Bakıda Azərbaycan-İran biznes forumu
keçirilib
İran Prezidenti Həsən
Ruhaninin Azərbaycana rəsmi səfəri
Noyabrın 13-də
Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran
biznes forumu keçirilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və İran
İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes
forumda iştirak ediblər.
Dövlət
başçıları biznes forumda nitq söylədilər.
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Cənab Prezident, Sizi Azərbaycanda
bir daha səmimi qəlbdən salamlayıram. Ölkəmizə
xoş gəlmisiniz. Sizinlə bərabər
İrandan gəlmiş və bu gün bizimlə birlikdə
olan bütün dostlarımızı salamlayıram.
Dünən Sizin Azərbaycana
rəsmi səfəriniz başlamışdır. Biz dünən
çox geniş fikir mübadiləsi aparmışıq.
Bir çox məsələlər müzakirə
olundu. Tam əminəm ki, bu səfərdən
sonra İran-Azərbaycan əlaqələri sürətli
inkişafına davam edəcəkdir.
Biz Sizinlə bu il
artıq dördüncü dəfədir ki,
görüşürük. İstəyirəm bunu iş
adamları da bilsinlər ki, bu, özlüyündə
bir göstəricidir. Onu göstərir ki, bizim
təmaslarımız çox əhəmiyyətlidir, dəyərlidir.
Biz bütün məsələləri müzakirə
edirik və aramızda qarşılıqlı anlaşma
mövcuddur. Əlaqələrin belə
intensiv olması çox müsbət haldır.
Çünki biz dost və qardaş ölkəyik, bizim
xalqlarımız əsrlər boyu bir-biri ilə sıx təmasda
olublar. Biz daim bir-birimizin yanında olmuşuq,
bir-birimizə dəstək, arxa olmuşuq. Bu gün isə iki suveren, müstəqil dövlət
kimi biz öz münasibətlərimizi bu möhkəm tarixi əsaslar
üzərində qururuq.
Son dövrlərdə
müşahidə olunan əlaqələr, onların səmimiliyi
bizi çox ruhlandırır. Əminəm ki, bu əlaqələr
gələcək illərdə daha da güclü olacaq və
müzakirə edilən bütün məsələlər,
müəyyən etdiyimiz layihələr həyatda öz əksini
tapacaqdır.
Mənim bu ilin aprelində
İran İslam Respublikasına rəsmi səfərim də
çox uğurlu olmuşdur. Əminəm ki, bu səfərin
də nəticələri çox dəyərli olacaq.
Biz dünən həm siyasi,
həm iqtisadi, həm mədəni əməkdaşlığı,
bütün digər məsələləri çox geniş
və səmimi şəkildə müzakirə etdik. Bu gün burada toplaşan
insanlar iş adamlarıdır. Onların
böyük maliyyə və biznes imkanları var. Biz çox
istəyirik ki, iqtisadi əməkdaşlıq da siyasi əməkdaşlığın
səviyyəsinə qalxsın. Buna nail
olmaq üçün yaxşı imkanlar var. Hökumətlərarası
komissiya çox fəal işləyir. Komissiyanın
hər iki həmsədri bu işlərə çox
böyük məsuliyyətlə yanaşır və biz
artıq gözəl nəticələri görürük.
Dünən və aprel ayında imzalanan
çoxsaylı sənədlər gələcəkdə
iqtisadi sahədə daha da böyük imkanlar açacaq.
Biz çox istəyirik ki, iş adamlarımız bir-biri ilə daha da
sıx əlaqədə olsunlar. Azərbaycanda
müxtəlif sahələrdə yüzlərlə İran
şirkəti fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda gözəl
şərait yaradılıbdır. Hesab
edirəm ki, onlar öz fəaliyyətindən
razıdırlar.
