Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyi Belçikaya təhvil verib

 

Noyabrın 13-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi başa çatıb. Ölkəmiz sədrliyi Belçikaya təhvil verib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, nazir deyib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Bu 6 ay qitəmizin tarixində çox gərgin keçib. Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub.

Nazir bildirib ki, sədrlik dövründə korrupsiyaya qarşı mübarizə prioritet vəzifələrdən birini təşkil edib. İyunun 30-dan iyulun 1-dək Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlarmilli təcrübələr üzrə konfrans təşkil edilməklə Avropa Şurasının səylərinə töhfə verilib.

E.Məmmədyarov diqqətə çatdırıb ki, rəsmi Bakı Avropa Şurası idman nazirlərinin sentyabr ayında İsveçrənin Makolin şəhərində keçirilən 13-cü konfransında “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nın imzalanmasından məmnunluq duyur. Bu Konvensiya artmaqda olan korrupsiya fenomeninə qarşı mübarizədə əsas vasitə olacaq. Biz bu sənədin 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarından öncə qüvvəyə minməsi məqsədilə tezliklə ratifikasiyası üçün tələb olunan sayın əldə olunacağına inanırıq.

Xarici siyasət idarəsinin rəhbəri deyib ki, sentyabr ayında Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bu məsələnin Avropa Şurası tərəfindən ilk dəfə olaraq müzakirə olunması xüsusi qeyd edilməlidir. Konfransda Azərbaycan qabaqcıl təcrübələrin mübadiləsi üçün dövlət xidmətlərini göstərən agentliklərin beynəlxalq platformasının yaradılması təklifini irəli sürüb. Biz üzv dövlətlərdən Avropa Şurasının məqsədlərinə nail olunmasında böyük rol oynayan bu təşəbbüsü dəstəkləmələrini gözləyirik.

E.Məmmədyarov müxtəlif mədəniyyətli cəmiyyətlərin birləşməsinin Azərbaycanın sədrliyinin prioritetləri arasında olduğunu diqqətə çatdırıb, sentyabrın əvvəllərində Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə 2014-cü il üçün Avropa Şurasının mübadilə görüşünün keçirildiyini xatırladıb. Bakı, həmçinin Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsinə, Avropa İrs Günlərinin qeyd edilməsi tədbirinə, “Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumuna ev sahibliyi edib. Sədrlik çərçivəsində, həmçinin “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində onun nailiyyətlərini möhkəmləndirmək məqsədilə Azərbaycanın Qəbələ şəhərində forum təşkil edilib.

Nazir deyib ki, Azərbaycan özünün növbəti prioritetinə uyğun olaraq hər kəsin ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlara çıxışını təmin etmək üçün Avropa Şurasının öhdəliklərini tamamlamağa çalışıb. Bu kontekstdə biz Avropa Şurasının sosial həmrəylik strategiyasını və fəaliyyət planını nəzərdən keçirmək üçün sentyabr ayında Bakı şəhərində konfrans təşkil etdik. Milli insan hüquqları institutlarının qadınların hüquqlarının təmin edilməsində oynaya biləcəyi rol iyun ayında Bakı şəhərində keçirilmiş Avropa ombudsmanlarının konfransında geniş müzakirə edilib.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ölkəmizin sədrliyi müddətində gənclər və təhsil məsələlərinə də diqqət ayırdığını söyləyib. Bildirilib ki, Avropa Şurasının bu sahədəki səylərinə dəstək vermək məqsədilə Azərbaycan bəzi hallarda Avropa Şurasının coğrafiyasından kənara çıxan bir sıra beynəlxalq tədbirlər təşkil edib. Bakı şəhərində keçirilən Avropa Şurasının “Demokratik vətəndaşlıq və insan hüquqları sahəsində təhsil” Xartiyasının əlaqələndiricilərinin görüşünün, “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfransın və Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasının məqsədi təşkilatımızın səylərini təkmilləşdirmək olub.

E.Məmmədyarov Avropa Şurasının institusional dəstəyi ilə oktyabrın 28-30-da Bakıda Birləşmiş Millətlər Təşkilatının Gənclər Siyasəti üzrə I Qlobal Forumunun keçirildiyini də xatırladıb. Qeyd edib ki, konvensiya sisteminin səmərəliliyinə xüsusi diqqət yetirərək insan hüquqlarının müdafiəsi və təşviqi məsələsi ötən ay Bakı şəhərində keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolumövzusunda yüksək səviyyəli konfransda müzakirə olunub.

Nazir vurğulayıb ki, Azərbaycan, həmçinin sədrlik üstünlüklərindən istifadə edərək Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinə dəstək verib. Noyabrın 7-8-də Bakıda keçirilən qonşuluq siyasəti üzrə yüksək səviyyəli konfransda qonşu regionlardan olan tərəfdaş ölkələrlə dialoqun dərinləşdirilməsi üzrə nailiyyətlər nəzərdən keçirilib. Həm Avropa Şurasına üzv dövlətlərdən, həm də tərəfdaş ölkələrdən olan iştirakçılar bu siyasətə birmənalı dəstəklərini ifadə ediblər.

“Sədrlik dövrü, həmçinin Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında sıx qarşılıqlı əlaqə ilə yadda qalıb”, - deyən nazir bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Assambleyanın iyun ayında keçirilən sessiyasındakı nitqini xatırladıb.

Biz Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın möhkəmləndirilməsi səylərimizi də gücləndirmişik. Bu xüsusda Azərbaycan hazırda Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq haqqında qətnamə layihəsi üzrə BMT-də konsensus əldə etmək üçün qeyri-rəsmi danışıqlar aparır”, - deyə E.Məmmədyarov bildirib.

Sonda nazir deyib: “Biz sədrlik müddətinin başa çatmasından sonra da BelçikaBosniyaHerseqovinaya ümumi prioritetlərimizin həyata keçirilməsində dəstək verməkdə davam edəcəyik”.

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S.4.