları 10 dəfə, qanqren və aşağı ətrafların amputasiyası
50 dəfə, böyrək
çatışmazlığı 7-10 dəfə çoxdur. Diabetin xroniki fəsadlarına qoyulan maddi vəsait
(məsələn, hemodializ)
onun profilaktikasına sərf edilən məbləğdən qat-qat
yüksəkdir. Artıq inkişaf
etmiş ölkələrdə
bunu elmi iqtisadi baxımdan sübut etdikləri üçün şəkərli
diabetin müalicə və profilaktikasına xüsusi yer verilir.
Hazırda Azərbaycanda 200 mindən
çox şəkərli
diabet xəstəsi
var. Lakin daha narahatedici məqam 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulmasıdır. Bu isə
o deməkdir ki, həmin sayda insan diabetə düçar ola
bilər. Təşfiş doğurucu faktdır.
2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin
sayı 24 min 182 nəfər
təşkil edib.
Onlardan
3510-u insulindən asılı,
20426-ı insulindən asılı
olmayan şəkərli
diabet xəstələridir.
Ötən il "Diabet: XXI əsrin çağırışları" mövzusunda keçirilən
"dəyirmi masa"da
Beynəlxalq Diabet Federasiyasının prezidenti
Ser Maykl Hörstün
dediyinə görə,
bu xəstəlikdən
hər səkkiz saniyədə bir nəfər, il ərzində isə 4 milyon insan dünyasını
dəyişir: "Hər
bir milyon şəkərli diabet xəstəsi amputasiya olunur. Diabet bütün dünya
üçün böyük
problemdir. İkinci
tip diabet xəstələrinin
sayı isə gündən-günə artır.
Diabet hər ailənin və hər dövlətin büdcəsinə
böyük təsir göstərir. Yalnız həyat
şəraitini yaxşılaşdırmaqla,
sağlam qidalanmaqla, fiziki aktivliklə diabetin qarşısını
almaq olar".
Şəkərli diabet ömür boyu nəzarət, qayğı və monitorinqə ehtiyacı olan xroniki xəstəlikdir. Çox təəssüf
ki, bu gün
diabet uşaq və yeniyetmələr arasında sürətlə
inkişaf edir. Yeniyetmələrdə hərəkət fəallığının azalması,
artıq çəki
problemi ikinci tip diabetin bu yaşda
rastgəlmə tezliyini
artırır. Xəstəliyin sürətlə artması
pəhrizdə əsaslı
dəyişikliyin vacib
olmasını zəruri
edir. Dünyada diabet yalnız
tibbi deyil, həm də ağır sosial-iqtisadi problem
sayıldığı üçün
bu şəxslər dövlət qayğısı
ilə əhatə olunurlar. Azərbaycanda keçmiş sovetlər
dövründə belə
yardım mexanizmi işləsə də (diabet xəstələrinə
pulsuz insulin və həblərin verilməsi,
onların vaxtaşırı
müayinəsi və
s), ötən əsrin
90-cı illərində bu
mexanizm, demək olar ki, bütünlüklə
unuduldu. 2003-cü il dekabrın 23-də
MDB məkanında ilk dəfə
olaraq Azərbaycanda Milli Məclis tərəfindən "Şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı
haqqında" qanun qəbul edildi. Bununla da ölkəmizdə bu sahədə yeni bir mexanizmin
əsası qoyuldu.
2004-cü il fevralın 12-də qanunun tətbiqinə dair ölkə rəhbəri tərəfindən fərman
imzalandı və Nazirlər Kabinetinə diabet xəstələrinə
qayğının mexanizmini
əks etdirən xüsusi proqramların hazırlanması tapşırıldı.
2005-ci ildə
"2005-2009-cu illər üzrə
şəkərli diabet
üzrə Dövlət
Proqramı" təsdiq
edildi. Nazirlər
Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə "2011-2015-ci illərdə
şəkərli diabet
üzrə Tədbirlər
Proqramı" qüvvəyə
mindi. Bu proqram
çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət
vasitələri - qlükometrlər
və test sistemləri
pulsuz olaraq paylandı və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problemləri aradan qaldırıldı.
2006-cı ildə bu proqramların icrasına 6
milyon, 2007-ci ildə
12 milyon, 2008-ci ildə
19 milyon, 2009-cu ildə
10 milyon, 2010-cu ildə
12 milyon manat vəsait ayrıldı.
2013-cü ildə bu vəsait 2,8 dəfə artırılaraq
35,4 milyon manata çatdırılmışdır.
Bu gün diabetli insanların aşkar edilməsi işi yaxşılaşmış,
qeydiyyata götürülən
xəstələrin sayı
2003-cü illə müqayisədə
təxminən 3,6 dəfə artmışdır.
Hələ güman olunur
ki, insanların 50 faizi öz xəstəliyi
haqqında məlumatsızdır.
Həmçinin görülən
işlərin nəticəsi
kimi şəkərli
diabetdən ölüm
göstəricisi hər
100 min nəfərə 21,7-dən
7,5-ə enmişdir.
Qeyd etmək lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların
meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Hazırda respublikada şəkərli
diabet xəstəliyi ilə mübarizə dövlət səviyyəsində
aparılır. Ölkədə "Şəkərli diabetlə
xəstə şəxslərə
dövlət qayğısı
haqqında" qanun və onun icrası
məqsədilə hökumətin
diabet üzrə proqramları fəaliyyət
göstərir. Ona görə
də səhiyyə müəssisələrində bu proqramların yetərincə icra edilməsinə diqqət artırılmalıdır.
Son illər
bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Təhsil,
səhiyyə, kimsəsiz
uşaqların sağlamlığının
təmin olunması istiqamətində həyata
keçirilən sosial
layihələr içərisində
"Diabetli uşaqlara
ən yüksək qayğı" ilə bağlı reallaşdırılan
tədbirlər cəmiyyətdə
böyük rezonansa və rəğbətə
səbəb olmuşdur.
Bundan başqa, respublikada şəkərli diabetlə
əlaqədar qeyri-hökumət
təşkilatları da
fəaliyyət göstərir. Azərbaycan
Diabet Assosiasiyası
(ADA), Azərbaycan Diabet
Liqası (ADL) və digər təşkilatların
xətti ilə hər il
beynəlxalq elmi-praktik
konfranslar keçirilir,
xəstələrə yardımlar
edilir.
Məlumdur ki, şəkərli diabet öz ağırlaşmaları ilə
hər zaman qorxuludur və diabetoloqların uğurlarına
baxmayaraq, tək təbabət bu xəstəliyə qalib gələ bilmir. Bunun üçün
xəstələrin özlərinin
və ailə üzvlərinin fəal iştirakı lazımdır.
Diabetin idarə olunmasında insanlara onun mahiyyəti, istifadə olunan dərman preparatlarının təsiri,
pəhriz haqqında əhəmiyyətli biliklərin
verilməsinin çox
böyük rolu vardır. Başqa sözlə, sağlam
həyat tərzi diabetə tutulma hallarının 70 faiz azalması deməkdir.
İradə ƏLİYEVA
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 7.