Bütövlükdə Azərbaycanda
çox müsbət sərmayə mühiti
yaradılıbdır. Azərbaycana xarici sərmayələr
qoyulur. Birbaşa xarici sərmayələrin
həcminə görə Azərbaycan postsovet məkanında
lider dövlətdir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə
qoyulmuşdur ki, bunun da 30 faizi xarici sərmayədir.
Yəni, bu, özlüyündə onu göstərir ki, xarici investorlar Azərbaycanın gələcəyinə inanırlar. Azərbaycanda yaranmış investisiya, biznes mühiti onları qane edir. Əks təqdirdə Azərbaycana bu qədər vəsait qoyulmazdı. Hər il təxminən 20-25 milyard dollar sərmayənin qoyuluşu növbəti illərdə də gözlənilir. Biz çox istəyirik ki, İran şirkətləri Azərbaycana daha da böyük həcmdə sərmayə qoysunlar, eyni zamanda, Azərbaycanın özəl və dövlət şirkətləri İrana sərmayə yatırsınlar. Dünən cənab Prezident ilə bu məsələləri müzakirə etmişik. İnfrastruktur, sənaye layihələri, digər xidmət sektorları üzrə böyük imkanlar var.
Həm İranın, həm
Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Biz
özümüzü təmin edən ölkələrik. Xarici kreditlərdən asılı ölkələr
deyilik. İqtisadi müstəqillik əlbəttə ki,
ölkələrimiz üçün çox böyük mənfəətdir,
o cümlədən siyasi mənfəətdir. Çünki
iqtisadi müstəqillik olmadan ölkə tam müstəqil
siyasət apara bilməz. İran və Azərbaycan beynəlxalq
arenada müstəqil siyasət aparan ölkələrdir.
Hesab edirəm ki, biz bu baxımdan bəzi ölkələrdən
böyük dərəcədə fərqlənirik.
Ona görə qarşılıqlı sərmayə qoyuluşu, əlbəttə ki, gözəl siyasi əlaqələr fonunda mümkündür. Bu da var. Bu gün bizim siyasi əlaqələrimiz, deyə bilərəm ki, ən yüksək səviyyədədir və biznes qurumları bu gözəl imkanlardan istifadə etməlidirlər. Eyni zamanda, İran şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edirlər. İnfrastruktur layihələrinin icrasında onların fəaliyyəti çox müsbətdir, uğurludur. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycanda böyük infrastruktur layihələri icra olunacaq, əlbəttə, İran şirkətləri bu imkanlardan istifadə etməlidirlər.
Azərbaycana növbəti illərdə də həm dövlət, həm özəl sektor tərəfindən böyük investisiya qoyulacaq. Ona görə bugünkü biznes forumda Azərbaycanın gələcək planları da təqdim ediləcəkdir ki, İran şirkətləri hansı sahədə hansı işlər görüləcəyini bilsinlər. Çünki bizdə bütün işlər beşillik proqram əsasında görülür. Artıq üçüncü Dövlət Proqramı icra edilir. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi. Bu proqramlarda hər şey açıq-aydın göstərilir - hansı şəhərdə, hansı kənddə hansı iş görüləcək, nə vaxt görüləcək, bu işi görən dövlət qurumu hansıdır. Bu proqram mətbuatda da dərc edilib. Ona görə, hər bir şirkət üçün Azərbaycanda görüləcək işlər haqqında məlumat əldə etmək o qədər də çətin deyil. Hesab edirəm ki, bu formatda aparılacaq müzakirələr yeni kontraktların imzalanmasına gətirib çıxaracaq.
