Biometrik pasportlar
təhlükəsizliyə və insanların rahatlığına
xidmət edir
Qloballaşan dünyamızda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı hər bir ölkədə cəmiyyət həyatının müxtəlif sahələrində, o cümlədən təhlükəsizliyin təmin olunmasında yeni forma və metodların tətbiqinə geniş imkanlar açır. Xüsusən beynəlxalq terrorçuluğun, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinin yaratdığı təhdidlər bu istiqamətdə qabaqlayıcı və adekvat tədbirlərin görülməsini zəruri edir.
Bu baxımdan hüquq pozuntularının aşkar edilməsinin və qarşısının alınmasının ən səmərəli üsullarından biri hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fəaliyyətində dövlət sərhədlərindən keçən şəxslərin etibarlı yoxlanılmasını təmin edəcək müasir informasiya texnologiyalarının tətbiqidir.
Bu sırada ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan və təcrübədə özünü doğruldan biometrik eyniləşdirmə sisteminin tətbiqi olduqca mühüm əhəmiyyət kəsb edir. Biometrik eyniləşdirmə sistemləri Azərbaycan da daxil olmaqla son illərdə dünyanın bir çox qabaqcıl dövlətləri tərəfindən tətbiq olunur.
Ölkəmizdə biometrik eyniləşdirmə sistemlərinə keçid 2006-cı ildən başlayır. Müasir təhlükəsizlik standartlarının harmonizasiyası ilə bağlı beynəlxalq təcrübəni nəzərə alaraq respublikamızda biometrik eyniləşdirmə sisteminin normativ-hüquqi, təşkilati, proqram-texniki, maliyyə-iqtisadi əsaslarının formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 mart 2006-cı il tarixli sərəncamına əsasən Dövlət Komissiyası yaradılıb. Sərəncamla komissiyaya respublikamızda biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramını hazırlayıb ölkə başçısına təqdim etməsi tapşırılıb.
Həmin işin müasir tələblərə uyğun təşkilini, qeyri-qanuni miqrasiya və cinayətkarlıqla mübarizə sahəsində digər ölkələrin müvafiq orqanları ilə biometrik məlumat mübadiləsinin tənzimlənməsini təmin etmək məqsədilə ölkə Prezidentinin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqram iki mərhələdə həyata keçirilib. Birinci mərhələ (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ-hüquqi aktların hazırlanaraq qəbul edilməsi məsələlərini, habelə miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirləri, o cümlədən sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsini əhatə edib. İkinci mərhələdə isə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi həyata keçirilib.
Qeyd edək ki, biometrik eyniləşdirmə sisteminin təsis edilməsi əhali haqqında beynəlxalq standartlara cavab verən vahid məlumat bazasının formalaşdırılmasını, biometrik pasportların, eyni zamanda şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasını təmin edən milli və beynəlxalq standartların hazırlanması üçün zəruri şəraitin yaradılmasını ehtiva edir. Biometrik eyniləşdirmə sisteminin məqsədi isə yeni nəsil pasportlarından istifadə etməklə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və digər dövlətlərlə qarşılıqlı əsasda vətəndaşlarımızın xarici dövlətlərə getmələri və əcnəbilərin ölkəmizə gəlmələrinin təmin edilməsidir. Odur ki, Dövlət Proqramında biometrik pasportların hazırlanması və istehsalı ilə bağlı işlərin təşkili, aparılması və biometrik eyniləşdirmənin tələbləri əsasında istehsalının təmin edilməsi və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində pasportlar üzrə altsisteminin təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında əhalinin biometrik pasportlarla təmin olunması məsələləri öz əksini tapıb. Həmçinin Prezident İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının biometrik pasportlarının hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" 12 mart 2010-cu il tarixli sərəncamı ilə pasportların hazırlanması və biometrik eyniləşdirmənin tələbləri əsasında istehsalının təmin edilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib, aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.
