Hünər və qeyrət simvolu - şəhidlik zirvəsi

 

Şəhid Elgün İsmayılovun xatirəsinə həsr

 edilən yaradıcılıq müsabiqəsinə yekun vuruldu

 

Vətənpərvərliyin ən ali məqamı - şəhidlik!

Bu ucalığa yüksələnlərin  ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi - ölümün gözünə dik baxdılar! Belə şərəfli ömür sahiblərindən biri də 40-cı ad günü onsuz keçirilən, şəhidliyinin 20 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılovdur.

Ömrünün bahar fəslində (onda həm də təbiətin  çiçək ətirli yaz ayları idi) Murovdağın zirvəsində şəhidlik məqamına yüksələn Elgün  İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.

Qarabağda, eləcə də Vətənimizin digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizə müharibə mərhələsinə keçəndə igid oğullarımız hünər və qeyrətlərini silaha çevirib döyüşlərə yollandılar. Onların arasında əməlinin və hünərinin ucalığında dayanan Elgün adlı bir gənc də var idi. 1974-cü ildə Bakı şəhərində anadan olan, çalışdığı “Azərbaycan” qəzetində qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı. O, həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırıldı.  1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murov dağına dəyişdirildi. Döyüşçü dostları Elgünü igidqorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdir. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülmüşdür. Həmin il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da  var idi. Cəsur əsgər burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

İş yoldaşları Elgünün xatirəsini həmişə əziz tuturlar.

Hər il doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu ilElgün ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edildi. Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzüldüruhuna dualar oxundu. Sonra anım mərasimi redaksiyada davam etdirildi.

Anım tədbirini “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirdi ki, Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. Tarixi ərazilərimiz, dədə-baba yurdumuz olan Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər heç zaman unudulmurlar. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu gün isə onu tanıyanların hər biri üçün qürur doğuran tarixdir.

Şəhid Elgünün çox qısa, lakin mənalı həyat və döyüş yolundan, Azərbaycan dövlətinin müstəqillik tarixinin şərəfli və kəşməkəşli olduğundan söz açan baş redaktor onu da xüsusi vurğuladı ki, 2003-cü ildən başlayaraq hər il redaksiyada şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilmiş yaradıcılıq müsabiqəsi keçirilir. Artıq bu ənənə davam etdirilir və yaradıcılıq müsabiqəsi bir neçə aspektdən dəyərləndirilir. Eyni zamanda müsabiqə həm də qəzet əməkdaşlarını vətənpərvərliyə, torpağa məhəbbət mövzusunda yazmağa ruhlandırır. “Azərbaycan” qəzetinin səhifələrində belə yazıların mütəmadi işıq üzü görməsini kollektiv vacib sayır. Bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyəti həm də ondadır ki, yaradıcılığa geniş meydan verilir. “Azərbaycan” qəzetində çalışan peşəkarların bu mövzuda publisist baxışları maraqlı olduğu qədər də vacibdir.

Sonra Bəxtiyar Sadıqov müsabiqənin qaliblərini elan etdi.  Builki müsabiqənin yekunlarına görə redaksiyanın 3 əməkdaşı - Rəşad  Baxşəliyev, Elgün Mənsimov və Seyran Cavadov Fəxri diplompul mükafatları ilə təltif olundular.

Şəhid Elgün İsmayılovun atası, əməkdar jurnalist Dağbəyi İsmayılov Vətən uğrunda canlarından keçən hər bir şəhidin şərəfli ömürlərinin örnək olmasını təbliğ edən qəzetin baş redaktoruna və kollektivinə  ailəsi adından təşəkkürünü bildirdi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 16 noyabr.- S.5.