Bir üstünlüyümüz də ondan ibarətdir ki, biz qonşuyuq və bizim aramızda heç bir tranzit ölkə yoxdur. Həm coğrafi nöqteyi-nəzərdən, həm bütün başqa mənalarda bizim aramızda heç kim yoxdur və ola da bilməz. Biz dünən bunu bir daha təsdiqlədik ki, ikitərəfli əlaqələrimizin böyük tarixi var. Xalqlarımız daim bir yerdə olmuşlar. Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və heç bir üçüncü tərəf bizim aramıza girə bilməz. Biz buna imkan vermirik və verməyəcəyik. Baxmayaraq ki, belə cəhdlər var. Siz də yəqin ki, bunu izləyirsiniz, görürsünüz. Ancaq hər iki tərəfin güclü iradəsi heç vaxt imkan verməyəcək ki, münasibətlərimizə kimsə qarışsın, hansısa təxribat törətsin və beləliklə, öz istəyinə nail olsun. Bunun qarşısını alan hər iki dövlətin güclü siyasi iradəsidir və eyni zamanda, İran və Azərbaycan cəmiyyətlərinin bu siyasətə olan dəstəyidir. Bu olmasa, əlbəttə ki, işimiz yarımçıq qala bilər.
O ki qaldı Azərbaycanın iqtisadi inkişafına, son illər bu inkişaf çox sürətli olmuşdur. Son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Bizim maliyyə vəziyyətimiz sabitdir. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Son on ildə büdcə xərcləri 20 dəfə artmışdır. Yoxsulluq 49 faizdən 5 faizə düşmüşdür. İşsizliklə bağlı çox müsbət addımlar atılmışdır. İndi işsizlik 5 faizdən aşağıdır.
Bu iqtisadi sabitlik, maliyyə sabitliyi əlbəttə, bizə imkan verir ki, sürətlə inkişaf edək. Eyni zamanda, Azərbaycan beynəlxalq məsələlərin həllində müstəqil siyasət aparır. Beynəlxalq aləm Azərbaycanı dəstəkləyir. Əgər belə olmasaydı, biz dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməzdik. Yəni, gənc dövlət üçün bu, böyük bir nailiyyət idi, 155 ölkə bizə inandı, öz dəstəyini verdi və biz onların etimadını iki il ərzində doğrultmuşuq.
İqtisadi müstəqillik
bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində,
ikitərəfli və çoxtərəfli əməkdaşlıq
formatında öz mövqeyimizi müdafiə edək. Bizim
mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa və ədalətə
söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər
üçün də xüsusi əhəmiyyət kəsb
edir. Harada ki, beynəlxalq hüquq, ədalət pozulur, orada əlbəttə,
toqquşmalar da, müharibələr də, gərginlik də
olacaq. Əgər dünyada beynəlxalq hüquq və ədalət
pozulmasa, müharibə də olmayacaq.
Ölkələrimizin uğurlu, inamlı inkişafı həm də ona görə daha da əhəmiyyətlidir ki, ətrafımızda bizi və dünyanı çox narahat edən proseslər gedir. Bölgə alovlanıb yanır, həm Yaxın Şərqdə, həm Avropa qitəsində toqquşmalar gedir, qanlı müharibələr aparılır. Ona görə, belə geosiyasi vəziyyətdə inamla, uğurla inkişaf etmək üçün, ilk növbədə, xalqla iqtidar arasında birlik, güclü siyasi iradə olmalıdır və əlbəttə ki, biz özümüzü iqtisadi cəhətdən təmin etməliyik.
Bizim xarici tərəfdaşlarla
əməkdaşlığımız da çox müsbətdir.
İran və Azərbaycan neft və qazla zəngin olan ölkələrdir.
Burada da bizim maraqlarımız üst-üstə
düşür. Biz dünən hörmətli
cənab Prezident ilə bu məsələləri də
müzakirə etdik ki, bu sahədə də əlaqələndirmə
işlərimizi daha da yüksək səviyyəyə
qaldıraq. Çünki neft və qaz hasil edən ölkələr
kimi, əlbəttə, bizim maraqlarımız da
üst-üstə düşür. Biz istəyirik ki, öz məhsullarımızı
bazarlara ixrac edək. Əlbəttə istəyirik ki, qiymət
də münasib, ədalətli olsun. Burada da ikitərəfli,
bəlkə də gələcəkdə çoxtərəfli
əməkdaşlıq üçün yaxşı imkanlar
var.
