Fransada Azərbaycan dilini öyrənən tələbələrin
sayı artır
Azərbaycanın təhsil naziri
Mikayıl Cabbarov noyabrın 13-də Fransa Şərq Dilləri
və Sivilizasiyaları Milli İnstitutunda (İNALCO) olub.
İnstitutun prezidenti xanım Manuel Frankla görüşdə Fransa-Azərbaycan münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılıb, son illər institutla Heydər Əliyev Fondu arasında əlaqələrin yaranması, İNALCO-da Azərbaycan dilinin tədrisinə marağın artması yüksək qiymətləndirilib, təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Həmçinin Azərbaycanın Təhsil Nazirliyi tərəfindən bu məsələyə lazımi dəstək veriləcəyi xüsusi vurğulanıb. Görüşdə Fransa kimi inkişaf etmiş bir ölkədə Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
İNALCO-nun prezidenti M.Frank rəhbərlik etdiyi tədris ocağında Azərbaycan dilinə xüsusi marağın olduğunu, son illər tələbələr arasında dilimizi öyrənmək istəyənlərin sayının artdığını söyləyib. O, əvvəlki illərdən fərqli olaraq Azərbaycan dilinin tədrisinə ayrılan saatların sayının artdığını, bu templə yaxın zamanlarda Azərbaycan dili və mədəniyyətinin tədrisi üzrə bakalavr, gələcəkdə isə magistr və doktorant proqramlarının nəzərdən keçiriləcəyini qeyd edib.
Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin
hərtərəfli şəkildə inkişaf
etdiyini, təhsil sahəsində əməkdaşlığın
xüsusi önəm daşıdığını,
Fransada Azərbaycan dilinə və onun tədrisinə marağın
artmasının çox sevindirici
və təqdirəlayiq hal olduğunu deyib.
Təhsil naziri Azərbaycan dilinin tədris olunduğu qrupun tələbələri ilə də görüşüb. Azərbaycan dilini tədris edən elmlər doktoru Aygün Eyyubova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2008-ci ilin noyabrında institutda olduğunu və Azərbaycan dilinin tədrisi ilə yaxından maraqlandığını xatırladıb. O, Heydər Əliyev Fondu ilə institut arasında Azərbaycan dilinin tədrisi ilə bağlı müqavilə bağlandığını bildirib.
İnstitutun digər müəllimi Aytən Babalıyeva Azərbaycan dilinin tədris olunduğu qrupda müxtəlif xalqların nümayəndələrinin dilimizi həvəslə öyrənmələrindən, tələbələr arasında müsabiqə keçirilməsindən, İNALCO və Azərbaycanın ali təhsil ocaqlarının əməkdaşlığından bəhs edib.
Azərbaycan barədə tələbələrə məlumat verən nazir M.Cabbarov ölkəmizin inkişafından, Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açıb, Azərbaycan dilini öyrənən tələbələrlə tanış olmaqdan məmnunluq hissi keçirdiyini bildirib.
Görüşdə bəzi tələbələr Azərbaycan dilində çıxış edərək ölkəmizə səfər etdiklərini söyləyib, bu dili öyrənməkdə əsas məqsədlərindən danışıblar.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və institutun rəsmiləri görüşlərdə iştirak ediblər.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.
- 2014.- 14 noyabr.- S.3.