Azərbaycan-Macarıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

 

Azərbaycanın Avropa məkanında əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Macarıstan Respublikasıdır. Adı çəkilən ölkə ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilmişdir.

Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyır. Ölkəmiz müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Hər iki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Macarıstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Macarıstan 26 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımış və 27 noyabr 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Rəsmi Budapeştin bu qərarı dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Macarıstan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Hazırda Azərbaycan və Macarıstan aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Budapeşt Azərbaycanın Avropanın siyasiiqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda, rəsmi Bakı Macarıstan ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlamışdır.

Macarıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, BMT Nizamnaməsinin müddəaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları rəhbər tutularaq həll olunmasını dəstəkləyir.

Prezident İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfəri ikitərəfli əməkdaşlığın fəal fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın görüşündə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilmiş, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılmışdır. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin  imzalanma mərasimi keçirilmişdir.

Bu sırada "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş", "Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) ilə Budapeşt Şəhər Meriyası (Macarıstan) arasında dostluq və əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının hökuməti ilə Macarıstan hökuməti arasında hava əlaqəsi haqqında saziş"i misal göstərmək olar. Həmçinin iki ölkənin idman və gənclər, təhsil sahəsində əməkdaşlığa dair sənədlərin də imzalanması münasibətlərin uğurla inkişaf etdiyini bir daha təsdiqləyir.

Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfəri zamanı imzalanmış sənədlər   əməkdaşlığın gücləndirilməsinə, bərabərlik, qarşılıqlı etimad, tərəfdaşlıq və dostluq prinsiplərinə söykənir. Səfər zamanı imzalanmış müxtəlif razılaşmalar siyasi, iqtisadi əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib: "Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir. Hörmətli cənab Baş nazir, Siz Azərbaycana iki dəfə səfər etmisiniz. Bu isə mənim Macarıstana üçüncü səfərimdir. Yəni, son bir neçə il ərzində bu qədər səfərlərin həyata keçirilməsi əlbəttə ki, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu gözəl siyasi əlaqələr iqtisadi sahəyə də müsbət təsir göstərir. Birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir".

Budapeştdə Azərbaycan-Macarıstan Biznes Forumunun keçirilməsi də perspektiv əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bir daha göstərdi. Forumda hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, əmlak, sənaye, maliyyə və digər sahələrdə fəaliyyət göstərən adamları iştirak ediblər. Forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeniinnovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstək ilə bağlı müxtəlif sənədlər imzalandı. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapdı.

Macarıstanın Baş naziri Viktor Orban bildirib: "Bu gün mən onu qeyd edə bilərəm ki, bu il Macarıstanda iqtisadi artım üç faiz təşkil edir. Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir. Mən cənab Prezidentə təşəkkürümü bildirmək istərdim ki, Macarıstana özü ilə işgüzar dairələrin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti gətirib. Bizim xüsusi əhəmiyyət verdiyimiz sahələrdən biri enerjidir. Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər. Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız varburada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin".

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəltmiş, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirmişdir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası onu göstərir ki, yaxın gələcəkdə bu əməkdaşlıq ölkələrimiz arasında sosial-iqtisadi yüksəlişə güclü təkan verəcək.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 14 noyabr.- S. 4.