Həyata keçirirlən məqsədyönlü tədbirlər nəticəsində, eyni zamanda, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 12 iyun tarixli qanunun tətbiqindən sonra biometrik pasportların verilməsi istiqamətində işlər yekunlaşıb. 2013-cü il sentyabrın 2-dən etibarən Azərbaycanda biometrik pasportların verilməsinə başlanılıb. Həmin gün Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub.
Biometrik pasportlar üzrə beynəlxalq standartları Beynəlxalq Mülki Aviasiya Təşkilatı müəyyən edir. Belə ki, bu pasportlar təşkilatın müəyyən etdiyi yüksək texnologiya və təhlükəsizlik elementlərinin işlənilməsi ilə biometrik məlumatlarla təchiz olunur. Bu günlərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzində biometrik pasportların verilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, götürülən informasiyaların yoxlanılması, pasportların hazırlanması və vətəndaşlara təqdim olunması prosesini izlədik. Öncə qeyd edək ki, artıq bir neçə ildir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzində, eləcə də Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Bərdə və Şirvandakı regional mərkəzlərində pasportların verilməsində ən müasir mexanizmlərdən istifadə olunur. Vaxtilə mövcud olmuş növbələrdən indi əsər-əlamət yoxdur. Biometrik pasportların verilməsinə başlanılmasından sonra isə hər bir mərkəzin fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Hər gün səhər saat 9-dan axşam saat 6-ya qədər, bazar günü saat 11-dən 5-ə qədər fasiləsiz olaraq sənədlərin qəbulu və pasportların verilməsi həyata keçirilir.
Bakı Regional Mərkəzində bildirdilər ki, şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədilə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrdə müxtəlif seminar və treninqlərdə iştirak ediblər. Həmçinin yeni nəsil pasportların istehsalı üçün İsveçrənin "Trüb AG" şirkəti ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, müvafiq texniki avadanlığın Azərbaycana gətirilməsi və quraşdırılması, pasport blanklarının hazırlanması təmin olunub. Eyni zamanda, biometrik pasportların istehsalı sahəsində xidmət aparacaq əməkdaşlarla xarici ölkələrdə xüsusi treninqlər keçirilib və müvafiq sertifikatlar verilib.
Mərkəzin yeni inzibati binasının birinci mərtəbəsində elektron növbələri tənzimləyən müvafiq köşklər quraşdırılıb. Şəxsiyyət vəsiqəsini köşkə daxil edən vətəndaş avtomatik növbəyə durur. Burada vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılıb, eyni zamanda təcili tibbi yardım məntəqəsi və internet-kafe istifadəyə verilib. Növbəyə duran vətəndaş pasportu 1, 5 və ya 10 günə alması ilə bağlı müddəti özü müəyyən edir və müvafiq rüsumu ödəyir.
Sənədləri qaydasında olan və rüsumu ödəyən vətəndaş gözləmə zalındakı monitorda adını və hansı masaya dəvət olunduğunu gördükdən sonra növbəti zala daxil olur. Eyni vaxtda 30 vətəndaşa xidmət göstərilən bu zalda fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinələr, barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompüterlər və digər texniki vasitələr yerləşdirilib. Burada iki masaya bir fotokabinə var və eyni vaxtda 15 nəfərin şəklini çəkmək olar. Vətəndaş şəkildən xoşu gəlməzsə, yenisini çəkdirmək hüququna malikdir. Digər informasiyalar isə elektron şəkildə götürülür və bütün proses cəmi 3-4 dəqiqə çəkir. Öyrənirik ki, ən inkişaf etmiş ölkələrdə biometrik informasiyaların alınması prosesi azı 15-20 dəqiqə çəkir. Azərbaycanda bu müddətin dəfələrlə qısa olmasının səbəbi ən müasir avadanlıqların mövcud olması ilə əlaqədardır.
Daha sonra biometrik pasportun özəlliyi barədə məlumat aldıq. Bildirildi ki, biometrik pasportda elektron daşıyıcı (çip)
yerləşdirilir. Elektron
daşıyıcıya Azərbaycan
Respublikasının adı,
dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi,
sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı,
doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi,
qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti,
pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.