Bir sözlə, demək istəyirəm
ki, Prezident Ruhaninin
Azərbaycana səfərini
biz çox yüksək qiymətləndiririk. Biz cənab
Prezidenti Azərbaycanda səbirsizliklə gözləyirdik.
Şadam ki, dünən keçirilən
danışıqlar çox uğurlu olmuşdur.
Əminəm ki, gələcək illərdə də
İran, Azərbaycan dost və qardaş ölkələr kimi
bütün sahələrdə bir yerdə olacaqlar. Əlbəttə, biznes dairələrinin fəaliyyəti
bizim səylərimizə əlavə dəstək
olacaqdır.
Hörmətli cənab
Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz.
İran Prezidenti Həsən
Ruhaninin nitqi
- Cənab Prezident.
Hörmətli iştirakçılar.
Bu bölgənin iki əziz ölkəsinin - Azərbaycanın və İranın biznesmenləri, sahibkarları, sizi salamlayıram. Mənə və nümayəndə heyətimə xoşdur ki, bu fürsət bizim üçün yaranıb və biz gözəl Azərbaycanı və gözəl Bakı şəhərini ziyarət edirik.
Biz Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və
Azərbaycanın yüksək rütbəli şəxsləri
ilə danışıqlar aparmışıq. Bu
forum o mənanı daşıyır ki, iki ölkənin məsul
şəxsləri ölkənin inkişaf yollarını və
ölkələrimiz arasındakı əlaqələrin
genişlənməsi ilə bağlı fikir mübadiləsi
aparır, özəl sektorun nümayəndələri və
sahibkarlar bu istiqamətdə fəaliyyət göstərirlər.
Bu forum ona görə təşkil olunub ki, sərmayəçilər,
sahibkarlar və biznesmenlər iki ölkənin
imkanlarını və potensiallarını dəqiq
araşdıra bilsinlər. Əlbəttə, sərmayədarlarımızın
hansı sahədə daha fəal iştirak etmələri bəzi
xüsusiyyətlərlə bağlıdır ki, onlar sərmayə qoyduğu sahələri
yaxşı tanısınlar və bilsinlər ki, bu sərmayə
sabit, dayanıqlı, faydalı olmaqla bərabər, sərmayədarın
şəxsi həyatına, onun biznes işlərinə və
iki ölkənin mənafeyinin təmin edilməsinə öz
təsirini göstərmiş olsun. Elə bir ölkə
yoxdur ki, onun üçün nisbi üstünlük
olmasın. Elə bir ölkə də yoxdur ki, bütün
nisbi xüsusiyyətlər məhz ona məxsus olsun. Hər
ölkənin özünəməxsus üstünlükləri
vardır və gərək hər iki ölkənin sərmayədarları
bu üstünlükləri nəzərə alaraq kapital
qoyuluşunu təşviq etsinlər.
Siyasət dünyasında
bəzən cəmin hasili sabit nəticəyə səbəb
olur. Müasir dünyada hazırkı İran
dövlətinin mövcudluğu baxımından biz gərək
qalib gəlmək düşüncəsinə və müsbət
nəticənin əldə edilməsinə nail olaq.
İqtisadiyyat sahəsində və sərmayə qoyuluşu məsələsində
də mütləq belə olmalıdır. Hər bir
ölkənin və ölkələrimizin sərmayədarları
gərək elə hərəkət etsinlər ki, ölkələrimizin
mənafeyi yaxşı sığortalansın.
