ATƏT-in Minsk qrupunun bəyanatı cəbhədə baş vermiş ən son hadisələrlə bağlı məsuliyyətin Ermənistanın üzərində olduğunu göstərir

 

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 12-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli helikopterinin vurulması ilə bağlı bəyanat yayıb.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda baş vermiş hadisəyə görə həmsədrlərin ciddi narahatlığı ifadə olunubonlar ölüm hallarından təəssüfləndiklərini qeyd edərək, ölənlərin ailələrinə baş sağlığı veriblər. Həmsədrlər bəyanatda bu kəskin insidentə səbəb olmuş hadisələrlə bağlı ciddi narahat olduqlarını bildiriblər. Daha sonra isə onlar tərəfləri Azərbaycanın işğal olunmuş ərazilərindən keçən təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıblar. Həmsədrlərin fikrincə region üçün bu yay müşahidə olunan güc tətbiqinin növbəti raundu dözülməz olardı. Qeyd ediblər ki, 12 noyabr insidenti onlara münaqişədəki hazırki vəziyyətin qeyri-sabitliyini nümayiş etdirir və münaqişənin davamlı həllini tapmaq üçün səyləri intensivləşdirməyin təxirəsalınmazlığını göstərir. Bu məqsədlə də həmsədrlər mümkün olan istənilən yollarla münaqişə tərəflərinə dəstək göstərməkdə qətiyyətli olduqlarını ifadə ediblər.

Bəyanatın sonunda həmsədrlər tərəflərə atəşkəs rejiminə riayət edilməsi və münaqişənin dinc yolla həlli üçün Soçi, Nyuport və Parisdə götürdükləri öhdəliklərini xatırladıblar. Onlar təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində şəffaflığı artıracaq və noyabrın 12-dəki kimi hadisələrin baş vermə ehtimalını minimuma endirmək üçün etimad yaradıcı tədbirləri həyata keçirməyə çağırıblar.

Qeyd edək ki, Minsk qrupunun bəyanatı bir neçə aspektdən maraq kəsb edir. İlk növbədə ona görə ki, həmsədrlər noyabrın 12-də helikopterin vurulmasından narahatlıq ifadə etsələr də, açıq-aydın göstərirlər ki, bu insidentə səbəb əvvəlki hadisələr olmuşdur. Bu hadisələr isə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında da qeyd olunduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirməsi, son üç gün ərzində cəbhə xətti boyunca təxribat xarakterli uçuşlar həyata keçirməsi və nəhayət, Azərbaycan ordusunun mövqelərinin atəşə tutmaq istəməsidir. Beləliklə, bəyanatı həmsədrlərin ənənəvi balanslaşdırılmış mövqe sərgiləmək taktikasına uyğun olmasına baxmayaraq, faktiki olaraq baş vermiş hadisəyə görə məsuliyyət Ermənistanın üzərinə qoyulur.

İkinci bir məqam isə ondan ibarətdir ki, həmsədrlər tərəfləri gərginlik yaradacaq addımlardan çəkinməyə çağırırlar. Bu da ilk növbədə Ermənistan Müdafiə Nazirliyinin helikopterin vurulmasının Azərbaycan üçün ağır nəticələrin olacağı barədə bəyanatı ilə bağlıdır. Faktiki olaraq, həmsədrlər sətiraltı şəkildə yaranmış vəziyyətə görə Ermənistanı məsuliyyətli tərəf hesab etdikdən sonra, onu Azərbaycanı qıcıqlandırmamağa və daha sərt addımlar atmağa vadar etməmək mesajı veriblər.

Üçüncü məqam isə bundan ibarətdir ki, həmsədrlər təcili olaraq davamlı həlli tapmaq üçün səyləri intensivləşdirməyə çağırıblar. Doğrudan da Ermənistan tərəfi işğal olunmuş ərazilərdə “Unity-2014“ təlimləri keçirmək və orada iştirak edən hərbi texnika və canlı qüvvələrin sayı ilə media vasitəsilə öyünmək, təmas xəttində hərbi helikopterlərin uçuşunu həyata keçirmək, arasıkəsilmədən təxribatlar törətmək əvəzinə reallığı dərk etməli və hər iki ölkə prezidentinin son görüşlərində müzakirə olunduğu kimi diqqəti və səyləri münaqişənin sülh yolu ilə nizamlanmasına yönəltməlidir.

Həmsədrlər bu anlamda da növbəti dəfə Ermənistana xilas yolunu göstərirlər. Həmin yolu tutmaq isə Ermənistan hökumətinin ilk növbədə öz xalqının gələcəyi, regionda sabitlik, ədalət və inkişaf naminə ən böyük xidməti olardı.

 

Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan. - 2014.- 14 noyabr.-  S.5.