Səsin sehri, dözümün
sınmayan əzmi...
Əlli illik efir
təcrübəsi olan əməkdar jurnalist Telman Qarayev gözlərinin nurunu
itirsə də, 80 yaşında qəlbinin
işığında yazır
Azərbaycan jurnalistikasında canlı
korifeylər zaman-zaman
olub. Müqayisəyə ehtiyac
olmasa belə, bu gün də
həmin ustad qələm sahiblərinin
yaratdığı jurnalistika
məktəblərindən bəhrələnənlər az deyil. Belə söz, sənət adamlarının yaradıcılığı
ilə yaxından tanışlıq isə qismətdir, hər kəsə nəsib olmur.
Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda əməkdar jurnalist, 80 yaşında da qıvraq görünən, əli qələmdən, dili kəlamdan düşməyən,
əlli illik efir təcrübəsi olan əməkdar jurnalist Telman Qarayevin üçcildlik
"Sənətin keçdiyi
yollar" kitabının
birinci cildinin təqdimat mərasimi keçirildi. Müəllifin
Azərbaycan Yazıçılar
Birliyinin və Bəstəkarlar İttifaqının
80 illik yubileylərinə
həsr etdiyi kitabların redaktoru Milli Məclisin deputatı, "Azərbaycan"
qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, məsləhətçisi
xalq yazıçısı,
AYB-nin sədri Anardır.
Azərbaycan Yazıçılar
Birliyinin gənclərlə
iş üzrə katibi Rəşad Məcid tədbiri aparmaq üçün sözü "Qobustan"
jurnalının baş
redaktoru Vaqif Əlixanlıya
verdi. O, qocaman söz sahiblərindən biri, uzun illər
Azərbaycan radiosunda çalışmış Telman
Qarayevin son illər səhhətində problem yaransa
da, səsdən sonra qələmə pənah gətirməsindən, yaradıcılıq
boyu korifey sənətkarlarla canlı
ünsiyyətindən, onların
səslərini lentə
almasından bu günə qədər həmin yadigarlara sədaqətindən ətraflı
danışdı.
Xalq artisti Ramiz Quliyev bu
ilin avqust ayında 80 yaşı tamam olan qocaman
jurnalistlə bağlı
xatirələrini və
arzusunu dilə gətirdi: "Telman Qarayev Azərbaycan mədəniyyətində iz
qoyan canlı və həm də əfsanəyəbənzər
ömür sürən
bir qələm adamı, söz sahibidir. Uşaqlıq dostumun mənzilində
olmuşam. Onun mənzilini
səs, söz, ümumilikdə, sənət
muzeyi adlandırardım.
Çünki orada beş mindən
artıq səs nümunələri saxlanır.
Həmin arxiv bu gün Telman
Qarayevə, sabah
misilsiz səs sərvətlərindən biri
kimi xalqa məxsus olmalıdır. Arzu edərdim ki, bu sərvət elə "səs muzeyi" kimi də qorunub saxlansın, ona qayğı göstərilsin.
Telman Qarayev, demək olar ki, həyatını və yaradıcı fəaliyyətini radio jurnalistikasına həsr edib və ömrünün
ixtiyar çağlarındadır.
Əlbəttə, Telman
Qarayev, dövlət və hökumətimizin daim diqqət və qayğısını
hiss edib. Lakin artıq qocaman
söz adamı
2006-cı ildən gözlərinin
nurunu itirdiyindən, onun sosial vəziyyəti
ürəkaçan deyil.
Şair-publisist Ramiz Məmmədzadə, yazıçı-publisist
Mustafa Çəmənli, xalq
artisti Zümrüd Məmmədova da Telman Qarayevin radio jurnalistikasında məktəb
yaratmasından bəhs
etdilər.
Azərbaycan Radio və
Televiziya Verilişləri
ASC Həmkarlar İttifaqı
Komitəsinin sədr müavini, əməkdar jurnalist Mübariz Süleymanlı, əməkdar
jurnalist Tahir Aydınoğlu, Şuşa
Dövlət Dram Teatrının
direktoru Yadigar Muradov, əməkdar
artist, Azərbaycan radiosunun
diktoru Əli Məhəmmədoğlu, "Abşeron"
rəsm qalereyasının
direktoru Eldəniz İbrahimov, şairə-publisist,
ötən əsrin
70-ci illərində Telman
Qarayevlə Azərbaycan
radiosunda birgə çalışmış Raifə
Sərxanqızı, AYB-nin
əməkdaşı, şair
Araz Arabaçı və digərləri də yubilyarla bağlı xatirələrini
bölüşərək, ona bundan sonra
da yaradıcılıq
yollarında əzmkarlıq
nümunəsi göstərməyi
arzuladılar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 7.