Bizim nöqteyi-nəzərdən
qalib gəlmək və məğlub olmaq heç vaxt davam edə
bilməz. Əlbəttə, qısa müddət ərzində
mövcud ola bilər, amma sonda uğursuzluğa düçar
olacaqdır. Həmişə bütün planlaşdırma
işləri qalib gəlmək prinsipinə əsaslanmalı,
o cümlədən uzunmüddətli, dayanıqlı və
qarşılıqlı mənafelərin təmin edilməsi
diqqət mərkəzində olmalıdır. Son zamanlar
sanksiyalarla və təzyiqlərlə üzləşdiyimiz
dövrdə çoxsaylı dərslər öyrənə
bildik. Bizim ilk dərsimiz o oldu ki, əgər bir
millət iradə göstərə bilsə, sanksiyaların təsirini
o qədər azalda, hətta sıfır dərəcəsinə
yaxınlaşdıra, sanksiyalar şəraitində
özünün iqtisadi proqramlarını həyata keçirə
bilər. Bir il üç ay öncə fəaliyyətə
başlayan bu hökumət qısa müddət ərzində
alıcılıq qabiliyyətinin güclənməsi istiqamətində
işləmiş, istehsalın artırılması
üçün çalışmış, sərmayə
qoyuluşunda təşviqə dəstək vermiş və
iş şəraitinin yaxşılaşdırılması
istiqamətində fəaliyyət göstərmişdir.
Uzunmüddətli gələcək üçün
dayanıqlı və hərtərəfli iqtisadiyyatın
inkişafına maraq göstərmişdir. Biz 15 ay ərzində
inflyasiyanın qarşısını ala bilmiş, bir il ərzində
inflyasiyanın səviyyəsini 22 faiz aşağı
salmış və inflyasiyanı 40 faizdən 19 faizə
endirmişik. Mənfi inkişafı müsbət inkişafla əvəzləmişik.
Bu il indiki hökumətin ikinci fəaliyyət ilidir və biz iqtisadi inkişafa nail olacağıq. Buna görə də bir millətin iradəsi dünənki və bugünkü köhnənin üsullarından üstündür. Bir millətin vəhdəti və birliyi hətta güclü dövlətlərin qarşısında duruş gətirə bilər, müqavimət göstərər və qələbə qazanar. Amma bununla yanaşı, sanksiyalar dövründə biz başqa bir dərs də aldıq. Bu, ondan ibarətdir ki, Qərb, Avropa ölkələri, uzaq ölkələr ən ağır, böhranlı, təhlükəli gündə ölkəni və insanı kiçik bəhanələrlə tək-tənha qoyur və ona yardımçı olmur. Adi günlərdə açıq üzlə münasibət göstərir, kapital qoyuluşuna marağını ifadə edir, amma bir çətinlik yarananda yolun ortasında insanı tək qoyur. Həm xalqının mənafeyini, həm də öz mənafeyini zərbə altına qoyur. Amma qonşular belə deyillər. Ən ağır günlərdə mövcud olan əlaqələr, problemin həlli üçün imkan yarandıqda qonşular arasında səmimi və mehriban əlaqələrdən qaynaqlanır. Biz sanksiyalar dövründə onun şahidi olduq ki, qonşular bizi tək qoymadılar. Biz sanksiyalar dövründə bu dərsi öyrəndik ki, prioritet qonşularla münasibətdədir. Ticarətdə prioritet qonşularladır. Kapital qoyuluşu qonşularladır. Qarşılıqlı iqtisadi əlaqələr qonşularladır və bu gün biz bu məsələdə dünənkindən daha çox qərarlıyıq.
Biz bu yolda addımlar
atırıq ki, qonşularımızla münasibətlərimiz
genişlənsin və möhkəmlənsin. Xüsusilə
vahid mədəniyyətimiz, dinimiz, məzhəbimiz, adət-ənənələrimiz,
müştərək tariximiz olan ölkə ilə. Bu məsələdə
tarix və ticarət bir-birini tamamlamalıdır. Müştərək
tarix olan yerdə müştərək ticarət əlaqələri
də yaranır. Bu məsələdə qonşuluq və
coğrafi mövqe bizim köməyimizə
çatmalıdır. Biz gərək ticarətin
inkişafı və sərmayə qoyuluşu
üçün ən qısa yoldan yararlana bilək. Biz həm
Xəzərdə həmsərhədik, eyni zamanda, quru sərhədlərimiz
vardır, həm də qarşılıqlı əlaqələrimizdə
bir-birimizə yardımçı olmuş və
olacağıq. Biz qonşu dövlət kimi beynəlxalq
arenada Azərbaycana dəstək olacağıq və
inanırıq ki, Azərbaycan dünya birliyində qonşu,
dost, qardaş kimi İranın yanında olacaq.