Bu pasportlar
ilk baxışda əvvəlki
pasportlara oxşayır,
amma onların üz qabığında biometrik pasport loqosu olur. Bu loqo biometrik pasportlar üçün beynəlxalq işarədir
və sənədin xüsusi elektron daşıyıcıya malik
olduğunu bildirir.
Sərhədi keçərkən bu pasportlar xüsusi
skaynerlərə yerləşdirilir
və bu qurğu çipdəki məlumatların birinci səhifədəki verilənlərlə
eyni olduğunu yoxlayır. Daha sonra vətəndaş
barmağını barmaq
izi skaynerinə qoyur və çipdə
saxlanan barmaq izlərinin qurğuda alınan barmaq izləri ilə eyni olduğu yoxlanılır. Biometrik pasportlarda
biometrik texnologiyalarla digər informasiya texnologiyaları, məsələn,
açıq açarlar,
kriptoqrafiya, elektron imza sistemi birləşdirilir.
Buna görə də biometrik pasportları saxtalaşdırmaq,
şəxsiyyəti təsdiq
edən məlumatları
dəyişdirmək mümkün
deyil.
Biometrik pasportların daha bir üstünlüyü
onların uşaqlara verilməsindədir. Respublikamızda bu sahədə
həyata keçirilən
islahatlardan, qanunvericiliyə
edilən dəyişikliklərdən
sonra 18 yaşına çatmayan şəxslərə
də biometrik pasportlar verilir. Ona görə körpələrin
də şəklini rahat çəkmək üçün xüsusi
avadanlıqlar quraşdırılıb. Lakin 15 yaşı tamam
olmayan vətəndaşlardan
barmaq izi götürülmür.
Pasportların hazırlanması və vətəndaşlara təqdim
edilməsi mərkəzin
ikinci mərtəbəsində
həyata keçirilir. Burada da
vətəndaşların rahatlığı
nəzərə alınıb,
onlar üçün
hər cür şərait yaradılıb,
qanunvericiliyin tələblərinə
uyğun olaraq aldıqları pasportların
elektron daşıyıcılarında
(çiplərdə) özləri
haqqında məlumatları
yoxlaya bilmələri
və dəqiqliyinə
əmin olmaları üçün xüsusi
köşklər quraşdırılıb.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin
regional mərkəzləri ilə yanaşı,
"ASAN xidmət" mərkəzlərində
də biometrik pasportlar verilir. "ASAN xidmət" mərkəzlərində vətəndaşlardan
alınan müraciətlər
avtomatik şəkildə
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə
ötürülür və
burada informasiyaların
dəqiqliyi yoxlanıldıqdan
sonra pasport hazırlanır. Pasport
1 yaşınadək uşaqlar
üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək
uşaqlar üçün
üç illik müddətə, 3 yaşından
18 yaşınadək uşaqlar
üçün beş
illik müddətə,
18 yaşına çatmış
şəxslər üçün
isə on illik müddətə verilir.
Biometrik pasportlar milli təhlükəsizlik sisteminin
təkmilləşdirilməsinə, sərhədi keçən
şəxslərin daha
dəqiq identifikasiyasına
xidmət edir. Bütün bunlar
həm də insanların rahatlığına
yönəlib. Çünki biometrik pasport vaxt itkisinin aradan qaldırılması
deməkdir. Ölkə hüdudlarını
keçərkən və
ya xarici ölkələrə viza
almaq istəyərkən
heç bir anketi doldurmağa ehtiyac qalmır, çünki bütün
informasiya elektron versiyada pasportun özündə yerləşdirilib.
Əvvəlki pasportlara gəldikdə
isə, onlar etibarlılıq müddəti
bitənə qədər
işləyəcək. Lakin vətəndaş istədiyi
zaman onu dəyişdirərək biometrik
pasportla əvəzləyə
bilər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 6.