Biz Azərbaycanı və
İranı kökü bir olan ağacın qolları hesab
edirik. Biz əsrlər boyu bir yerdə olmuşuq, bir yerdə
yaşamışıq, bir-birimizin süfrəsinin
başında əyləşmişik. Arazın bu tərəfi
də, o tərəfi də qohum-qaralıdır. Ailəliklə
bir-birilərinə bağlıdırlar. Keçmişi olan
dostluqları vardır. Bu keçmiş böyük sərvətə
malikdir və biz bu gün onunla üz-üzəyik.
Bizim qarşılıqlı mənafelərimiz var. Biz qarşılıqlı mənafeyimizi həm bölgədə, həm də dünyada təmin etməkdə qərarlıyıq. Bizim ölkələrimiz terrorizmin, radikalizmin, ixtilaf və təfriqələrin, dağıdıcı müharibələrin bölgəmiz üçün necə böyük bəla olduğunu yaxşı bilir. Nə üçün uzun illər ixtilafda olmuş, müharibə etmiş, qan tökmüş bəzi ölkələr Avropa İttifaqı adlanan qurumda toplaşır, hətta müştərək qanunlar qəbul edir, vahid pul və qarşılıqlı ticari proqramlar, sərhədlərin açılması istiqamətində fəaliyyət göstərir, amma Azərbaycan və İran, biz müsəlmanlar, qonşular, dostlar, qədim və müştərək mədəniyyətə malik olanlar günbəgün bir-birimizə yaxınlaşmayaq?
Azərbaycan
haqqında mənim hisslərim ondan ibarətdir ki, bu dövlət
əlaqələrin genişlənməsində qərarlıdır.
İran İslam Respublikasının da əlaqələrin, o
cümlədən iqtisadi, mədəni, siyasi əlaqələrin
genişlənməsi, regional və beynəlxalq təhlükəsizlik
məsələlərində əməkdaşlıq
üçün ciddi iradəsi vardır. Biz də Azərbaycan
ilə əlaqələrin genişlənməsində
maraqlıyıq. Biz Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələrdənik. Biz ölkənizin
müstəqilliyinin ilk günlərində var
gücümüzlə sizin köməyinizə yetişdik və
sizin yanınızda idik. Siz o xalqsınız ki, Arazın o
tayında sizin istiqlalınızı sevinclə
qarşılayanların şahidisiniz. Onun da şahidisiniz ki,
Arazın o tayındakılar bu istiqlalı gülər üzlə
qarşılayırdılar. Biz o ölkəyik ki, ağır
günlərdə, müharibədə, mübariz Azərbaycan
xalqının apardığı savaşda onun köməyinə
çatdıq. Allah göstərməsin ki, Azərbaycan
çətinliklərlə üzləşsin, əgər
Allah eləməmiş, çətin bir gün yetişərsə,
Azərbaycan xalqı arxayın olmalıdır ki, İran Azərbaycanın
yanında olacaq.
Bu gün bizim
üçün sevincli gündür. Bu
günün şahidiyik ki, iki ölkənin ali rütbəli
rəsmiləri, özəl sektorun nümayəndələri,
sərmayədarlar, sahibkarlar bir tavanın altında - Azərbaycanın
müstəqilliyinin banisi, mərhum Heydər Əliyevin
adını daşıyan əzəmətli binada
yığışıblar. Heydər Əliyev Azərbaycan-İran
dostluğunun əsasını qoyub ki, bu gün onun
imzasını bu möhtəşəm binada
görürük.
Biz əməkdaşlığın genişlənməsi və əlaqələrimizin dərinləşməsi üçün böyük imkanlara malikik. Mən dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bildirdim ki, sərhədlərimiz, yollarımız, tranzitimiz, gediş-gəlişimiz, vizaların verilməsi, bank sektoru gərək bizim köməyimizə yetişsin. Gərək bank sektoru pul mübadiləsini asanlaşdırsın, ölkələrimizin Xarici İşlər nazirlikləri vizaların verilməsi, biznesmenlərin və vətəndaşların səfərləri üçün qaydaların sadələşdirilməsi istiqamətində fəaliyyət göstərsin. Eyni zamanda, gömrük rüsumlarının, həmçinin yük maşınlarına aid olan rüsumların azaldılması və hətta getdikcə bu rüsumların sıfıra endirilməsi, səfərlərin asanlaşdırılması kimi işlərin nəticəsində həm malların göndərilməsi, həm də sərmayələrin işlədilməsi ilə bağlı əlverişli şərait yaradılsın.
Biz enerji mənbələrinə malik olan ölkələrik. Bu gün Azərbaycan neft və qaz ixrac edən ölkə kimi tanınır. Biz də onilliklərdir ki, böyük neft və qaz ixracatçısı kimi tanınırıq. Biz gərək bir-birimizin təcrübəsindən bəhrələnək. Bizim neft və qaz sənayesi sahəsində böyük təcrübəmiz vardır və bu təcrübəni sizinlə bölüşə bilərik. Bizim qarşılıqlı kapital qoyuluşu sahəsində təcrübəmiz vardır. Biz gərək enerji sahəsində qarşılıqlı investisiya qoyuluşunda iştirak edək. Biz gərək icazə verməyək ki, zəngin neft mənbələri Xəzərin dibində qalsın. Biz gərək neft mənbələrini hərəkətə gətirək və birlikdə onun hasilatına, istehlakına, satışına nail olaq, əldə olunan mənfəəti xalqlarımıza ərməğan edək. Əgər bizim aramızda kiçik problemlər yaranarsa, onu birlikdə həll edək.
Bizim bəndlərin
tikintisində, elektrik stansiyalarının inşasında,
infrastrukturun yaradılmasında, yolların və dəmir
yollarının çəkilməsində böyük təcrübəmiz
vardır və bu sahələrdə əməkdaşlıq
edə bilərik. Siz bizim ölkəmizdə, biz də sizin
ölkənizdə qarşılıqlı fəaliyyətlər
göstərə bilərik. Biz qarşılıqlı sərmayə
qoyuluşu ilə sərhədlərin
yaxınlığında kiçik şəhərlər
yarada bilərik. Biz sərhəd boyu azad iqtisadi zonalar təşkil
edə bilərik. Sərhədyanı bölgələr
arasında əlaqələri genişləndirə bilərik.
İnsan potensialı nöqteyi-nəzərindən bizim
savadlı kadrlarımız vardır. Biz bir-birimizin insan
resurslarından istifadə edə bilərik. Arzulayardıq ki,
təhsil görmüş iranlı Azərbaycanda
çalışsın, ölkələrimiz inkişaf etsin və
mütəxəssislərimiz ölkələrimizin rifah
halının yaxşılaşmasına töhfə versinlər.
Biz gərək Azərbaycan ilə İran arasındakı
yolun gedişli-gəlişli olmasına çalışaq, həm
malların daşınması, həm də insanların səfərləri
üçün.
Biz müxtəlif sahələrdə əməkdaşlıq üçün hazırıq. İran əlaqələrin genişlənməsində qərarlıdır və qonşularla, xüsusilə də Azərbaycan ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Əlavə etmək istəyirəm ki, Azərbaycan Avropa ilə əlaqələrin yaradılmasında körpü rolunu oynayır. Biz istərdik ki, Azərbaycan İranı Qara dənizlə, Poti və Batumi limanları ilə birləşdirsin. İran da öz növbəsində Azərbaycanı Bəndər-Abbas, Abadan və Xorrəmşəhrlə birləşdirsin. Biz iki qitə arasında birləşdirici böyük körpü ola bilərik. Biz regional məsələlərin həlli üçün üçtərəfli, dördtərəfli, beştərəfli formatlar təşkil edə bilərik. Azərbaycan-İran-Rusiya, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Türkmənistan, İran-Azərbaycan-Qazaxıstan formatlarında geniş əməkdaşlıq əlaqələri yarada bilərik.
Bir neçə həftədən
sonra İncəburunda İran-Türkmənistan-Qazaxıstan dəmir
yolu xəttinin birləşdirilməsinin şahidi
olacağıq və bu mərasimdə hər üç
ölkənin prezidentləri iştirak edəcəklər.
Ehtimal olunur ki, başqa ölkələrin nümayəndələri
də bu tədbirdə iştirak etsinlər. Biz o günün
arzusundayıq ki, Astarada Azərbaycan-İran dəmir yolunun
açılışında iştirak edək.
Biz gözəl Xəzər dənizinin sahilindəyik. Dədə-babalarımızdan, əcdadlarımızdan bizə miras qalan Xəzərin sularını pak və şəffaf saxlamaq, ekoloji tələbləri nəzərə alaraq gələcək nəsillərə ötürmək bizim öhdəmizə düşən vəzifədir. Azərbaycan və İran xalqları bu dənizin sahilində uzun illərdir birlikdə yaşamışlar və bu gün daha yaxşı həyata sahib olmalıdırlar. Biz Xəzər dənizindən faydalanmaq üçün bütün mövcud imkanlardan, dəniz turizmindən tutmuş bioloji mühit, enerji, gəmiçilik və digər sahələrdən maksimum istifadə etməliyik. Biz inkişaf etmiş elmlər, nanotexnologiyalar və biotexnologiya, əczaçılıq sahələrində nailiyyətlər qazanmışıq. Biz bu sahələrdə əməkdaşlıq edə bilərik. Biz dərman preparatlarının hazırlanması məqsədilə birgə mərkəz yarada bilərik. Siz bilirsiniz ki, İranın dərman preparatları Avropanın ən inkişaf etmiş ölkələrinin standartlarına cavab verir. Biz bütün sahələrdə Azərbaycan xalqının yanında dayana bilərik. Mən çox şadam ki, noyabr ayında burada İranın ixtisaslaşdırılmış sərgisi keçiriləcəkdir və bugünkü toplantıdan da çox məmnunam. Gərək istedadları, potensialları və imkanları birgə bölüşək. İnanıram ki, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev və İran dövləti və şəxsən İran Prezidenti sizin fəaliyyətlərinizi, ticari əlaqələrinizi, qarşılıqlı sərmayə qoyuluşunuzu dəstəkləyəcək. Hər hansı bir maneə yarandığı təqdirdə onu aradan qaldıracağıq və iki millətin mənafeləri naminə iş adamları və sahibkarlar üçün bütün şəraiti yaradacağıq. Çox sağ olun.
X X X
Sonra biznes forum Azərbaycan
və İran iş adamları arasında ikitərəfli
görüşlərlə davam edib.
Tədbirdə Azərbaycan və
İran tərəfindən sənaye, kənd təsərrüfatı,
tikinti, nəqliyyat, ticarət, səhiyyə, maliyyə və
digər sahələrdə fəaliyyət göstərən
300-dən çox iş adamı iştirak edib.
Forumda Azərbaycanın
biznes və investisiya imkanlarına, Sumqayıt Kimya Sənaye
Parkı və burada rezidentlər üçün nəzərdə
tutulan güzəştlərə, İranın biznes
mühiti və hər iki ölkənin iş adamları
arasında müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi imkanlarına dair məlumat
verilib.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 1-2.